“Möhtəşəm yüz il”də səfəvi qızılbaş dövləti fars dövləti adlandı
“Belə mövqe Sultan Süleymanın da ruhuna uyğun deyil”
12 Dekabr 2013 14:59 Mədəniyyət"Möhtəşəm yüzil" serialında Azərbaycan dövlətinin tarixinin saxtalaşdırılması, tarixi şəxsiyyətlərin aşağılanması ideoloji bir məqsəd güdür. Bundan əvvəlki seriallarda da Azərbaycanın tarixi şəxsiyyətlərinə hücum elementləri olub". Bunu millət vəkili Zahid Oruc "Möhtəşəm yüzil" serialında Azərbaycanın tarixi Səfəvilər dövlətinin fars dövləti kimi qələmə verilməsini şərh edərkən deyib. Millət vəkili əlavə edib ki, belə elementlərin hətta Türkiyənin özündə mənfi reaksiyalar doğurduğunun şahidiyik: "Əlbətdə, biz bu məsələni mühüm dövləti problemə çevirməsək də mədəniyyət, tarix sahəsində çalışan insanlarımız məsələ ilə bağlı filmin yaradıcı heyətinə, o cümlədən Türkiyənin müvafiq kültür qurumuna öz mövqeyini təqdim etməlidir. Məsələ ondadır ki, Azərbaycanın tarixi onsuz da müxtəlif dövlətlər və qüvvələr tərəfindən hücuma məruz qalır, belə halda qardaş ölkənin hər hansı dramaturgiya heyəti tərəfindən də vurulması bizi acıdır. Bu yolverilməzdir, ona görə ki, həmin epizodlar tarixdə qaldıqca gələcəkdə mənfi qüvvələrin əlində bir vasitəyə çevrilir". Onun sözlərinə görə, Azərbaycanla İranın hazırki dövrdə münasibətlərini bir kənara qoysaq ən azı bir tarix çərçivəsində ölkəmizin necə bölünməyə məruz qaldığını Türkiyədə hər kəs bilir: " İndi bunun şübhəyə alınmasının anlamı nədir? Möhtəşəm yüz il budurmu? Hesab edirəm ki, belə mövqe Sultan Süleymanın da ruhuna uyğun deyil".