Berlində Nigar Rəfibəylinin 100 illiyi qeyd edilib
11 Dekabr 2013 13:36 MədəniyyətAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi barədə Sərəncamına əsasən Berlində şairənin yubileyinə həsr olunmuş "Uzaq-yaxın tanışlar" ədəbi-tarixi bədii gecə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, tədbir Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası, Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Almaniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Azərbaycan Yazıçılar İttifaqının sədri, yazıçı Anar Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, alman alimləri, Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.AAK-nın prezidenti Samira Patzer-İsmailova tədbiri giriş sözlə açaraq qonaqlara Nigar Rəfibəylinin həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra Berlin Humbold Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri Prof.,Dr. Eva-Maria Aux Nigar Rəfibəylinin ailəsi, gəncliyi və yaradıcılığı haqqında mühazirə söyləyib. Tədbirin sonunda Nigar Rəfibəylinin şerləri Marina Ştaynhauzer tərəfindən alman dilində oxunub.