Rusiya İranla müttəfiqlikdən imtina etdi- ÖZƏL
10:52 SiyasətABŞ və İsrailin İrana qarşı başladığı müharibədə İranın göstərdiyi müqavimət onun beynəlxalq və hərbi nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu müharibə İranın faktiki hərbi gücü və elmi-texniki inkişafının sübutu kimi özünü göstərir. Əlbəttə ki, ABŞ və İsrail müharibəni qısa müddətdə öz xeyrinə bitirməsə, İranın qlobal güc mərkəzinə çevrilmə ehtimalı da artır.
İranın ABŞ və İsrailə uğurlu müqaviməti onun əsas müttəfiqləri olan Rusiya və Çinin davranışına və xarici siyasi kursuna təsir edib. Tehranın körfəz ölkələrinə hücumları, Hörmüz boğazına nəzarət imkanı (dəniz minalarının yerləşdirilməsi ilə bağlı məlumatlar) və ABŞ və İsraillə müttəfiq olan ölkələrə qarşı məhdudiyyətlər tətbiq etməsi dünya neft bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artmasına (100 ABŞ dollarından yuxarı) səbəb olub. Donald Tramp isə İranın niyyətinə görə "Truth Social" platformasında bildirib ki, İran Hörmüz boğazından neft axınını bloklamağa çalışsa, ABŞ ona indiyə qədər endirilən bütün zərbələrdən 20 dəfə daha güclü cavab verəcək. Belə vəziyyətdə Rusiyanın gizli şəkildə satdığı neftdən əldə etdiyi gəlirlərin artması ilə yanaşı, ona qarşı tətbiq olunan sanksiyaların yumşaldılması məsələsi də gündəmə gəlib. Hətta ABŞ Hindistana Rusiyadan neft alışına icazə verilib.
Belə bir vəziyyətdə Moskva Vaşinqtonla razılığa gələrək İrana hərbi yardımı və NATO-İsrail infrastrukturu barədə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra bilər. Elə ABŞ da Rusiyadan İrana müdaxilə etməməyi tələb edir. İran Rusiyanın Ukrayna müharibəsi ilə müqayisədə ABŞ-la açıq müharibə vəziyyətindədir və onun daha qüdrətli görünməsi Moskvanı narahat etməyə bilməz. Təbii ki, Rusiya İranın da yeni qlobal gücə çevrilməsində maraqlı deyil. Qısası, Rusiyanın İrana dəstəkdən imtina etməsi mümkün görünür.
Ancaq Çin Rusiyadan fərqli olaraq İrana bütün dəstəyini davam etdirməyə və genişləndirməyə məcburdur (əlbəttə ki, enerji daşıyıcıları ilə təminatının məhdudlaşması və yalnız Rusiyadan asılı vəziyyətə düşərək alternativləri itirmək ehtimalına görə).
Çin anlayır ki, əgər ABŞ bu müharibədə müəyyən uğur qazanarsa və ya razılaşma əldə olunarsa, İranın Çinə ixrac etdiyi enerji daşıyıcılarının məhdudlaşdırılması ilk addım olacaq. ABŞ prezidenti Donald Tramp İsrailə İranın neft infrastrukturuna zərbələr endirməyi qadağan etməsini açıq şəkildə Venesuela variantı ilə izah edərək, İrandan Çinə neft ixracının öz şərtləri çərçivəsində həyata keçirilməsini planlaşdırdığını bildirib. Söz yox ki, Pekin ABŞ-ın Venesuela, İran və Rusiya ilə mübarizəsində əsas hədəfin məhz özünün olduğunun fərqindədir.
Tərəflərə aydındır ki, əgər ABŞ İranla müharibədə nəticədə yubanarsa, Vyetnam, Əfqanıstan, hətta Ukrayna bataqlığını yaşaya bilər. Hazırda yaranmış hərbi, siyasi və psixoloji vəziyyət ABŞ-ı, eləcə də İsraili çıxılmaz vəziyyətə yaxınlaşdırır.
Ona görə də Çin bütün imkanları ilə İranın ABŞ, İsrail və müttəfiqlərinə qarşı müharibəsinə tam və qeyri-şərtsiz dəstəyini davam etdirəcək və müharibənin uzanmasına çalışacaq. ABŞ və İsrail artıq İranla başladığı müharibəni yarıda qoya bilməz. İranın Rusiyadakı səfiri Kazem Cəlali "RİA Novosti" agentliyinə müsahibəsində "İran özünün nüvə silahına sahib olmağa çalışmayacaq"- açıqlaması verib.
ABŞ-İran müharibəsi ABŞ-ın qlobal güc imicinə ciddi zərbə vurdu. "Madura əməliyyatı"ndan sonra eyforiyaya qapılan Donald Trampın strateji gözləntiləri İranın müqaviməti ilə daralır. Əgər müharibə ABŞ üçün İranın tabeliyindən başqa nəticə verərsə, bu, ABŞ hegemonluğunun sonunun başlanğıcına da çevrilə bilər.
Vüqar Dadaşov
Siyasi şərhçi