“Uşaq yazarlarına mükafat, ad verilməsinin əleyhinəyəm”

Gülzar nənə: "Elə xalq nağıllarımız var ki, orda qorxu, şiddət çoxdur"...

Olaylar.az son günlər sosial şəbəkədə geniş müzakirə olunan uşaq yazarı Gülzar İbrahimova ilə olan müsahibəni təqdim edir. Müsahibə zamanı Gülzar xanım qalmaqallı "İlanlı dərə" nağılında müzakirə olunan hissəyə aydınlıq gətirib.  

- Gülzar xanım, uşaq ədəbiyyatına gəlişiniz hardan başlayıb? Uşaqlar üçün yazmaq çətindir, yoxsa asan?

- İlk dəfə "Həftə" qəzetində işləyəndə, baş redaktor İmran müəllim gördü ki, ciddi yazılara o qədər bəzək-düzək verirəm, mənə dedi ki, fantaziyan aşıb-daşır, sən yaxşı nağıl yazarsan. Elə həmin gün nağıl yazdım, yazan kimi də uşaq tapıb ona oxutdurdum. Çox bəyəndi, məndən yenə nağıl istədi. O vaxtdan da nağıl yazmağa başladım.Bu sahəyə təzə gələndə mənə dedilər bax ha, uşaqlar üçün yazmaq çox çətindir. Təəccübləndim, çünki heç bir çətinlik çəkmirdim. Amma illər keçdikcə, uşaq ədəbiyyatının dərinliklərinə baş vurduqca başa düşdüm ki, doğrudan da uşaqlar üçün maraqlı nəsə yazmaq çox çətindir.

- Bu gün Azərbaycan ədəbi mühitində uşaq ədəbiyyatı hansı səviyyədədir?

- O qədər də ürəkaçan deyil. Balalarımız oxumaq istəyirlər, amma onlar üçün gözəl əsərlər azdır. Olanlar da onlara çatmır. Yazıq uşaqlar da qalıblar "kitab oxumursan", deyənlərin yanında, danlana-danlana. Uşaq illüstratorları tapmaq da bir cür çətindir. 13 ildir uşaq ədəbiyyatındayam, amma bir dəfə uşaq rəssamları əsərlərinin müsabiqəsi haqda eşitməmişəm.

-  Əsas çətinliyi nədə görürsüz?

- Şəxsən mənim üçün heç bir çətinlik yoxdur. Mənim çətinliyim həmişə yazdıqlarımın uşaqlara çatdırılmasında olub. İndi də o problem demək olar ki, həll olub. Yazan kimi qoyuram internetə, oxucusunu axtarıb-tapır.Yazmağa başlayandan bu günə qədər Allaha şükürlər olsun ki, heç vaxt çətinlik hiss etməmişəm. Nəsə yazmaq istəmişəmsə, çox asanlıqla alınıb. Bir çətinliyi onda görmüşəm ki, ideya beynimə gəldisə, mütləq onu yazmalıyam. Yazmadım, elə uçur gedir ki, sonra nə qədər istəyirəm xatırlayım, yadıma düşmür. Görürəm ki, bəzilərində yazı uşaq dili ilə başlasa da, ortada böyüklərin dilinə - yəni uşaq anlamayan bir üsluba və ya uşaq üçün darıxdırıcı bir tərzə keçir. Uşaqlar üçün yazılanları oxuyanda təəcüblənirəm. Təəssüf ki, yazılarda uşaqların anlamayacağı ifadələr işlədilir. Uşaqlar üçün belə yazmaq olmaz. Axı uşaqlar mütaliədən uzaqlaşar... Nağılın süjet xətti elə qurulmalıdır ki, uşaq onu oxuyanda darıxmasın. Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Rəhimə müəllimə xahiş etdi ki, kəpənəklə bağlı rəssam tələbələrə nağıl yazım. Bir saat içərisində nağılı yazdım göndərdim. Sonra eşidəndə nağılı tələbələr bəyənib, sevindim.

- Özünüz daha çox hansı yazarların nağıllarını oxuyursunuz?

- Mən klassik uşaq yazarlarının əsərlərini, dünya uşaq ədəbiyyatını mütəmadi olaraq oxuyuram.Həm də 7 ildir ki, "Sehirli dünya" jurnalını nəşr etdiririk. Hərdən istəyirəm ki, öz yazarlarımızın şeirlərindən nağıllarından qoyum jurnala, inanın ki, çox çətinlik çəkirəm.Jurnalımızda "Bizim uşaq yazarlarımız" rubrikası var. Mən ora çox çətinliklə yazılar tapıram. Sevimli, şirin uşaq yazılarımız çox azdır. Məncə bu ondan irəli gəlir ki, uşaq yazarlarına maddi və ən əsası da mənəvi dəstək azdır. Hətta təşkil olunan uşaq əsərləri müsabiqələrindən çoxumuz xəbər tutmuruq. Bir də onda eşidirik ki, kimsə mükafatlandırılıb. Ədalətsiz müsabiqələr və mükafatlar çoxdur. Mən hazırda uşaq yazarlarına mükafat, ad verilməsinin də əleyhinəyəm. Çünki yaza bilməyənlər ortaya çıxıb təltif olunacaq, beləliklə, yenə də uşaq ədəbiyyatında boşluqlar olacaq. Bu çox incə bir məqamdır. Burada elə addım atılmalıdır ki, heç kimin haqqı tapdanmasın. Xüsusilə uşaq yazarlarının. Çünki uşaqlara ilkin yaşlarda kitabı sevdirən də, mütaliəyə cəlb eləyən də uşaq yazıçılarıdır. Biz yazıçıları kitabdan, yazmaqdan soyutmaq, həm də uşaqları gözəl əsərlərdən ayrı salmaq, küsdürmək deməkdir.Təhsil Nazirliyi, nəşriyyatlar, dərsliklərə tək öz tanışlarının yazdıqlarını qoymamalıdırlar. Axtarıb-araşdırıb, müqayisə eləməlidirlər, hansı əsər uşağa daha vacibdirsə, onu seçməlidirlər.

- Əsərləriniz əsasən hansı yaş qrupuna aiddir?

- Üç yaşından başlayaraq, bütün yaş qruplarına aid uşaqlar üçün yazıram.

- Hər yaşın öz psixologiyası var. Bütün yaşlara yazmaq çətin deyil ki?

- Balaca yaşlılara dovşandan, xoruzdan, pişikdən yazıram. Onlar üçün adətən heyvanların dostluğundan bəhs edən kiçik nağıllar, hekayələr yazıram. Məktəbəqədər yaşlı uşaqlara əyləncəli nağıllar yazıb, kitabı, mütaliəni sevdirməyə çalışıram. Bir az böyüklərə - yəni ibtidai sinif yaşlılarına öyrədici, mütaliənin əhəmiyyətini başa salan, dostluqda sədaqət öyrədən, Vətəni sevdirən, ata-anaya məhəbbət aşılayan nağıl və hekayələr yazıram. Onlara öz yaşıdlarından bəhs edən hadisələr ətrafında maarifləndirici nağıllar yazmağa çalışıram. Yeniyetmələr üçün tarixi faktları götürüb, onu nağıl və ya hekayə dilinə salıram. Babək, Hippokrat, Məhəmməd peyğəmbər, Tomris, Zərdüşt haqda yazılanı kiçik yaşlı uşaq o qədər də qavraya bilməz. Mən həmin tarixi faktları, müdrik hekayətləri sadə nağıl dili ilə yeniyetmələrə təqdim edirəm.

- Gülzar xanım, deyəsən uşaqlar sizi həm də youtube kanalınız vasitəsiylə izləyə bilir?

- "Sehirli dünya" jurnalının Youtube kanalını yaratmışıq. Kanalın baxış sayı 4 milyon beş yüz mini keçib. Bunu böyük uğurun başlanğıcıdır. Belə bir rəqəm heç bir uşaq saytında yoxdur. Bu göstəricini daha da artıra bilərik. Təbii ki, bizə dəstək olarsa. Kanalda mən nağılları uşaqlara hərəkətli formada, rəngli təqdim etməyə çalışıram. Belə olanda onlara daha maraqlı olur. Dünyanın hər yerindən kanalımıza böyük maraq var.

- Əsas hansı ölkələrdən kanalı izləyənlərin sayı çoxdur?

- Rusiyadan, Türkiyədən, İsveçdən, Almaniyadan, İrandan və bir çoxlarından. Hətta İrandan mənə yazıblar ki, burada da sizin nağıllarınız böyük marağa səbəb olub. Onlar mənim nağıllarımı öz dillərinə tərcümə ediblər. Bu yazıçı üçün sevindirici bir xəbərdir. Moskvadan təklif gəlib ki, uşaqlar üçün yazdığım "Sirus və Virusun macəraları" fantastik uşaq romanını - məcəra janrında olan bu kitabı rus dilinə tərcümə etdirib,onlara göndərim. Təəssüf ki, mən hələ də bizdə uşaqların dili ilə yaxşı yaza bilən tərcüməçi tapa bilmədim. Nağılın bir hissəsini tərcümə edirlər. Oxuyuram ki, tərcümə uşaq dilində edilməyib. Uşaqların düşüncəsi ilə böyük düşüncəsi, anlayışı tamamilə fərqlidir.

- Uşaq ədəbiyyatında sözünü demiş bir yazıçı kimi gənc yazarlara nəyi tövsiyyə edərdiniz?

- Əvvəla təzə yazmağa başlayanda yazdıqlarını bir neçə uşağa oxutdursunlar. Onlar nağılları sevə-sevə oxusalar yenə nağıl istəsələr, deməli yazı alınıb. Xüsusilə, balacalara yazanda çox ehtiyatlı olsunlar ki, uşaqları mütaliədən qaçırtmasınlar. Yazanda bizim elə xalq nağıllarımız var ki, orda qorxu, şiddət çoxdur. İnkişaf etmiş ölkələrin nağıllarında insana məhəbbət, heyvanlara qayğı ilə yanaşma, təbiət gözəllikləri çox təbliğ olunur. Biz də çalışmalıyıq balalarımıza gözəllik aşılayan, sakitləşdirən əsərlər yazaq. Uşaqlar onsuz da, həm gündəlik həyatda, həm təhsildə, həm də baxdıqları çox sürətli cizgi filmlərində çətinliklərlə qarşılaşırlar. Biz də onların nağıllarına həyəcan qatsaq, bu balalarımızın kövrək psixologiyasına mənfi təsir göstərər. Mən dünya uşaq ədəbiyyatını çox oxuyuram ki, onlardan öyrənim. Bu ədəbiyyatlarda uşaqlara xüsusi yanaşma var. Heyvanlara münasibət bir başqadır. Mən bir il Space tele-radisosunda uşaq verilişi apardım, öz nağıllarımı oxudum. Daha sonra digər nağıllar axtarırdım ki, uşaqlara danışım. İnanın ki, mən ədəbiyyatımızda uşaqların psixologiyasına uyğun, qorxutmayan, sevinc gətirən nağıllar tapa bilmədim .

- "İlanlı dərənin sirri" tarixi nağılında əxlaqi keyfiyyətlər aşılanır, yalan ifşa olunur. Göründüyü kimi nağılda Azərbaycan xalq nağıllarından bəhrələnmisiniz. Yəni, oxuyanda məlum olur ki, siz bizim klassik nağılları çox oxumusunuz və bütün bu nağıllarda ögey ana oxucuya əzazil qadın kimi təqdim edilir.

- Elədir. Amma müasir dövrdə boşanmaların sayının hədsiz dərəcədə artmasını - çox uşağın atadan, anadan ayrıldığını nəzərə alıb biz yazarlar qələmin ucunu dəyişib "Ögey ana"nı bundan sonra müsbət qəhrəman kimi işləməliyik. "İlanlı dərənin sirri" nağılı sosial şəbəkədə çox tənqidlərə məzruz qaldı. Nağılı oxuyan da, oxumayan da, klaviatura arxasına keçib, başladı tənqid etməyə. Amma bəlkə də heç onların çoxu nağılı tam oxumayıb. Əslində tarixdə doğrudan da, belə bir hadisə olub. "İlanlı dərə" türk xaqanının həyatından bəhs edən nağıldır. Mən sadəcə tarixdə olmuş hadisəni məni uşaqların anlayacağı bir tərzdə verməyə çalışmışam.

- Nağılın dərsliyə salındığı bildirilir. Bu haqda siz nə deyə bilərsiz?

- Ən acınacaqlısı odur ki, əxlaq, tərbiyə öyrədən bir əsər tamamilə əks fikirlə arada çaşqınlıq yaradanların canfəşanlığı ilə haqq-nahaq tənqidə məruz qaldı. Əksinə, mən nağılda tərbiyəsizliyi, əxlaqsızlığı pisləmişəm. Amma, bir az geciksə də haqq yerini tapdı, nağıllardakı kimi şər məğlub oldu. Hamımıza da məlumdur ki, belə məlumatları kimlər yayır, nə məqsədə yayırlar? Belə tənqiddən, belə müzakirədən nəyin qoxusunun gəldiyi məlumdur.

- Əslində "İlanlı dərənin sirri" nağılı hansı yaş qrupunda olan uşaqlar üçün nəzərdə tutulub?

- Əlbəttə, nağıl yeniyetmə və yuxarı yaş həddinə nəzərdə tutulub. Tanınmış tənqidçi Vaqif Yusifli bu bədii əsəri nəinki uşaqların, hətta böyüklərin oxumasını tövsiyə edir. Mən bütün əsərlərimi sayıb-seçilən insanlara, ağsaqqallara oxudub, onların rəyini öyrənmişəm. Bakı Dövlət Universitetinin tanınmış professoru vaxtilə bütün kitablarımı mağazalardan alıb, oxuyub, bəyənib, onları BDU-nun "Uşaq ədəbiyyatı dərsliyinə salıb. Yadımdadır, bir gün nağıl kitablarımdan birini Yazıçılar Birliyinin sədri Anar müəllimə verəndə yazıçı Vaqif Səmədoğlu da onun yanında idi. Kitabı görən kimi mənə baxıb sevincək dedi: "Gülzar nənə siz imişsiz!?. Mən sizin bütün nağıllarınızı mağazadan alıram. Uşaqlar çox sevir və çox xoşlayırlar!". Düzü bu sözləri dahi Səməd Vurğunun oğlunun dilindən eşitmək məni çox sevindirdi.

- Qarşılaşdığınız bu haqsızlıqda kimi günahkar sayırsız?

- Məni ətrafımda olan hər kəs sevir. Sevməyən olsa belə, ondan elə vaxtında uzaqlaşıram ki, mənə nifrət eləməyə imkan tapmır. Bir şübhəm məni düşmən tərəfə yönəldir. Mən 2-3 il bundan öncə ermənilərlə internet savaşında oldum. Onlar nağıllarımı tərcümə edib, müzakirəyə qoyublar. Nağıllarımda onların amansız həqiqətlərini açıb, tənqid etmişəm. "Üç nəsihət" əsərimdə tarix boyu ermənilərin etdikləri pislikdən yazmışam. Onlar da mənim adımı, əsərlərimi, 350 səhifəlik "Erməni fobiyası olan azərbaycanlılar" tarixi saxtalaşdıran kitablarına salıblar. Sonra onlara ünvanladığım "müraciət"i də özlərinin "Open.armenia" saytına qoyublar. Həmin müraciətdə Puşkinin ermənilər haqqında səsləndirdiyi fikri əsas gətirmişəm. İki aydan sonra mənim yubileyim olacaq. Onlar da "mənim yubileyimə belə hazırlıq görürlər". Yoxsa kimdir bizimkilərdən, 10 il bundan əvvəlin yazısını oxuyan. Bu fitnə-fəsad, ona əvvəlcədən hazırlaşmaq, pislik etmək yalnız ermənilərə aid olan xarakterdir... Amma çox vaxt qazdıqları quyuya da özləri düşür. Görün biz necə inkişaf etmişik, gözəl yaşayırıq, Gürcüstan necə inkişaf edib, onlar isə hələ də quyunun dibində qalıblar. Çünki qızışdırdıqları, qaldırdıqları müharibə ədalətsiz müharibədir.

- "Sehirli dünya" jurnalına maraq necədir? Valideyinlər uşaqları üçün jurnala abunə olurlarmı?

- Bu gün hər kəs uşaqların oxumamasından şikayətlənir. Mən bu fikirlə razı deyiləm. Əminliklə deyə bilərəm ki, uşaqlar mütailəni sevir, gözəl nağılları oxuyurlar, gözəl yazının ətrafına dolanırlar. Elə götürək, "Sehirli dünya" kanalına yazılan şərhləri. Orada yazılanları oxuyanda uşaqların kitaba və nağıllara olan marağını görmək olar. Amma təəssüf ki, maliyyə çətinliyimizlə əlaqədar jurnalıhər ay çap edə bilmirik.

- Sizin nağıllarınızın hansı cəhəti digər müəlliflərin nağıllarından fərqlidir?

- Mən hər nağılın sonunu fərqli bitirirəm. Mənim nağıllarımda heç vaxt göydən düşən 3 alma 3 nəfərə çatmır. O üç nəfər də almaları 300 yerə bölüb, 300 uşağa verir, belə-belə hər uşağa alma payı çatır.Başqa bir nağılda nağıl bitəndə göydən çiçək yağışı yağır, bütün küsənlər barışır. Başqa bir nağılda göydən ulduz düşür, meşədə azmış uşaqların yoluna işıq salır. Beləliklə, uşaqlar arasında paylaşma sevincini təbliğ edirəm. Bundan gözəl nə ola bilər ki? Nağıllarımı təkcə uşaqlar deyil, hətta böyüklər də oxuyur, bəyənir və məni sevirlər. Küçədə uşaqlar tanıyır və qollarını açaraq, qucağıma qaçırlar. Həmin an keçirtdiyim hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu qədər sevginin qarşısında yazmamaq olar?! Ətrafımda o qədər sevgi-məhəbbət var ki, yorğunluğumu hiss etmirəm.

- Nağıllarınız hansısa teatr səhnəsində səhnələşdirmək və ya animasiya şirkəti tərəfindən lentə alınmaq təklif olunubmu?

- "Azman" studiyası tərəfindən "Dünyanın ən güclüsü" nağılıma cizgi filmi çəkilib. Həmişə çantamı kitabla yükləyib Kukla teatrına getmişəm ki, uşaqların sevdiyi nağılları səhnələşdirsinlər. Nağılları çox bəyənirlər. Amma onları mənim pyes halına salmamı istəyirlər. Mənim də ona zamanım yoxdur. Adi Kukla teatrında illərdir ki, Cırtdanı, Tıq-tıq xanımı səhnələşdirirlər. Mən nağıllarımda 5 dəfə Cırtdanı başqa-başqa ampulada təqdim etmişəm. Uşaqlar da çox bəyənir. Niyə uşaqlara Cırtdanın növbəti sərgüzəştləri ilə fərqli tamaşalar təqdim etməyək? Fikrimcə hər kəs öhdəsinə düşəni can-başla etsə, bir az gününə zəhmət qatsa, balalarımıza xoş anlar bəxş edə bilər. Təkcə bunu istəmək lazımdır.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31