Fransada Məhsəti Gəncəvinin 900 illiyinə həsr edilmiş sərgi və konsert olub

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Miluz şəhərində ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək yolunun üstündə, Şərqlə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini, bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən zərdüştlüyün vətəni olduğunu xatırladıb. Aparıcı Məhsəti Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə yaşayıb yaratdığını, Qafqazda ilk dəfə olaraq Gəncənin 2016-cı ildə "Avropanın gənclər paytaxtı" seçildiyini bildirib. "Xocalı-613" əsərinin bəstəkarı Pyer Tilua çıxışında Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu deyib, tamaşaçılara xalqımıza məxsus ayrı-ayrı musiqi alətləri haqda məlumat verib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə Fransanın müxtəlif regionlarında mədəni tədbirlərin keçirildiyini xatırladıb, bu konsert və sərginin 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu bildirib. Sonra incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri, Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar və xalq yaradıcılığı nümunələri səsləndirilib. Konsert və sərgidə Miluz meriyasının və Alzas bölgəsinin rəsmiləri, deputatlar, senatorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təmsilçiləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31