Nazir: "Azərbaycan daim sülhsevər, dialoqun tərəfdarı olan müasir ölkədir"

Azərbaycan daim sülhsevər, dialoqun tərəfdarı olan müasir ölkədir və "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi" gələcəkdə ölkə mədəniyyətinin dünyada bu istiqamətdə tanıdılması və təbliğinə dəstək verəcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Biznes Mərkəzində keçirilən "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin 5 illik (2008-2013) yubiley mərasimində bildirib.
Nazir qeyd edib ki, belə əhəmiyyətli prosesin təsis edilməsi və inkişafında Prezident İlham Əliyevin xüsusi rolu və əməyi var: "Bu gün qeyd etdiyimiz hadisə hansısa ayrıca qurumun deyil, ilk növbədə, Azərbaycan xalqının kökündən, onun ənənəsindən gələn və müasir dövrdə tamamilə yeni müstəviyə, anlayışa, həcmə və gücə malik siyasətin hadisəsidir. Bu siyasətin həm təsisçisi, həm təşəbbüskarı müasir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir".
Ə.Qarayevin fikrincə, "Bakı prosesi" göstərdi ki, bu, bir günlük, bir saatlıq tədbir deyil, insanların mədəniyyətlərinin mübadiləsinə bir baxışdır. Başlanılmış bu prosesin böyük əhəmiyyət daşıdığını deyən nazirin sözlərinə görə, mədəniyyətləarası dialoq və tolerantlıq mədəniyyəti, fobiyalardan uzaqlaşmaq prosesləri Azərbaycanın həyatında daha çox yer tutmağa başlayıb.
Nazir bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa, multikulturalizmin inkişafına bundan sonra da töhfə verməkdə davam edəcək. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31