"Yüksəl, ey Azərbaycan" adlı musiqi albomunun təqdim edildi

Milli Konservatoriyada Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Express Bank”ın tərəfdaşlığı ilə hazırlanmış "Yüksəl, ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimi keçirildi. Olaylar.az bildirir ki, layihənin rəhbəri Prezident təqaüdçüsü, Milli Konservatoriyanın doktorantı, beynəlxalq festival laureatı Leyla Muradzadədir.

Milli Konservatoriyada Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və "Express Bank"ın tərəfdaşlığı ilə hazırlanmış "Yüksəl, ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimi keçirildi.

Olaylar.az bildirir ki, layihənin rəhbəri Prezident təqaüdçüsü, Milli Konservatoriyanın doktorantı, beynəlxalq festival laureatı Leyla Muradzadədir.

Təqdimatda çıxış edən layihə rəhbəri məlumat verdi ki, 2018-ci ilin dekabrından hazırlanmağa başlanılan albomda musiqi və qeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı yer alıb. Burada Uşaq kapellası, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 saylı musiqi məktəblərinin xor kollektivləri, eləcə də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi şagirdlərinin ifaları cəmlənib. Layihədə ümumilikdə 250-dək uşaq və gənc iştirak edib. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirmək, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərməkdir. Layihəyə sağlamlıq məhdudiyyətli uşaqların da cəlb olunması onların fəallığının artırılması və musiqi potensialının üzə çıxarılmasına imkan yaradıb.

Leyla Muradzadə gənclərin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ölhə rəhbərliyinə təşəkkürünü bildirdi: "Məhz bu diqqət və dəstək sayəsində gənclərin ideyaları reallaşır və onlar öz bacarıqlarını nümayiş etdirə bilirlər. Gənclər Fondunun gənclərin ideyalarına verdiyi dəstək onların böyük inamla irəli addımlamağına stimul yaradır. Xor birlik və bərabərlik anlayışının ən gözəl təcəssümüdür. Biz bu ənənəni yaşatmaq və inkişaf etdirmək arzusundayıq".

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirdi. Qeyd etdi ki, hər bir  bədii təhsil müəssisəsi xor dərnəklərinin yaradılmasında maraqlı olmalıdır.

Gənclər Fondunun şöbə müdiri Orxan Əkbərov, "Ekspress Bank"ın əməkdaşı Şəbnəm Hümbətova çıxışlarında layihənin gələcəkdə genişləndiriləcəyini diqqətə çatdırdılar.

Daha sonra albomda yer alan xor əsərləri səsləndirildi. Konsertin sonunda layihə üçün xüsusi hazırlanmış "Yüksəl, ey Azərbaycan" mahnısı Bakı Musiqi Akademiyası və 23 saylı musiqi məktəbinin birləşmiş xor kollektivi tərəfindən ifa edildi. Mahnının sözləri Anar Məmmədova, musiqisi Rəna Qədimovaya, aranjimanı isə Etibar Əsədliyə məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31