Arif Səlimov savaşa başladı - QALMAQAL
Ona qarşı nankorluq edən müğənni Damlanı ağ yudu, qara sərdi
16 Dekabr 2013 12:58 MədəniyyətBəstəkar-müğənni Arif Səlimov əsəbləri ilə bacara bilməyib savaşa başladı. Savaşın ünvanı bəstəkarın bəstələdiyi "O mənəm" mahnısı ilə tanınan müğənni Damla oldu. Rastlaşdığı haqsızlığa bir müddət susan bəstəkar dözməyib birdən bomba kimi partladı və ürəyini "OLAYLAR"a boşaltdı. - Damla o xanımın təxəllüsüdür. Mən onu Məsumə Məmmədova kimi tanımışam. O, Məsumə kimi yox, məhz Damla kimi mənim mahnımla tanındı, uğur qazandı. Mahnı ilin ən çox dinlənilən mahnısı oldu. Mahnının sözləri Zahir Abbasa məxsusdur. Tanınmış rejissor Rəhman Əliyevin parlaq layihələrindən biri olan "O mənəm" mahnısının ifaçısı Damla tez çaşdı, vaxtından tez ulduz xəstəliyinə tutuldu və nankorluq etdi. R.Rəhimlinin, K.Kərimovanın verilişlərinə çıxdı, mahnımı oxudu, tamaşaçılar onu tanıdı, ancaq nə mənim, nə şairin, nə də layihə rəhbərinin adını çəkmədi. Bu iki verilişdən sonra Damla özünü yuxarıdan aparmağa başladı. Elə bildi ki, ulduzdur. Mənim mahnımdan əvvəl və sonra da müğənni digər bəstəkarların mahnılarını oxuyub. Lakin heç biri ona uğur gətirmədi. Nəticədə udan o yox, mən oldum. Gəncliyin mənəvi dayağı Rəhman Əliyev mənim ifamda "O mənəm" mahnısına klip çəkdi, təqdimat etdi və klip ATV kanalında yayımlandı. Damla isə klipə həsrət qaldı. Adımı heç bir yerdə çəkməyən, mahnımla Damla olan Məsumə Məmmədova mənə etdiyi nankorluq azmış kimi mənə zəng edərək bəstələdiyim "Bir dəli gəlir qapını bağla" mahnını oxumaq arzusunda olduğunu bildirib. Mən nəyə görə mənə qarşı nankorluq edən müəllif hüquqlarımı tapdalayaraq adımı belə çəkməyi özünə sığışdırmayan müğənniyə mahnı verməliyəm. Bəlkə o, mənə "O mənəm"ə görə pul verib? Damla unutma, sənin sənətdə mənim səviyyəmə qalxmağına hələ çox-çox illər var! Hətta şair Zahir Abbas mənə zəng edərək Damlaya növbəti mahnı verməyimi xahiş edir. Niyə? Nə üçün? Zahir bəy, bəlkə Damla sizə "O mənəm" mahnısının söz müəllifi kimi pul verib, xəbərim yoxdur. Damla səhvini indi başa düşüb ki, "O mənəm"dən sonra sillə vuran mahnısı yoxdur və olmayacaqdır. Xəbərdarlıq edirəm mahnılarımı oxuyan müğənnilər efirdə müəlliflik hüququmu tapdalayıb adımı çəkməsələr qadağalar qoyacam, məhkəməyə verəcəyəm. Mahnılarımı oxumayan ancaq yalandan müsahibələrində mənim bəstələrimə müraciət edəcəklərini bildirən səssiz, fonaqramma müğənnilərinə deyirəm ki, ağıllı olun, mənim adımı çəkəndə məsuliyyət hiss edin - səsimlə döyərəm, ağlımla öldürərəm!
Əks tərəfi də dinləməyə hazırıq.
Alim Nəbioğlu