Sevilməyən seriallarımız... - AKTUAL
“Tarixi serialların uğur qazanması üçün kifayət qədər vəsait ayrılmalıdı”
11 Dekabr 2013 17:02 MədəniyyətBir neçə il öncə Azərbaycanda serialların çəkilməsi üçün maddi vəsait ayrıldı. Elə bu dönəmdən etibarən efirdə yerli məhsullar görünməyə başladı. İlk olaraq çəkilən seriallar özünə auditoriya kütləsi yığa bildi. Bu seriallar sırasında "Pərvanələrin Rəqsi", "Sirr" serialını xüsusilə vurğulamaq olar. Bu serialların uğur qazanmasının əsas və başlıca səbəblərindən biri professionalların işi üzərlərinə götürməsi olub. Lakin sonradan, bu sahəyə də qeyri-professionalların axın etməsi, hər yerindən duranın serial çəkməsi bəsit ssenarilərin, ekran əsərlərinin ortaya çıxmasına səbəb olur.
Ssenarist Əyyub Qiyas tarixi serialların çəkilməsi məsələsinə toxunaraq Türkiyədə çəkilən bu tip serialların kökündə məişət problemlərinin dayandığını deyir: "Muhteşem Yüzyıl"da dekorasiyanı dəyişərək mövzunu olduğu kimi saxlasaq nə görəcəyik? Ailə-məişət problemləri. "Muhteşem Yüzyıl"ın mövzusu ailə-məişət zəminində qurulub". Rejissor Rövşən İsax tamaşaçıların daha çox məhəbbət, xəyanət, nifrət, xəsislik tipli mövzulara marağının olduğunu deyir. Onun sözlərinə görə, çəkilişləri bir neçə aydır ki, başlayan "Sonuncu Fəsil" serialında digər ekran əsərlərindən fərqli olaraq qadın zorakılığı yer almayacaq: "Sevgi-məhəbbət, xəyanət, nifrət, xəsislik, bir-birinin ayağının altını qazmaq, paxıllıq, dedi-qodu və türk seriallarındakı mövzular tamaşaçıların daha çox diqqət mərkəzindədi. Bizim yenicə çəkəcəyimiz serialda bıçaq yoxdur. Amma dava, ziddiyətli tərəflər, bir-birlərinə nifrət edənlər var. Bu yaxınlarda tanışlarımdan biri ilə söhbət edəndə dedim ki, əgər tamaşaçıya o nifrəti qazandıra bilsək bəlkə kimisə öldürəcəyik. Amma çəkəcəyim serialda qadın zorakılığını göstərməyəcəyəm. Dəlinin yadına daş salmaq olmaz".
Xəzər Tv-də yayımlanan "Bir Ailəm Var" ekran əsərinin rejissoru Rüfət Şahbazov bugünki serialların öncəki qədər izlənilməməsinin əsas səbəbini serialların çoxluğu ilə izah edir: "Öncələr çəkilən serial çox az idi. Artıq 2-3 il bundakından fərqli olaraq efirdə yayımlanan serialların sayı artıb. Buna görə auditoriya da bölünüb. Əhalinin 50 faizi bir, digər 50 faizi isə başqa serialı izləyir". Efirdə yayımlanan serialların reytinqindən razı olduğunu deyən rejissor müəllifi olduğu "Bir Ailəm Var" serialının da tamaşaçı kütləsinə malik olduğunu vurğulayır. Tarixi serialların çəkilməsi üçün bu sahədə daha böyük irəliləyişə ehtiyac olduğunu vurğulayan rejissor bunun üçün külli miqdarda pul yatırımının vacibliyindən danışıb: "Tarixi serialların çəkilməsi böyük iş hesab olunmalıdı. Düşünürəm ki, tarixi serialların uğur qazanması üçün kifayət qədər maddi yatırım da ayrılmalıdı. Hazırda düşünürəm ki, bu tip seriallar çəkilsə bir o qədər də uğurlu alınmaz. Bu sahədə geniş təcrübə, uğur qazandıqdan sonra guman edirəm ki, daha böyük tairixi serial çəkmək mümkün olar".
R.Şahbazov tamaşaçıların türk və xarici seriallarla yanaşı yerli serialları da izlədiyindən məmnun olduğunu dilə gətirir: "Seriallara yardım ayrıldıqdan sonra maraqlı ekran əsərləri hazırlandı. Tamaşaçılar hazırda da türk seriallarını izləsə də, düşünürəm ki, yerli seriallara qarşı da biganə deyillər".
Nigar Məhərrəm