Dədə Qorqudla bağlı iki yeni kitab işıq üzü gördü

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının "Dədə Qorqudun qəbrinin izi ilə" kitabının, Dərbənddən olan ziyalı Hüseynbala Hüseynovun "Kitabi Dədə Qorqud və Dərbənd" əsərinin Azərbaycan dilində nəşr olunan variantının təqdimatı olub. Qeyd edək ki bu kitab professor Vaqif Arzumanlı tərəfindən tərcümə olunaraq Azərbaycan dilində nəşr edilib. AYB sədri, görkəmli yazıçı Anar, AYB katibi Arif Əmrahoğlu, professor Şirindil Alışanlı, BDU-nun professoru Nəsir Əhmədli və digər görkəmli şəxslər Dədə Qorqud haqda yazılan iki kitabın təqdimat mərasimində iştirak edərək fikirlərini bölüşüblər. A.Əmrahoğlu hər iki kitabın Azərbaycan tarixi üçün əvəzolunmaz bir xidmətə malik olduğunu qeyd edərək təəssüratlarını bölüşüb. Qeyd edək ki, "Dədə Qorqudun Qəbrinin izi ilə" kitabında Dədə Qorqudun tarixi şəxsiyyət olduğu, onun Azərbaycanın tarixi ərazisində - Dəmirqapı Dərbənddə dəfn edildiyi yazılır. Əsərin müəllifi vətəndaş təəssübü ilə məzarın gələcəyi ilə bağlı narahatlığını ifadə edir. Professor olduqca həssas bir məqama işarə edərək yazır: "Bizindi ulu Dədə Qorqudun qəbrinin qayğısına qalmasaq, bərpasına nail olmasaq, sonra çox gec ola bilər. Təbiətin az-çox qoruyub-saxladığı məzar yerinin izini-tozunu məhv etmək istəyən bədxahlarımız məqam gözləyirlər. Fürsət ələ düşən kimi onlar bu çirkin əməllərini də utanmadan, çəkinmədən reallaşdıra bilərlər"... Vaqif Arzumanlı məsələnin ciddiliyini və artıq ümummilli əhəmiyyət kəsb etdiyini nəzərə alaraq mətn içərisindəki çağırışını kitabın arxa üz qabığına da çıxararaq ziyalılarımızı, əlaqədar təşkilatları ləngiməməyə səsləyir: "Gəlin məqamı, fürsəti, imkanı əldən verməyək. Dədə Qorqudun ruhu bizim yolumuzu gözləyir!" Vaqif Arzumanlı kitabında Dədə Qorqudun qəbri ilə maraqlananları, bu barədə tədqiqat aparanları dörd qismə ayırır. Müəllif "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçılarından olan görkəmli alim Əmin Abidin axtarışlarını yüksək qiymətləndirsə də, Dədə Qorqudun Dərbəndlə bağlılığından bəhs etmədiyi üçün təəssüfünü bildirib. Qeyd edək ki, "Dədə Qorqudun qəbrinin izi ilə" kitabı Azərbaycanla yanaşı İranda da işıq üzü görüb.

Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31