Nigar Rəfibəyli anılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin kollektiv üzvü olan Azərbaycan Siyasi-İctimai Universitetində  xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunan ədəbi-musiqili tədbir keçirilib. Dünya Azərbaycanlıları Mədəniyət Mərkəzinin "Bura Vətəndir" məclisinin "Zirvədəki şəxsiyyətlər" layihəsi əsasında həyata keçirilmiş tədbirin açılışında Nigar Rəfibəylinin sözlərinə xalq artisti Emin Sabitoğlunun bəstələdiyi "Ala gözlüm" mahnısı səsləndirilib.  Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, İqtisad elmləri doktoru, Rasim Nəbiyev vətənə bağlılıq, mənəvi ucalıq və yurdun gözəlliklərinin tərənnümü yaradıcılığının əsas və aparıcı ideyası olan Nigar Rəfibəyli poeziyasından danışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, "Bura Vətəndir" məclisinin sədri Səriyyə İsmayılova qonaqları tədbir iştirakçılarına təqdim edib. N.Rəfibəylinin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edən Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor İfrat Əliyeva N. Rəfibəyli yaradıcılığını təhlil edib. Universitetin tələbələri Subiyə Quliyeva, Həzi Rəcəbli, Mehri İsmayılova, Vüsal Nəbiyev Nigar Rəfibəylinin şeirlərini oxuyub. Daha sonra Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, müasir poeziyamızın qadın şairləri Fəridə Ləman, Salatın Əhmədli, Nüşabə Məmmədli, Güləmayıl İsayeva, Qiymət Məhərrəmli, Aidə Şirinova, Xədicə İskəndərli, Xatirə Rəhimli və universitetin dekanı, filologiya üzrə fəlsəfə doktoru, professor Oqtay Abbasov Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Nigar Rəfibəylinin yaradıcılığından söz açıb.  "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31