Tariximizə dil uzadan “Möhtəşəm yüzil”, yoxsa saxtakarlıqmı?

Bir necə ildir ki, Türkiyədə istehsal olunan "Möhtəşəm Yüzyıl" serialı zaman-zaman müxtəlif "tarixi məqamları" gündəmə gətirir və Türk tarixinə zərbə vurmaqla məşğul olur. Azərbaycan ərazisində qurulan Türk dövlətləri, xüsusilə, Sultan Səlimlə müharibə etdiyi üçün Şah İsmayıl Xətainin yaratdığı bütöv Aərbaycan dövlətini fars dövləti kimi qələmə verirlər. Bu serialı ərsəyə gətirənlərin 500 il bundan əvvəl baş verənləri, Türkün tarixini bilmədiyini düşünmək yanlış olar. Azərbaycan tamaşaçılarının əksəriyyəti düşünür ki, damarlarında Türk qanı axan insanlar öz qardaşının tarixinə bu cür yanaşmaz. Bir məqamı da vurğulamaq lazımdır ki, digər türk kanalları ilə müqayisədə Azərbaycanda o qədər də izlənməyən TRT kanalının hələ ötən il yayımladığı "Bir zamanlar Osmanlı" serialında da tariximizlə bağlı istənilən qədər yanlış məlumatlar verilirdi. Tariximiz təhrif olunmuş şəkildə ekranlarımıza gəlir, bizə məcburi şəkildə yeridilir. Ermənilər tariximizi saxtalaşdırır deyə, biz də ona qarşı mübarizə aparmağa çalışırıq. Bu saxtakarlıq yenə erməni saytlarında yayılır, amma Türkiyənin istehsalı etdiyi seriallar evimizə qonaq olur.
Kimisə tarixini yaxşı bilməyə və yaxud onu sevməyə məcbur etmək mümkün deyil. Bu sadəcə sevgi nəticəsində yaranmalıdır. Kim aşımalıdır bu sevgini? Ailə, məktəb və insanın formalaşdığı mühit. Təəssüf ki, bu gün bəzən tarixinə o qədər biganə yanaşan insanlarla qarşılaşırsan ki, deməyə söz qalmır.
Bir hadisə yadıma düşür serialın bu sayından sonra yaranan söz-söhbəti görüncə. İngilisin dilini öyrənmək üçün bir araya gələn ölkənin aparıcı KİV-lərinin əməkdaşları ilə baş verən mübahisəni xatırladım. Jurnalistlərdən biri Səvəfi dövlətinin tayfa dövləti olduğunu, onun Azərbaycana dəxli olmadığını bildirdi. Bir başqası bu dövlətin İran dövləti olmasından danışdı. Başqa biri isə ilk dəfə tarixi Azərbaycan dövlətini birləşdirməklə bütöv Azərbaycan dövlətini yaradan bu dövləti şiəliyi yaymaqda günahlandırdı. Biri müsbət bir fikir səsləndirmədi. Yəni ingilisin dilini öyrənmək üçün cidd-cəhdlə tər tökənlər öz tariximizə bu qədər biganə münasibətindən sonra kənarda yaşayanlara nə deməli? İctimaiyyətin fikrini formalaşdırmaqda məsuliyyət daşıyan jurnalist belə düşündükdən sonra nə yazacaq, nəyi təbliğ edəcək və kimə həqiqəti sübut edə biləcək? Bir şeyi qeyd edim ki, Azərbaycanı ilk dəfə bir sərhəd daxilində birləşdirən dövlətin Səfəvilər olduğunu eşidən amerikalı müəllim isə ondan əvvəl Şirvanşahlar dövlətinin və s. adını çəkdi. Yəni bu vəziyyətin şahidi olduqdan sonra Türkiyəni çəkdiyi bu seriala görə qınamağa nə haqqımız var? Millət vəkili Gövhər Baxşəliyeva bu mövzuya münasibət bildirərkən vurğuladı ki, insanlarda, gənclərdə vətəni sevmək hissinin zədələnməməsi, vətəni sevmək naminə dahi şəxsiyyətlərimiz haqqında əgər nəsə mənfi məqamlar olsa belə, bunlar qabardılmamalıdır: "Azərbaycanın tarixi dövlət kimi formalaşmasında əməyi olan insanlar birmənalı olaraq qəhrəman kimi tanıdılmalıdır. Azərbaycan xalqının tarixində müstəsna rol oynamış, milli şüurunu formalaşdırmış, vahid bir Azərbaycan dövləti yaratmış, yaxud Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının, elminin formalaşmasında müstəsna xidmətləri olan insanlar var. Azərbaycan xalqının dövlətçiliyinin yaradılması və inkişafı baxımından, istərsə də Azərbaycan xalqının vahid bir etnos kimi formalaşması baxımından bu insanlar Azərbaycan tarixinə düşüblər. Mənim bu məsələdə münasibətim birmənalıdır. Bu şəxsiyyətlər bizim milli iftixar obyektimizdir. Onlara yanaşmada çox ehtiyatlı olmalı, fəaliyyətlərinin təhrif olunmasına yol verməməliyik. Şah İsmayıla münasibət bizim üçün birmənalı olmalıdır".
Millət vəkili ilə müsahibədən daha bir məqam. Biz Sultan Səlimi birmənalı olaraq qəhrəman kimi tanıdır və elə qəbul edirik. Amma hər halda Sultan Səlim Yavuz-"jestokiy" mənasını verən ləqəbini nahaq yerə qazanmamışdı. Amma bu məqamlar sadalanmır, sadəcə fatehliyi önə çəkilir.
Qeyd edim ki, adına tayfa dövləti verdiyimiz Səfəvi dövlətini quran Şah İsmayılın isə öz əsgərlərinə qarşı necə can yandırdığını yalnız bu şəxsiyyət haqqında öyrəndikdən sonra bilmək olar. Amma biz öyrənmirik. Millət vəkili Nizami Cəfərov hətta bir müddət Şah İsmayıl haqqında heç nə öyrənilməməsindən danışdı: "Bütöv Azərbaycan dövlətini Şah İsmayılın müəyyənləşdirdiyi tarixi Azərbaycan torpaqlarında quracağıq".
Qeyd edim ki, bu "Möhtəşəm yüzyıl" heyətinin birinci və çox güman ki, sonuncu səhvi deyil.

Serialın bölümlərindən biri də Təhmasib şahın təhqir olunması ilə yadda qalıb. Serialda Azərbaycan hökmdarı Təhmasib şah haqqında işlədilən mənfi fikirlər, ifadələr ortaq tariх formalaşdırmağa çalışanların işini də çətinləşdirdi. AMEA Tariх İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov o zaman hadisəyə belə yanaşmışdı: "Tariхçilərimiz, sənət adamlarımız, həm də Türkiyə tərəfi tariхi keçmişimizə həssaslıqla yanaşmalıdırlar. Çünki Səfəvilər, Ağqoyunlular arasındakı müharibələr, əslində qərbdən yeridilən siyasətin nəticəsi idi. Məqsəd imperiyaları zəif salmaq, bir-birinin əli ilə məhv edib bu torpaqlarda möhkəmlənmək idi. Ona görə də Türkiyə tərəfindən Şah İsmayıl, Şah Təhmasib, Şah Abbasın mənfur şəхsiyyətlər kimi təqdim olunması yolverilməzdir. Səfəvi tariхi də türkün ümumi tariхidir, osmanlı tariхi, Teymurilərin tariхi də hamısı Türkün ulu tariхidir. Türkiyədə, Azərbaycanda, Mərkəzi Asiyada bu tariхə həssaslıqla yanaşılmalıdır. Əmir Teymura qarşı dünya ədəbiyyatında bəzi hallarda yol verilmiş təhqirlərə cavab verməliyik. İldırım Bəyazidlə bağlı təhqirlərə cavab verməliyik. Tariхimizə Qərbdən olan tariхçilərin yedəyində getməli deyilik. Onlar hamısı türk dünyasının ümumi tariхidir. Bu tariхə sevgi və həssaslıqla yanaşmalıyıq. Təhmasib şahı pisləyib, Sultan Süleymanı tərifləmək Türkiyə tərəfi üçün yolverilməzdir. Hər ikisi Türkün ümumi tariхidir. Bunların hər ikisinə türkün görkəmli şəхsiyyətləri, dövlət başçıları kimi hörmətlə yanaşılmalıdır. Bizim tariхçilərimz də eynilə bu yolu getməlidir".
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31