Azərbaycanın artan beynəlxalq nüfuzu bəzi dairələri ciddi narahat edir- ÖZƏL

"40-dan artıq ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi bu Milli Məclisin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında "İƏT-ə üzv dövlətlərdə parlament əməkdaşlığı vasitəsilə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda səmərəli müzakirələr aparıldı və Bakı Bəyannaməsi qəbul edildi. Konfrans çərçivəsində İttifaqa sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq nüfuzunun və parlament diplomatiyasının növbəti mühüm uğurudur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: 

"Lakin Azərbaycanın artan beynəlxalq nüfuzu bəzi dairələri ciddi narahat edir. Xüsusilə, AŞPA-da Frank Şvabe kimi qərəzli mövqedən çıxış edən şəxslər ikili standartlara əsaslanan yanaşmalarını davam etdirirlər. Azərbaycan nümayəndə heyətinin iştirak etmədiyi iclaslarda ölkəmiz barədə əvvəlcədən hazırlanmış sifarişli ssenarilər əsasında qərəzli müzakirələrin aparılması və hüquqi-siyasi əsası olmayan sənədlərin qəbul edilməsi AŞPA-da parlament diplomatiyasının prinsiplərinin ciddi şəkildə zədələndiyini bir daha nümayiş etdirir.

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal Şuranın ilk iclası keçirildi. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq təsdiq edilmiş Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı və Yol Xəritəsi əsasında qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafı istiqamətində mühüm hədəflər müəyyənləşdirildi.

Bu gün dünyanın inkişafı məhz yüksək texnologiyalar və süni intellekt üzərində qurulur. Bu çağırışlara vaxtında qoşulan ölkələr daha rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırır və davamlı inkişafa nail olurlar. Şuranın iclasında müasir innovasiya ekosisteminin yaradılması, yerli və xarici investisiyaların cəlb edilməsi, startap ekosisteminin gücləndirilməsi və dövlət idarəçiliyində rəqəmsal həllərin geniş tətbiqi ilə bağlı mühüm məsələlər müzakirə edildi.

Hesab edirəm ki, Milli Məclis də "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın uğurla icrasına öz töhfəsini verməli, bu sahədə müasir hüquqi bazanın daha da təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və rəqəmsal transformasiyanı dəstəkləyən yeni qanunvericilik təşəbbüslərinin hazırlanması istiqamətində fəaliyyətini davam etdirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31