Sərhədsiz dünya (tractatus)
16:24 MədəniyyətFiruz MUSTAFA
SÖZÖNÜ
Və yaxud Gələcək dünyanın yığcam layihəsi
"Sərhədsiz dünya" bir növ gələcək dünyanın ilkin (həm də müəyyən mənada yarımçıq, natamam) eskizidir. Amma müəllifin niyyəti heç də utopik, xəyali, idealist cəmiyyət haqqında mülahizə yürüdüb oxucunu yayğın, şirin illüziyalar səltənətinə dəvət etməkdən ibarət deyildir. Əsərdə bəşəriyyətin yaxın gələcəkdəki inkişaf və fəaliyyət tendensiyasının əsas istiqamətləri elmi-fəlsəfi aspektdə təhlil edilir, bir sıra ümumiləşdirmələr aparılır. Ciddi və "təhlükəli" bir problem haqqında söhbət açan, "neokosmopolit" kimi təqdim oluna biləcəyindən çəkinməyən, irəli sürdüyü nəzəri müddəaların tətbiqinə tamamilə əmin olan tədqiqatçı, öz qənaətlərini optimistcəsinə təqdir və müdafiə edir.
Müəllif (filosof-yazıçı Firuz Mustafa) özünün axtarış prizmasından keçirdiyi problemin mürəkkəbliyini, zəngin, rəngarəng, polifonik mahiyyətini dərk etməklə yanaşı, bir çox hallarda bilərəkdən "ənənəvi" tədqiqat metod və metodologiyasından yan keçərək sadə təhlil manerasına üstünlük vürmişdir; axı əsər təkcə dar ixtisas sahəsinin adamları üçün deyil, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Bizə elə gəlir ki, dərki və həlli ilk baxışda parodoksal üslub və təfsirdə təqdim olunan, artıq qeyd edildiyi kimi, burada ilkin eskizləri çəkilən problemin çözümü və tədqiqi gələcəkdə yeni nüanslarla zənginləşib təkmilləşəcək. Açıq cəmiyyət, heç zaman qapalı, qaranlıq, birtərəfli, antihumanist "elmi" müddəaları qəbul edə bilməz. Biz əminik ki, iyirmi birinci əsr (yeri gəlmişkən, sizə təqdim edilən əsərin əsas variantı "XX1 əsr" jurnalında dərc edilib- bunun özü də rəmzi məna daşıyır!) parçalanmadan çox birləşməyə, bütövlüyə can atacaq. Dünya yeni minilliyin astanasındadır. Biz bu əsəri həm də ikinci minilliyə epiloq (sözardı), üçüncü minilliyə isə proloq (sözönü) hesab edirik.
1.
...və lap sonda Söz yaranıb.
Hər halda Sözə qədər Biz yaranmışıq. Söz bizdən əzəl yaransaydı, bəlkə də, bu qədər sözə ehtiyac qalmazdı.
Söz bizdən əvvəl yaransaydı, qılınca-qalxana ehtiyac olmazdı...
Söz bizdən qabaq doğulsaydı, Dünya parçalanmazdı, bölünməzdi..
Mən Müqəddəs kitabda deyilən kəlamın əksinə mülahizə yürütmək niyyətində deyiləm və heç də hər şeyi hərfi-müstəqim mənada dərk edib içimdən keçirmək niyyəti güdmürəm. Əsla! İnsan təfəkkürü metomarfozlarla, epitetlərlə, idiomlarla zəngindir. Hiperbola və təşbehlər təkcə ağlımızı yox, eləcə də dünyamızı bəzəyir. Fəqət, adam hərdənbir ideyalar kəhkəşanından ayrılıb real qayğılar səltənətinə də təşrif buyurmaq istəyir...
Bir də ki, bu gün həqiqət və gerçəkliklərin əsasında ilbiz kimi, işılda-böcək kimi qəribə parlaqlığa malik şübhə, şəkkaklıq dayanır...
Biz təkcə öz inamımızın deyil, habelə öz şübhələrimizin övladıyıq...
Dünyaya öz gözümüzlə baxdıq - gözəldir.
Dünyaya ağlımızın gözüylə baxırıq - olduqca gözəldir.
Dünyaya ürəyimizin gözüylə baxsaq - daha gözəl olar.
Dünyaya özümüz, öz yaratdığımız və bizi yaradan kimi yanaşsaq - Dünya bizim bu dünyadakı cənnətimizə çevrilər...
2.
"...Allah ağıl paylayanda insanlarla çox ədalətli rəftar edib: heç kəs öz ağlının azlığından şikayətlənmir". Zarafatyana söylənmiş bu fikirdə həqiqət nüansları da yox deyildir; hər kəsin öz ağlı, öz düşüncəsi, öz dünyaduyumu mövcuddur. Hər kəs dünyanı öz ağıl imkanları səviyyəsində dərk edib qiymətləndirir... Və hər bir dərketmənin öz ziddiyyətləri, labirintləri, mürəkkəblikləri vardır. Dərketmə subyektiv hadisə olsa da, obyektiv amillərdən xali deyildir. Dünya isə, məlumdur ki, obyektiv mövcudluqdur; lakin bu obyektivliyin özündə subyektiv nüansların gizləndiyini etiraf etmək gərəkdir; bu mənada, "subyektiv dünyanın" varlığı qəbul olunmalıdır.
Dünya və onun mövcudluğu, mahiyyəti haqqında söylənilən fikirlərin, yazılan əsərlərin sayı bəlkə də dünyanın yaşı qədərdir. Mən ilkin anlamda, dünya deyərkən, bəşər övladının yaşadığı məkanı nəzərdə tuturam. Haqqında söhbət gedən bu "balaca dünya" qalaktikanın, kainatın ayrılmaz tərkib hissəsidir. Və elmə hələlik insan nəslinin, ümumiyyətlə, canlı aləmin yaşadığı yeganə bir planet - Yer kürəsi məlumdur. Biz hamımız Yer adlı gəminin sərnişinləriyik.
Yer - bizim hamımızın ümumi Vətənidir. Bu Vətəndə qaralar və ağlar, toxlar və aclar, ağıllılar və dəlilər, sağlamlar və əlillər... yaşayır.
Dünya parodoksal parametrlərlə bölüşdürülüb; qitələrə, dövlətlərə, şəhərlərə, kəndlərə... millətlərə, irqlərə, xalqlara, tayfalara... siniflərə, sosial qruplara, möminlərə, ateistlərə... xülasə, ən xaotik prinsiplərə, prinsipsiz mövqelərə görə bölüşdürülən dünyanın vəhdəti, vahid qanun və qanunauyğunluqları çox zaman boz-bulanıq fikirlərin arxasında-gizlində qalıb.
Dünya haqqında çox yazılıb: həm elmi-fəlsəfi, həm də bədii-publisistik yazılarda dünya və onun qanunları ən müxtəlif rakurslardan təhlilə cəlb olunub. Dünyanı həm dəyişdirməyə, həm də izah etməyə cəhd edənlərinsə, sayı-hesabı yoxdur. Fəqət dünyanın ən müxtəlif qütb və paralellərinə səpələnmiş fərdlərin dünya haqqındakı təsəvvürlərində daha çox natamamlıq, yarımçıqlıq nəzərə çarpır; bir növ, dünyada lokal fikir müharibələri gedir və bu "müharibələrin" acı nəticələri göz qabağındadır: hamıya mənsub olan Yer kürəsi təkcə fiziki yox, mənəvi "çata" da məruz qalıb; dünya birləşmək əvəzinə, parçalanmağa daha çox meyllidir; halbuki məntiqə söykənilsə, əks proses getməlidir. Bütün hallarda "birləşməyə" mane olan aşkar və gizli qüvvələr mövcuddur. Bu qüvvələr bəzən kortəbii, bəzənsə şüurlu surətdə insan cəmiyyətinin təbii inkişaf prosesinə əks-təsir göstərir və bir növ dünyanın canlı sərhəd dirəklərinə çevrilərək mikrodövlətlər yaradırlar. Halbuki insan makrodünyada, makrodövlətdə, makromühitdə yaşamalıdır.
Bu gün (və həmişə) insanlığın düçar olduğu bütün məhrumiyyətlər üçün insanların özlərini ittiham etmək lazımdır... Heç zaman unutmaq olmaz ki, əzab və ağrılarımızın, səfalət və rəzalətimizin əsasında həmişə bizim qeyri-sağlam tələbatlarımız, istehlakçı psixologiyamız, mənəviyyatsızlığımız, mədəniyyətsizliyimiz dayanıb. Bu, qondarma, yalan söhbətdir ki, hər hansı bir cəmiyyətdə əvvəlcə iqtisadiyatı yüksəltmək, "bolluq yaratmaq", sonra, ən axırda mədəniyyət barədə düşünmək lazımdır. Halbuki hər şey əksinədr - hər cür inkişafın kvintessensiyasını (özəyini) mədəniyyət amili təşkil edir.
3.
...O da yalan söhbətdir ki, filan xalq xoşbəxtdir. Xalqlar da insanlar kimidir - qonşusu bədbəxt olan millətin özü firavan həyat sürə bilməz.
...Dünyanı ambisiyalar parçalayıb. Dünyanı ağıl birləşdirəcək.
...Dünyanın qütbləri, coğrafi cəhətləri - nisbi anlayışlardır; mütləq mənada Şimal və Cənub, Şərq və Qərb yoxdur, bütün bunların hamısı şərtidir, bizim uydurmalarımızdır...
...Dünyaya və dünyada subyektiv baxışlar da mövcuddur; biz plüralizm deyilən prinsipə hörmət bəsləməli, hamının, əgər bu mümkün olmasa, azlığın fikrinə ehtiramla yanaşmalıyıq. Hətta, diqqətimizi cəlb etməyən adamın belə mülahizələrini dinləyib nəticə çıxarmağa təmkin və mədəniyyətimiz çatmalıdır. Bu, hamımıza aiddir - sənə, mənə, ona...
Mən, hər cür siyasi ambisiyadan və hər hansı bir sensasion mülahizə yapmaqdan uzaq fərd kimi özümlə apardığım uzun-uzadı mükalimə və həsb-haldan sonra belə bir qənaətə gəlmişəm ki, dünya fiziki-mənəvi anlmı və mahiyyəti etibarilə sərhədsiz olmalıdır. İlk baxışda (bəziləri üçün), qeyri-ciddi adamın zarafatı kimi təsir bağışlayan bu hökmün konstruktiv elmi əsası vardır.
Mən "sərhədsiz dünya" barədə yığcam qənaətlərimi öz azsaylı oxucularımla bölüşmək niyyətindəyəm. Bəri başdan həm əleyhdarlarıma, həm də tərəfdarlarıma öz dərin təşəkkürlərimi izhar edirəm.
4.
Məlum həqiqətdir: tarixi insanlar yaradır. Amma insanlar tarixin təkcə yaradıcısı yox, həm də tarixin özüdür. Yəni dünyanın tarixi - yalnız insanlığın deyil, eləcə də insanların öz tarixidir.
İnsan-tarixidir
İnsan tarixinə və ya tarixi insanın təşəkkül prosesinə indiki halda ətraflı ekskursiya etməyə ehtiyac yoxdur; bu problemə minlərcə tədqiqat əsəri həsr olunub və son nəticədə minlərcə sual açıq qalıb. Bircə bunu xatırlamatmaq kifayətdir ki, araşdırıcıların bir qismi insanın (və bütünlükdə təbiət və cəmiyyətin) yaranışını maddi ünsürlərlə, digər qismi isə ilahi qüvvənin qüdrəti ilə bağlamışlar. Hər iki substansiyanı birləşdirməyə, calaq etməyə cəhd göstərən mütəfəkkirlər də yox deyildir.
Əlbəttə, insanın öz kökünün (öz tarixinin) haradan başlandığını dəqiqləşdirməsi çox böyük bir kəşf olardı; səd heyiflər ki, nəhəng tarixin yaradıcısı olan insan öz tarixinə müfəssəl bələd deyildir.
Bu gün bizi, eramızın ikinci minilliyini yola salan insanları, tarixi keçmişdən daha çox, çağdaş zaman və gələcəyin tarixi düşündürür. Böyük qırğın və savaşlarla, ölüm və qanla, fəlakət və faciələrlə yola saldığımız XX əsr öz qorxunc mirasını, görəsən, təzə minilliyə də adladacaqmı? XXI əsri də XX əsrin faciələri gözləyirmi? Tarixin təkəri hansı relsin üzəri ilə hərəkət edəcək? Yeni yüzillikdə (minillikdə) tarixin (dünyanın) "yenidən qurulmasına" zərurət yaranacaqmı? Bəlkə insan üçün zaman (tarix) anlayışı artıq şərti xarakter daşıyır: yəni o, öz keçmişini gələcəkdə və ya öz gələcəyini keçmişdə yaşamışdır? Suallar çoxdur. Hər sual bir yox, bəlkə də min, milyon cavab qovşağında açıq qalmaqdadır.
Yaxın keçmişin tarixi (insanın özünə məlum olan tarix) çoxumuza məlumdur; hərçənd ki, real tarix çox vaxt irreal və sürreral çalarlarla təqdim edilib, fakt və hadisələr dəfələrlə təhrif olunub, subyektiv və obyektiv baxışlar dolaşdırılıb; amma bu həqiqətdir ki, biz bu tarixi yaşamışıq. Və bu da bir həqiqətdir ki, hər tarixi dövrün öz "qəhrəmanları" olub. Bəzən müstəbid (tiran) məlakə donunda, səfeh müdrik libasında, zəif qüdrətli cildində... təqdim edilsə də, tarix tarix olaraq qalıb və qalmaqdadır.
Keçmişin tarixi məlumdur. Bəs gələcəyin tarixi? Mənə elə gəlir ki, tarix təkcə keçmiş yox, həm də gələcəkdir.
Ardı var