“Kateqoriyaların müəyyənləşməsində istedad vacib amildi” - MÖVQE

İncəsənət xadimlərinin sosial rihafı olduqca aşağı səviyyədədi. Aktyorların böyük qismi sosial rifahın, əmək haqqının, kateqoriyaların aşağı olmasından şikayətlənir. Məsələyə münasibət öyrənmək üçün Milli Məclisin Mədəniyyət Komitəsinin üzvi Nizami Cəfərovla əlaqə saxladıq. 

Millət vəkili ilə bu məsələlərin Milli Məclisin gündəmində olub-olmaması haqda danışaraq digər nüansları da müzakirə etdik. N.Cəfərovun sözlərinə görə, sosial rihafla bağlı ümumi siyasət yürüdülməlidi. N.Cəfərov belə düşünür ki, bu baxımdan mədəniyyət işçilərinə ayrıca olaraq diqqət yetirilməsindənsə ümumi siyasətin yaradılmasına ehtiyac var: "Mədəniyyət xadimi xalqa hansı səviyyədə xidmət edirsə, müəllimlər, təhsil işçiləri, digər peşə sahibləri də xaqa o səviyyədə xidmət edir. Buna görə, sosial rifahdan, diqqət, qayğıdan söz gedirsə düşünürəm ki, tək mədəniyyət xadimlərinə deyil, digər peşə sahiblərinə də bu baxımdan qayğı göstərilməlidi. Bu baxımdan düşünürəm ki, sosial təminat, əmək haqqı, pensiya məsələlərində ümumi siyasət olmalıdı". Millət vəkilinin sözlərinə görə, incəsənət xadimlərinin sosial rifahından daha çox mədəni abidələrin, ümumilikdə bu sahəyə diqqətin ayrılması daha vacibdi: "Düşünürəm ki, mədəniyyət işçilərinin sosial rifahından daha çox mədəni sahələrini maliyyələşdirilməsi, abidələrin bərpası diqqət mərkəzində olmalıdı. Mədəniyyət, incəsənət hadisələri maliyyələşməlidi. Bu sahələrin maliyyələşməsi istedadlı kadrların artmasına, onların uğurlu fəaliyyətinə yardımçı olar. Düşünürəm ki, bu hərəkat  mədəniyyətə, incəsənətə daha böyük xidmət edəcək". Bu məsələnin daha çox Milli Məclisin Sosial Siyasət Komitəsinin iş planına aid olduğunu deyən millət vəkili kateqoriyalar haqda da danışıb. Onun sözlərinə görə, kateqoriya komitə səviyyəsində müzakirə olunacaq məsələ deyil: "Bu məsələ Nazirlər Kabineti səviyyəsində əsasnamələrlə müəyyənləşdirilir. Bu əsasnamələrdə müəyyən tarixi təcrübə var. Kateqoriya məsələsi parlament, mədəniyyət komitəsində ümumi şəkildə müzakirə oluna bilər".

N.Cəfərov qeyd edir ki, kateqoriyaların müəyyənləşməsi zamanı istedad amilinə diqqət çəkilməsi vacibdi: "Kateqoriya məsələsində inzibati nüansları diqqətə çəkməkdən daha çox düşünürəm ki, istedad amilinə daha böyük önəm verilməlidi.Bu baxımdan kateqoriyaların müəyyənləşməsində istedad vacib amildi".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31