İbad Hüseynov haqda film çəkilib

"28cinema"da Qarabağ müharibəsinin qəhrəmanı, cəsur kəşfiyyatçı, "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynovun şücaətlərindən bəhs edən sənədli film təqdim olunub. "Qəhrəman" adlanan sənədli filmin çəkilişlərinin bir hissəsi Qarabağda aparılıb. Təqdimat mərasimini giriş sözü ilə açan layihənin rəhbəri Hüseyn Cavadzadə yaradıcı qrupun çəkiliş prosesindəki maraqlı hadisələrdən və İbad Hüseynov haqda Qarabağda yerli sakinlərdən eşitdiyi həqiqətlərdən danışıb. Daha sonra gecədə müğənni İlqar Muradov, gitara ifaçısı Rəmiş çıxış ediblər. Sonda çıxış edərək yaradıcı qrupa minnətdarlığını bildirən İbad Hüseynov bildirib ki, filmdə olanların yalnız film kimi qalmaması və gənclərin hər an vətən torpaqlarını qaytarmaq üçün mübarizəsini görmək arzusundadır. Gecənin sonunda qəhrəmana həsr olunmuş sözləri Gülşən Behbud, musiqisi İmruzə Hüseynovaya aid "Fəxr elə" mahnısına çəkilən klip də nümayiş olunub. Onu da qeyd edək ki filmin tərcümə olunaraq xarici ölkələrdə də nümayiş etdirilməsi planlaşdırılır. İbad Hüseynov Qarabağ müharibəsi zamanı ermənilərin milli qəhrəmanı, beynəlxalq terrorçu Monte Melkoyanı məhv edən igid döyüşçü kimi bütün türk dünyasında məşhurdur. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31