Kremlə bağlı keçmiş məmurun 35 milyonluq qəsri satışa çıxarıldı

Rusiyanın keçmiş yüksək vəzifəli məmuru Kirill Androsovun İsveçrədəki dəbdəbəli qəsr oteli satışa çıxarılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Luzerner Zeitung" qəzeti məlumat yayıb.

Məlumata görə, İsveçrənin Lüsern şəhərində yerləşən Château Gütsch qəsr oteli 35 milyon İsveçrə frankına satışa çıxarılıb. Obyekt Rusiyanın keçmiş məmuru və investoru Kirill Androsova məxsusdur.

Androsov dördulduzlu oteli 2021-ci ilin iyununda 16,5 milyon franka almış və uzunmüddətli investisiya planları qurduğunu bildirmişdi. Lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra onun İsveçrədəki fəaliyyəti çətinləşib.

Nəşr yazır ki, Androsov sanksiyalar altında olmasa da, siyasi keçmişi və Kremlin rəhbərliyi ilə əlaqələri səbəbindən İsveçrə hakimiyyətinin diqqət mərkəzinə düşüb. Bu isə onun maliyyə imkanlarını məhdudlaşdırıb.

"Luzerner Zeitung" qeyd edir ki, otelin satışa çıxarıldığını idarəedici şirkətin rəhbərliyində baş verən dəyişikliklər də təsdiqləyir. Direktorlar şurasının əvvəlki tərkibindən yalnız sədr Benno Hafner qalıb və o, Barnes Suisse daşınmaz əmlak agentliyi ilə birlikdə alıcı axtarır.

Nəşrin məlumatına görə, sövdələşmənin qarşısındakı əsas maneə qiymətdir. Potensial alıcılar 35 milyon frankı "tamamilə qeyri-real" hesab edirlər. Lakin Androsov oteli zərərlə satmaq istəmir. O bildirir ki, alış və sonrakı investisiyalar da daxil olmaqla, obyektə ümumilikdə 24 milyon frank yatırıb.

Kirill Androsov Rusiyanın keçmiş iqtisadi inkişaf nazirinin müavini və "Sberbank" rəhbəri German Qrefin uzunillik yaxın silahdaşı hesab olunur. Bir sıra araşdırma layihələri Androsovun Qrefin bəzi aktivlərinin nominal sahibi ola biləcəyini iddia edib. Jurnalistlər bu sxemi Androsovun təsis etdiyi "Altera Capital" investisiya fondu ilə əlaqələndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31