Çin yükünü Orta Dəhlizə yönəldir: Azərbaycan üçün strateji fürsət- ÖZƏL 

Çin Avropaya yük daşımalarını Rusiya ərazisindən yan keçərək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) vasitəsilə artırmağı planlaşdırır. Bu marşrut Qazaxıstan,  Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək  Çinlə Avropanı birləşdirir. Rusiya üzərindəki sanksiyalar və siyasi risklər Pekini alternativ logistika yollarına yönəldir. Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır, ölkəyə əlavə iqtisadi gəlirlər və strateji üstünlüklər qazandırır. Bu proses həm də Avrasiya məkanında yeni geoiqtisadi balansın formalaşdığını göstərir.

Çinin yük daşımalarını Orta Dəhliz vasitəsilə artırması Azərbaycanın iqtisadiyyatına və tranzit gəlirlərinə hansı real təsirləri göstərə bilər?
Orta Dəhlizin inkişafı Azərbaycanın regional və beynəlxalq iqtisadi mövqeyini necə gücləndirə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Çinin yük daşımalarını Orta Dəhliz vasitəsilə artırması Azərbaycan üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli imkanlar yarada bilər. Yük axınının artması tranzit daşımalarından əldə olunan gəlirlərin yüksəlməsinə, liman, dəmir yolu və logistika xidmətlərinə tələbin artmasına səbəb olacaq. Bu isə nəqliyyat və logistika sektorunda yeni investisiyaların cəlb olunmasına, əlavə iş yerlərinin yaranmasına və qeyri-neft gəlirlərinin artmasına şərait yarada bilər.
Eyni zamanda, Bakı limanı və ölkənin nəqliyyat infrastrukturu beynəlxalq ticarət marşrutlarının vacib hissəsinə çevrildikcə Azərbaycanın regional tranzit mərkəzi kimi rolu daha da güclənəcək. Bu, ölkənin geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, xarici tərəfdaşlarla iqtisadi əməkdaşlıq imkanlarını da genişləndirə bilər.
Orta dəhlizin inkişafı Azərbaycanın regional və beynəlxalq iqtisadi mövqeyini ona görə gücləndirir ki, ölkə Şərqlə Qərb arasında əsas bağlantı nöqtələrindən birinə çevrilir. Belə bir status Azərbaycanın beynəlxalq layihələrdə iştirak imkanlarını artırır, investorlara daha cəlbedici görünməsinə kömək edir və ölkənin qlobal ticarət zəncirində rolunu möhkəmləndirir. Bu baxımdan Orta Dəhliz təkcə nəqliyyat layihəsi deyil, həm də Azərbaycanın uzunmüddətli iqtisadi və strateji inkişafına xidmət edən mühüm platforma kimi qiymətləndirilə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31