Dirilən adam... - Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli
28 Yanvar 2019 13:11 MədəniyyətElçin Hüseynbəyli
Klassik yazıçımız Mircəlal Paşayevin belə bir adda povesti də var. Orta məktəbdə olanda oxumuşuq. Amma mənim, daha doğrusu dostumun "diriltdiyi adam" başqa mövzudadır, yəni özgə bir "maraldır".
Baməzə dostumu deyirəm, anladınız, yəqin... Çoxdandır, onun əhvalatlarından xəbərim yoxdur. Amma bu yaxınlarda parkda gəzişərkən maraqlı bir hadisə danışdı, dedi ki, hadisə elə bu parkdaca baş verib. Aldı görək nə dedi:
-Bir dostumla bu parkda, o aralıda görünən ağacın dibində nahar edirdik. Söhbət Mirhəşim adlı ümumi tanışımızdan düşdü. Sən də onu tanıyırsan: qarayanız, lopabığın birisidir. Soruşdum ki, o, neynir, nə iş görür? Dostum əvvəl dinmədi, sonra üzünə kədərli görkəm verib bunları söylədi:
-Xəbərin yoxdu ki?
Həyacanlandım. Nəsə dalağım sancdı. Ona görə də həm çiynimi çəkdim, həm də:
-Yox, -deyə cavab verdim.
Dostum qəmgin-qəmgin başını buladı. Başa düşdüm ki, tanışımızın başında nəsə bir iş var. Ona görə soruşmağa ürəyim gəlmədi.
Bir müddət susduq. Sonra hövsələm çatmadı və ürəksiz-ürəksiz soruşdum:
-Nə olub ki?
Dostum yenə də susdu və handan-hana bu sözləri dedi:
-Mirhəşim, bir ildən çoxdur ki, rəhmətə gedib. Mən də gec xəbər tutdum, qırxına ancaq çatdıra bildim.
Qanım qaraldı, ona görə də "yasdan çıxmaq üçün" araq sifariş elədik. Babat-yeyib-içəndən, ümumi tanışımızın ruhunu yad edəndən, xatirələrimizi bölüşəndən, yaxşı və nikbin sağlıqlar deyəndən sonra ayrıldıq.
Həmin hadisənin üstündən xeyli vaxt keçəndən sonra köhnə tanışlarım məni qonaqlığa dəvət elədilər. Yay günüydü. Dostlar parkda, bir küncdə oturmuşdular. Alaqaranlıq idi. Parkın lampası zəif yandığından süfrə ətrafındakıları düz-əməlli seçmək olmurdu. İşdən çıxmışdım, möhkəm də acmışdım. Tələm-tələsik hamıyla əl verib görüşdüm, hələ öpüşdüm də. Sonuncu adama yaxınlaşanda onu da öpmək istədim. Bu zaman onun sifətini gördüm. Bu, Mirhəşim idi. İlan vuran kimi dik atıldım. Sanki ölü öpürdüm. Mirhəşim xortlamışdı. Aclığım da yoxa çıxdı. Orda dayana bilmədim. Çünki ətim ürpəşirdi. Ölüylə oturub yeyib-içməyəcəkdim ki... Bir bəhanəylə onlardan aralandım və evə yox, dostumgilə tələsdim. O, həyətdə qonşularla domino oynayırdı. Kənardan durub yanıma çağırdım.
Mənə çatan kimi üz-gözümü turşudub, üstünə qışqırdım:
-Bəs deyirdin ki, Mirhəşim ölüb!?
O da çaşan kimi oldu, duruxdu, sonra qətiyyətlə dedi:
-Ölüb də!
-Necə yəni ölüb?! Bayaq özüm onu gördüm, sağ-salamatdır!
-Ölüb, çoxdan ölüb, -deyə o, istehza qarışıq gülüşlə cavab verdi. - Bax, nə vaxt mənim borcumu qaytaracaq ha, onda da onu dirildəcəm.
Mən indi dostumu başa düşdüm. Mirhəşim, sadəcə onunçün ölübmüş. Qanqaraçılığım və aclığım gülüşlə əvəzləndi...
Siz də gülün ki, kefiniz açılsın və heç zaman dost dediyiniz adamın borcunu gecikdirməyin....
Yanvar, 2019