“Estrada mahnısı” müsabiqəsinin qalibləri mükafatlandırıldı
7 Noyabr 2018 11:37 MədəniyyətAzərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan birinci "Estrada mahnısı" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olaylar.az bildirir ki, müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalının dəstəyi ilə reallaşıb.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söhbət açıb. Ötən ilin dekabrın 8-də elan edilən müsabiqənin 1-ci seçim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib.
Şərtlərə görə müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart, aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın 22-də isə qaliblər müəyyənləşib.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunan əsərlər Xalq artistləri Firəngiz Əlizadə, Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sonra qaliblər diplomlarla mükafatlandırılıblar. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Rəna Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədova, Yalçın Məlikov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib.