Nəfəsi daralan Yer, susuz qalan insanlıq: Xilas yolları açıqlandı - ÖZƏL
14:41 SosialQlobal iqlim dəyişikliyinin fəsadlarını artıq hər gün həyatımızda hiss edirik. Su mənbələri quruyur, iri şəhərlərdə içməli suyun verilməsində çətinliklər yaranır. Bir sıra dövlətlər arasında baş verən münaqişələrin əsas səbəbi məhz içməli su mənbələri ədalətli bölünməməsidir. Bəs qlobal iqlim dəyişikliklərinin nəticələrini yumşaltmaq üçün hansı addımlar atılmalıdır? Vətəndaş cəmiyyəti fəalı, Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev Olaylar.az-a açıqlamasında bildirib ki, atmosferdə istixana qazlarının miqdarının artması qlobal iqlim dəyişikliyini tətikləyən əsas amillərdən olsa da, planetimizi məhvə sürükləyən faktorlar arasında insan amili də var. "Son 30 ilə qədər qlobal istiləşmə bu qədər ciddi fəsad verməmişdi. 4 sənaye inqilabı, əhali artımı və şəhərləşmə ətraf mühitlə bağlı problemləri artırdı. Ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin artması vəziyyəti daha da ağırlaşdırır. Rahatlığı sevmək bəşər övladının xilqətində var. İnsan hər şeyin asan başa gəlməsini istəyir. Elmi texniki tərəqqinin nəticələri, texnoloji yeniliklər həyatımızı asanlaşdırıb. Əvvəllər dərs oxumaq üçün 6 kilometr məsafəni məktəbə yollanan insanlar indi 1 kilometr yolu belə piyada getmək istəmirlər. Avtomobillərin artması məsafələri qısaldır, işimizi asanlaşdırır, amma qalıq yanacağı ilə işləyən avtomobillər atmosferi çirkləndirirlər. Qlobal iqlim dəyişikliyinin sürtələnməsini, ciddi fəsadlar verməsini sürətləndirən əsas amillərdən biri də müharibələrdir. Hərbi texnikanın hərəkəti torpağın münbit qatını məhv edir. Atılan raketlər, mərmilər toprağı zədələyir, meşələri, otlaq sahələrini, flora və faunanı, mikroorqanizmləri, məhsuldar əraziləri məhv edir. İnsanın və təbiətin ən qorxulu düşmənlərin dən biri də minalar, partlamamış sursatlardır. Müharibələr bitir, amma gizli düşmən "iş başında"dır. Minalar partlayır, insanlar ölür, heyvanlar məhv olur". T.Ağayevin fikrincə, ölkəmizin qlobal miqyasda istixana emissiyasına görə çox cüzi paya malikdir. Bununla belə Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması diqqətlə yanaşır. "Son illər ölkəmizdə qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və adaptasiya tədbirləri həyata keçirilir. Tikinti-quruculuq, bərpa və yenidənqurma işləri zamanı "yaşıl texnologiyalar" tətbiq edilir. Bakı, Sumqaylt, Xırdalan və digər iri şəhərlərdə, yenidən qurulan azad Qarabağda görülən işlər ekoloji düşüncəyə əsaslanır. Xüsusən Qarabağda yaxşı texnologiyaların tətbiqi, ağıllı kəndlərdə yağış sularının depolanması, yaşayış və inzibati binaların günəş enerjisi ilə qızdırılması tədqirəlayiq layihələrdir və tətbiqi genişləndirilməlidir. Qaradağda Cənubi Qafqazın ən böyük günəş elektrik stansiyası açılıb ki, bu da yaşıl enerjiyə keçid istiqamətində atdığı mühüm addımlardan biridir"-deyə, o, bildirib. T.Ağayevin sözlərinə görə, "Şəhərsalma və Memarlıq ili"ndə görüləsi işlər sırasında insanyönümlü nəqliyyat infrasturukturunun qurulması, yaşıl nəqliyyat şəbəkəsinin genişləndirilməsi başlıca vəzifə olmalıdır: "Əhali sıxlığı müşahidə olunan Bakı, Sumqayıt kimi şəhərlərdə tramvay kimi nəqliyyat növünün bərpası, metro statnsiyalarının qurulması, elektrik qatarları şəbəkəsinin genişləndirilməsi, elektriklə işləyən avtobusların sayının artırılması çox vacibdir. Bundan başqa velosiped və skuter istifadəçilərinin sayı artmalıdır. Bu ekoloji nəqliyyat növü xüsusilə məktəblilər və gənclər arasında populyarlaşmalıdır. Bu il də ekoloji şüurun formalaşdırılmasına, ekoloji maarifləndirməyə böyük diqqət ayrılmalıdır. Bu işdə bələdiyyələrin, icra orqanlarının, vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür. Yaxşı olar ki, əlamətdar günlərdə məktəblilər, ümumən gənclər arasında velosiped turları, yarışları keçirilsin. Bu aksiyada məşhurlar: tanınmış sənət adamları, idmançılar iştirak etsin. Bu halda aksiya təsirli olacaq, gənclərin diqqətini çəkəcək. Qlobal iqlim fəsadları ilə mübarizə dövründə 3 əsas məsələ diqqət mərkəzində olmalıdır: su ehtiyatlarına qənaət, sənaye müəssislərinin, nəqliyyat sisteminin bərpa olunan enerjiyə keçidinin təmin olunması və yaşıllıq sahələrinin genişləndirilməsi. Artıq "beton şəhər"dən "yaşıl şəhər"ə keçidin zamanıdır. Bu proses sürətləndirilməlidir. İri şəhərlərdə, xüsusən Bakıda hər məhəllədə yaşıllıq zolaqları yaradılmalı və qorunmalıdır. Özəlliklə çoxillik ağaclların mühafizəsinə ehtiyac var. Ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməli, nəzarət mexanizmi təkmilləşdirilməlidir. Çoxillik ağaclar olan ərazilərə kameralarla nəzarət sistemi yaradılmalıdır".