Azərbaycanda tolerantlıq və multikultural dəyərlər hökm sürür- ÖZƏL

Milli Məclisin deputatları  Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüblər. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Nurlan Hsəsnov məlumat verib: "Deputat həmkarım Fazil Mustafa ilə birlikdə Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann və Almaniya Federal Hökumətinin Almaniyada Yəhudi Həyatı və Antisemitizmlə Mübarizə üzrə Müvəkkili Felix Klein ilə Milli Məclisdə səmimi və məhsuldar görüş keçirdik. Görüş zamanı ölkəmizdə yəhudi icmasının təhlükəsiz, dinc və heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşaması, Azərbaycan cəmiyyətində formalaşmış qarşılıqlı hörmət və etimad mühiti, eləcə də multikulturalizm və tolerantlıq ənənələrimiz barədə fikir mübadiləsi apardıq. Həmçinin regionda baş verən proseslər, sülh gündəliyi və beynəlxalq əməkdaşlığın perspektivləri ətrafında maraqlı müzakirələr oldu.
Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı məkan kimi tanınıb. Bu gün də ölkəmizdə hökm sürən tolerantlıq və multikultural dəyərlər cəmiyyətimizin ən mühüm üstünlüklərindən biri olaraq qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31