Hörmüz böhranı və Azərbaycan: Qiymət artımı müvəqqəti xarakter daşıyır? – ÖZƏL

Hörmüz boğazında daşınmaların dayanması qlobal enerji bazarında böhran yaradıb: qazın qiyməti 30%-dən çox artaraq 750 dolları ötüb. Asiya və Avropa ölkələri arasında LNG tədarükü uğrunda rəqabət kəskinləşib, Hindistan kimi ölkələrdə artıq qaz qıtlığı müşahidə olunur.
İranın boğazı bağlaması fonunda Avropanın alternativ mənbələrə, xüsusilə Azərbaycan qazına ehtiyacı artıb. 

Mövcud vəziyyət Azərbaycan üçün qaz ixracını və enerji gəlirlərini artırmaq baxımından hansı yeni imkanlar yarada bilər?

"Mövcud vəziyyət Azərbaycanın yaxın gələcəkdə böyük gəlirlər əldə edəcəyini vəd etmir. Çünki artıq ABŞ-nin strateji neft ehtiyatlarını bazara çıxarmağa hazırlaşdığı barədə məlumat verilib. Vaşinqtondan yayılan açıqlamada milyonlarla ton strateji neft ehtiyatının dünya bazarına çıxarılmasının planlaşdırıldığı bildirilib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, hazırda müşahidə olunan bahalaşma müvəqqəti xarakter daşıyır və uzun müddət davam edəcəyi gözlənilmir. Hörmüz boğazında faktiki olaraq 34 kilometrlik əsas keçid zonasının yalnız çox kiçik bir hissəsində İranın təsir imkanları var. Çünki ətraf ərazilər beynəlxalq sular hesab olunur və İranın bu sularda dünya ticarətinin davam etməsinə ciddi şəkildə müdaxilə etmək imkanı məhduddur. Bu baxımdan Azərbaycan nefti və qazının alıcılarının sayının artacağını indidən qəti şəkildə demək hələ tezdir. Digər tərəfdən, dünya iqtisadiyyatında ümumi resessiya riskinin yaranacağı da istisna edilmir. Qlobal iqtisadi inkişafın müəyyən qədər ləngiməsi ehtimalı gündəmdədir. Məsələn, Oksfordun elmi araşdırmalar mərkəzinin açıqlamalarında qeyd olunur ki, əgər neftin bir barelinin qiyməti iki ay müddətində 140 dollar səviyyəsində qalarsa, bu halda dünya iqtisadiyyatında resessiya, yəni iqtisadi geriləmə müşahidə oluna bilər.

Ekspert qeyd edib ki, hazırda dünyanı ən çox narahat edən məsələlərdən biri də neft və qaz qiymətlərinin yüksək səviyyədə qalmasıdır. Buna görə də bir çox ölkələr, o cümlədən Avropa dövlətləri bu qiymətlərin uzun müddət yüksək səviyyədə qalmasının qarşısını almağa çalışırlar. Artıq dünya bazarlarında neft və qazın qiymətlərinin müəyyən qədər ucuzlaşmasına yönəlmiş meyillər də müşahidə olunur. Regionda yaranmış gərginlik və ticarət əlaqələri ətrafında formalaşan narahatlıqlar daha çox müvəqqəti xarakter daşıyır. Bu vəziyyəti indidən Azərbaycanın böyük gəlirlər əldə edəcəyi kimi təqdim etmək düzgün yanaşma deyil. Mövzuya daha peşəkar yanaşdıqda, prosesin uzunmüddətli olmayacağı ehtimalı daha real görünür. Çünki əgər dünya iqtisadiyyatı ciddi ziyan görərsə, böyük iqtisadi gücə malik ölkələr bu prosesə müdaxilə edəcək və nəticədə neft və qazın qiymətlərinin aşağı düşməsi üçün addımlar atılacaq. Bu səbəbdən də indidən Azərbaycanın gəlirlərinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırmaq çətindir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31