Gümrü bazası: Moskvanın son qalası, yoxsa regionun geosiyasi yükü? – ÖZƏL

"Gümrüdəki 102-ci Rusiya hərbi bazası çevrəsində zaman-zaman yaranan müzakirələr əslində o bazanın taleyindən daha çox, Güney Qafqazın gələcək geosiyasi düzəninin necə qurulacağı sualına bağlıdır. Hərbi bazalar heç vaxt yalnız kazarma, texnika və şəxsi heyətdən ibarət olmur; onlar böyük dövlətlərin siyasi iradəsinin, nüfuz dairəsinin və strateji çıxarlarının coğrafi ifadəsi sayıla bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloqun fikrincə, yaxın gələcəkdə bazanın bağlanması ehtimalı yüksək görünmür. Ermənistanın Qərbə doğru addımları ilə Rusiyanın bölgədə qalmaq iradəsi arasında mürəkkəb bir dəngə qoruma prosesi yaşanır. İrəvan hələlik bu körpünü birdən-birə yandıracaq duruma gəlməyib; Moskva isə Güney Qafqazdakı son böyük dayaq nöqtəsini asanlıqla əldən vermək niyyətində görünmür. Buna görə ən gerçək ssenari bazanın fəaliyyətini davam etdirməsi, lakin siyasi çəkisinin öncəki illərlə müqayisədə tədricən dəyişməsidir. "102-ci baza Güney Qafqazın təhlükəsizliyini təmin edir" tezisi isə daha çox siyasi açıqlama sayıla bilər. Əgər hərbi baza bütövlükdə bölgənin təhlükəsizlik təminatçısı olsaydı, son illərdə Güney Qafqaz ard-arda müharibələr, sınır böhranları və dərin siyasi gərginliklər yaşamazdı. Deməli, təhlükəsizlik təkcə silahın kölgəsində qalmır; o, ədalətli münasibətlərdə, qarşılıqlı güvəndə və beynəlxalq hüquqa söykənən bölgəsəl işbirliyində yaranır. Əslində, Gümrüdəki baza ilk növbədə Rusiyanın təhlükəsizlik arxitekturunun bir parçasıdır. Onun əsas missiyası Ermənistanı qorumaqdan daha genişdir: Moskvanın Güney Qafqazda hərbi-siyasi mövcudluğunu saxlamaq, bölgədə geosiyasi dəngəni öz çıxarları çərçivəsində formalaşdırmaq və bölgənin böyük güclər arasında rəqabət məkanına çevrilməsində təsir imkanlarını qorumaq...

"Azərbaycan isə tamam başqa bir təhlükəsizlik modeli irəli sürür. Bu model hərbi bazalar üzərində deyil, dövlətlərin suverenliyinə sayğı, sınırların toxunulmazlığı, bölgəsəl kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması üzərində qurulur. Çünki əsl təhlükəsizlik xarici orduların sayının artması ilə qiymətləndirilmir; əsl təhlükəsizlik savaş səbəblərinin azalması ilə başlayır. Bəli, əbədi bazalar yoxdur, əbədi çıxarlar var. - Tarix bu həqiqəti bizə dəfələrlə göstərib. Dövlətlər dəyişir, ittifaqlar dəyişir, hərbi doktrinlər dəyişir; ancaq bölgədə qalıcı sabitliyi təmin edən yeganə qüvvə bölgə xalqlarının öz iradəsi, qarşılıqlı güvəni və ədalətli sülhüdür. Güney Qafqazın gələcəyi də məhz bu seçimdən asılı olacaqdır", - deyə ekspert əlavə edib.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31