Paşinyanın bəyanatları və acı reallıq: Erməni cəmiyyəti sülhə hazırdırmı? – ÖZƏL

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bundan sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə beş təməl prinsipdən ibarət sülh sazişi layihəsi Ermənistana təklif olundu. Halbuki Azərbaycan qalib dövlət idi. Buna baxmayaraq, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi məqsədilə bu təşəbbüs irəli sürüldü".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, indiyə qədər Ermənistan konstruktiv mövqe nümayiş etdirməyib. Sülh sazişinin tam reallaşması üçün Ermənistan cəmiyyətinin referendum yolu ilə Azərbaycanla dinc yanaşı yaşamaq prinsipini qəbul etməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi vacibdir. Hələlik belə bir referendum keçirilmədiyi üçün bu iddialardan imtina edildiyini demək mümkün deyil. Bununla belə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə müəyyən razılaşmalar əldə olunub və Azərbaycan tərəfi bu razılaşmalardan irəli gələn humanitar addımlar atmaqdadır. Məsələn, nəqliyyat infrastrukturunun qismən açılması istiqamətində addımlar atılıb, Azərbaycan ərazisi vasitəsilə Ermənistana yük daşımalarına şərait yaradılıb, həmçinin Azərbaycan yanacağının Ermənistana satışı həyata keçirilib. Bu addımlar Azərbaycanın qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiqliyinin göstəricisidir. Eyni zamanda Azərbaycan Ermənistanla siyasi və iqtisadi münasibətlərin inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirir. Lakin qarşı tərəfdən hələlik adekvat və ciddi addımlar müşahidə olunmur. Ermənistanın baş naziri Nikol Paşinyan müəyyən bəyanatlar versə də, erməni cəmiyyətinin bu proseslərə hazır olduğu hələ görünmür. Bunun əsas səbəbi cəmiyyət daxilində hələ də avantürist və radikal düşüncəli qrupların mövcudluğudur. Hətta Ermənistan tərəfinin öz açıqlamalarına görə, Azərbaycanla iqtisadi əməkdaşlıq qurmaq istəyən erməni iş adamlarının adları gizli saxlanılır. Bunun səbəbi isə cəmiyyət daxilində onlara qarşı aqressiv münasibətin formalaşa biləcəyi qorxusudur.

Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan dəfələrlə bəyan edib ki, qonşularla dinc yanaşı yaşamaq siyasətinə sadiqdir və bu istiqamətdə real addımlar atır. Ermənistan isə müstəqil və suveren dövlət kimi inkişaf etmək istəyirsə, mütləq şəkildə Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Çünki Ermənistanın gələcəyi qonşularla sülh şəraitində yaşamasından keçir. Əgər Ermənistan cəmiyyəti bu prinsipi qəbul edərsə, siyasi və iqtisadi münasibətlər paralel şəkildə inkişaf edə bilər. Lakin hazırda cəmiyyətin böyük hissəsinin bu barışa hazır olmadığı müşahidə olunur. Bunun səbəbi isə radikal və millətçi qüvvələrin, o cümlədən "Böyük Ermənistan" ideyasını müdafiə edən dairələrin hələ də təsirli olmasıdır. Bu qüvvələr Paşinyan hökumətinin mövqeyinə qarşı çıxış edərək sülh prosesinə mane olurlar. Əslində isə Ermənistanın inkişaf yolu qonşularla - xüsusilə Azərbaycan və Türkiyə ilə - iqtisadi və siyasi əlaqələrin qurulmasından keçir. Dünyadan təcrid olunmuş şəkildə inkişaf etmək mümkün deyil. Statistik göstəricilər də bunu təsdiqləyir: Ermənistanda gənclərin ölkəni tərk etməsi sürətlənir və bu, ölkənin iqtisadi geriləməyə doğru getdiyini göstərir. Bu baxımdan Ermənistan iqtisadi əlaqələrini genişləndirməli, yeni iş yerləri yaratmalı və əhalinin sosial rifahını yaxşılaşdırmalıdır. Bu isə yalnız regional əməkdaşlıqla mümkündür. Azərbaycanla münasibətlərin bərpası bu prosesdə əsas şərtlərdən biridir. 

"Dövlət səviyyəsində danışıqlar davam edir. Bu yaxınlarda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri baş tutdu və orada işgüzar görüşlər keçirildi, qarşılıqlı fikir mübadiləsi aparıldı. Məlumdur ki, iqtisadiyyat və siyasət bir-biri ilə sıx bağlıdır: siyasi münasibətlər yumşaldıqca iqtisadi əlaqələr də inkişaf edir və əksinə. Qonşularla düşmənçilik siyasəti Ermənistan dövlətinə və xalqına heç bir uğur gətirə bilməz. Əksinə, iqtisadi əməkdaşlıq və regional inteqrasiya ölkənin inkişafı üçün əsas şərtlərdir. Erməni cəmiyyəti də bunu anlamalıdır ki, iqtisadi əlaqələr genişləndikcə sosial rifah da yaxşılaşacaq. Hazırda Ermənistan rəhbərliyinin bəzi konstruktiv bəyanatlarına baxmayaraq, bu hələ praktik addımlarla müşayiət olunmur. Çünki cəmiyyət daxilində ciddi müqavimət mövcuddur. Referendum yolu ilə ərazi iddialarından imtina edilmədiyi müddətdə sülh prosesinin tam reallaşması çətin görünür. Eyni zamanda nəqliyyat infrastrukturunun bərpası, xüsusilə Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Ermənistan bu istiqamətdə konkret təminatlar verməlidir. Digər iqtisadi sahələrdə də əməkdaşlıq genişləndirilməlidir ki, bu da siyasi münasibətlərin möhkəmlənməsinə xidmət etsin. Ermənistan rəhbərliyi müəyyən müsbət siqnallar versə də, cəmiyyətin bu prosesə hazır olması hələ ki müşahidə olunmur", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31