İsrailin “erməni soyqırımı” mesajı xəbərdarlıqdır, yoxsa strateji qərar?- ÖZƏL
11:48 Siyasət
"İsrailin Baş naziri Benyamin Netanyahunun erməni soyqırımının tanınmasını dəstəkləməsi ilə bağlı açıqlaması gözlənilməz deyildi. Son aylarda Türkiyədə dövlət, media və ictimai səviyyədə güclənən anti-İsrail ritorikasına Təl-Əvivin siyasi xəbərdarlıq mesajı bir cavab reaksiyası kimi də qiymətləndirilə bilər". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "İsrailin erməni soyqırımı məsələsini yenidən gündəmə gətirməsinə ABŞ-İsrail-İran qarşıdurmasının da təsiri istisna deyil. Olsun ki, Azərbaycan və Türkiyə faktiki İranı dəstəkləyərək, Tehranın tam təcrid olunmasına yönəlmiş siyasətə qoşulmaması Təl-Əvivdə müəyyən siyasi narazılıq yaradıb. "Erməni soyqırımı" kartının yenidən dövriyyəyə buraxılması Ankara və dolayısıyla Bakıya ünvanlanmış siyasi xəbərdarlıq da hesab olar. Azərbaycan səfirinin Təl-Əvivdən məsləhətləşmə üçün geri çağırılması özündə müəyyən əlamətləri ehtiva edir.
Bütün bunlarla yanaşı hesab edirəm ki, bu, real tanınma qərarından daha çox siyasi təzyiq vasitəsidir. Çünki İsrail üçün "erməni soyqırımı" məsələsi ilk növbədə Türkiyəyə qarşı istifadə edilən strateji rıçaqdır. Bu rıçaq tanınma baş verdiyi anda təsir gücünü itirir. Buna görə də İsrailin könüllü şəkildə bu vasitədən imtina etməsi inandırıcı görünmür.
Digər tərəfdən, belə bir addımın regional siyasi nəticələri İsrail üçün əlavə risklər yarada bilər. Bu, Türkiyə ilə İran arasında yaxınlaşmanı dərinləşdirə, Ankara ilə Təl-Əviv arasındakı gərginliyi daha da artıra bilər. İsrail Yaxın Şərqdə Türkiyə kimi regional gücü özünə qarşı daha sərt mövqeyə sövq etməkdə maraqlı olmaz. Hətta İsrail gələcəkdə belə bir qərar qəbul etsə belə, bunun Türkiyə üçün hüquqi və ya siyasi öhdəlik yaradan nəticəsi olmayacaq. Əvəzində, İsrail regionda öz geosiyasi vəziyyətini daha mürəkkəb hala gətirmiş olacaq. Bu səbəbdən düşünürəm ki, səsləndirilən açıqlama real siyasi qərardan çox, Ankaraya ünvanlanmış çəkindirici və xəbərdarlıq xarakterli mesajdır".