Nazpəri Dostəliyeva tələbələrinə kəskin qadağalar qoyub
Onlar bayağı mahnıları, qeyri-peşəkarların mahnılarını ifa edə bilməz!
20 Dekabr 2013 13:44 MədəniyyətXalq artisti, ADİMU-nin pedaqoqu Nazpəri Dostəliyeva tələbələrinə kəskin qadağalar qoyub. "OLAYLAR"a açıqlamasında sevilən sənətkarımız bunları söylədi: "ADİMU-də təhsil alan tələbələrim yalnız və yalnız Azərbaycan bəstəkarlıq məktəbi tarixində öz sözlərini mahnıları ilə deyən professional bəstəkarların mahnılarını oxuya bilər. Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Cahangir Cahangirov, Qara Qarayev, Fikrət Əmirov, Elza İbrahimova, Ramiz Mirişli və s. kimi bəstəkarların bəstələri mənim tələbələrimin repertuarını bəzəyə bilər. Mövsümi mahnılar, bayağı nəğmələr, qeyri-peşəkarların bəstələri tələbələrimin musiqi zövqünü korlamasın deyə kəskin qadağalar qoymuşam. Retro, unudulan, unudulmaqda olan mahnılar, illərdən üzü bəri gələn xalq mahnılarımız tələbələrimin gələcəkdə bir müğənni kimi formalaşmalarında öz köməkliyini göstərəcək. Tələbələrim dərk etməlidirlər ki, onlar Nazpəri Dostəliyevadan dərs alırlar. İstər həyatda, istərsə də sənətdə mənim kimi olmağa çalışmalıdırlar. Hər bir tələbəm mənə övladlarım qədər əzizdir". Dekabr ayının 23-də sənətkar doğum gününü əzizləri, qudaları, doğmaları, həmkarları və sənətinin heyranları olan şəxsiyyətlərlə birgə Bakıda qeyd edəcək. "Yeni ili isə mən ailəmlə birgə Novxanıdakı bağımda qeyd edəcəm. Artıq Yeni ilə hazırlıq işləri başlayıb. Bu il Yeni ili xaricdə qeyd etmək istəmədim. İstədim ki, ailəmlə birgə Yeni ili səhərə qədər xoş əhval-ruhiyyə ilə qarşılayım". Görkəmli sənətkarımız Fatma Mehrəliyeva haqqında "Dərdlilər dərdimi bilsə..." kitabın (A.Nəbioğlu ilə birgə) müəllifi Nazpəri Dostəliyeva tezliklə atası mərhum sənətkarımız, ustad aşıq Əhmədəli Dostəliyev haqqında "Atan, hardasan?" kitabının ikinci hissəsini yazmağa başlayacaq və növbəti ildə ad gününü yalnız həmin kitabın təqdimatı ilə qeyd edəcək. Biz də Nazpəri xanımı "OLAYLAR" olaraq ad günü münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq.
Alim Nəbioğlu