“Kaspi” Məmməd Araz vurğunlarını bir araya topladı

Şairin 80 illik yubileyi ilə bağlı élan olunan müsabiqə qalibləri mükafatlandırıldı

"Kaspi" qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və məqalələrin yer aldığı 600 səhifəlik "Haqqın var yaşamağa" adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə  ilk çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, qəzet bundan əvvəl də silsilə xarakter daşıyan müsabiqələr elan edib : "Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqəyə yazıların qəbulu 2013-cü ilin aprel ayından başlayıb və sentyabra kimi davam edib. Müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer alıb. Şair barədə bir sıra arxiv materialları və xatirələr də kitaba daxil edilib. Müsabiqəyə 80 yazı təqdim olunsa da, bunlardan 60-ı müsabiqəyə daxil edilib. Kitabda əsərləri dərc olunmuş təxminən hər iki nəfərdən birinə mükafat təqdim olunacaq. Ümumilikdə müsabiqənin fondu 10 min manat təşkil edir".

"Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, müsabiqəyə təqdim olunan bütün yazılara münsiflər heyəti tərəfindən diqqətlə yanaşılıb və təhlil edilib: "Kaspi" qəzeti və "Kaspi" Təhsil Mərkəzinin élan etdiyi altı aylıq "M.Araz müsabiqəsi"nə təqdim olunan yazıların bir-birindən təsirli ifadələrindən həyəcanlanmamaq mümkünsüzdür. Tanınmış və ilk dəfə imzasını tanıdığım şəxslərin yazılarını diqqətlə və heyranlıqla oxudum". Heç vaxt tədqiqatlarına rast gəlmədiyi imzaların orjinallığı, məna dərinliyinə görə seçilən yazıların onu daha çox kövrəltdiyini deyən Sona Vəliyeva müxtəlif yazılarda önə sürülən fikirlərin gözəlliyindən bəhs etdi.

Məmməd Arazı əbədiyaşar şair kimi qiymətləndirən Natiq Məmməd Arazın İlahidən ona verilən xüsusi missiyasını yerinə yetirdiyini, bir millətin xüsusi məfkurəsini yaratdığını bildirdi: "O, azərbaycançılıq məfkurəsini yaradan şairdir və azərbaycançılıq onun poeziyasının əsas qayəsi olub. Məmməd Arazın şeirləri hələ onun sağlığında folklorlaşmışdı ki, bu da onun dilindən gələn böyüklüyü göstərirdi. Mən inanıram ki, min illər keçsə də, Məmməd Araz poeziyası yaşayacaq və yeni nəsil bu poeziyadan bəhrələnəcək".

Ulu öndər Heydər Əliyevin M.Araza çox böyük dəyər verməsindən danışan S.Vəliyeva: "Ulu öndər Vətənin başına gələn müsibətlərdən sonra onun şeirlərinin bədii irsinin təbliğinə böyük ehtiyacın olmasını ön plana çəkdi. Heydər Əliyev Məmməd Arazın dövrün sənət zirvəsində durduğunu fəxrlə deyirdi".

M.Arazın səmimi şair olmasını xüsusi vurğulayan S.Vəliyeva onun səmimiyyətinin min illər sonra belə bütün ədəbi fikir adamlarına istedadlarını ifadə etməkdə örnək olacağını bildirdi.  Millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazı "millət atası" kimi xarakterizə edib: "Çünki o, övladlarına verdiyi dəyərlərdən min dəfə artıq bu xalqa, millətə dəyərlər bəxş edib. Bu millətin varlığı Məmməd Araz kimi dahilərin yaşamasından asılıdır". Sonda isə müsabiqənin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, birinci yerə yazıçı-publisist Akif Əli ""Ağır daşlar altında" yazısına görə layiq görülüb.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31