"Mələklərin zamanı"-başladı
23 Dekabr 2013 12:37 MədəniyyətBakıdakı "Kukla" art qalereyasında "Mələklərin zamanı" adlı yeni il kolleksiyasının təqdimatı keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, qalereyanın rəhbəri Lalə Kazımova, rəssamlar, sənət adamları iştirak ediblər.
Qalereyanın direktoru Liana Vəzirova qonaqlara sərgi haqqında məlumat verib. Bildirib ki, qalereya yeni il ərəfəsində sənətsevərlərlə görüşə yeni ekspozisiya ilə gəlib: "Yeni ekspozisiyanın adı da təsadüfən seçilməyib. Çünki il dəyişir, arzular da istəklər də yenilənir. Hər birimiz yeni ili yeni ümidlərlə qarşılayırıq. İnanırıq ki, yeni il özü ilə yeniliklər və sehrli nələrsə gətirəcək. Elə buna görə də ekspozisiyanı "Mələklərin zamanı" adlandırdıq . Çünki mələklər insanlara xoş günlər, xoşbəxtlik gətirir".
"Kukla" art qalereyasının "Mələklərin zamanı" adlı yeni il ekspozisiyası yanvarın 13-dək davam edəcək.
Qeyd edək ki, 2013-cü ilin aprelində Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan "Kukla" art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. ("OLAYLAR"İA)