ABŞ-nin Qafqaz strategiyası: Hədəf Rusiya, alət Ermənistan – ÖZƏL

"Amerika Birləşmiş Ştatlarının strateji məqsədi üç Cənubi Qafqaz respublikasını öz təsiri altına salmaq və Rusiyanın cənub cinahını bağlamaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb və NATO bloku Rusiyanı düşmən elan edib. Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün onun ətrafında qaynar ocaqlar yaratmaqdadır. Artıq Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri kəsilib. Rusiyanın cənub cinahını bağlamaq üçün mütləq şəkildə üç Cənubi Qafqaz respublikası Qərbin təsiri altında olmalıdır. Xatırlatmaq yerinə düşər ki, Gürcüstanın baş naziri açıq şəkildə bəyan etmişdi ki, Avropa Gürcüstana təzyiq edir ki, Rusiya ilə ikinci cəbhə açsın və Rusiya ilə qarşıdurmaya getsin. Bu baxımdan Ermənistanda da Amerika Birləşmiş Ştatları demokratiya ideyası altında Rusiyanın ətrafındakı dövlətləri öz təsiri altına salaraq özünə münasib hakimiyyət formalaşdırır. Demokratiya ideyası adı altında Rusiyaya yaxın olan dövlətlərdə dövlət çevrilişləri həyata keçirilir və özlərinə münasib şəxslər hakimiyyətə gətirilir. Bundan sonra isə həmin hakimiyyətlərdən istifadə olunur. Biz bunu Saakaşvili dövründə Gürcüstanda gördük. Ukraynada Zelenskinin simasında görürük, son mərhələdə isə Ermənistanda Paşinyanın simasında bunu müşahidə edirik. Amerika Birləşmiş Ştatları Paşinyanı hakimiyyətə gətirməklə onun qarşısına Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və Ermənistanın xarici siyasət kursunu Qərb istiqamətində inkişaf etdirmək vəzifəsini qoyub. Paşinyan da bu öhdəliyi uğurla həyata keçirir və hakimiyyətə gəldiyi gündən bu günə qədər açıq şəkildə Rusiyanın Ermənistandakı nüfuzunu zəiflədir, Qərbyönlü siyasi kurs həyata keçirir. Paşinyan hesab edir ki, Ermənistan istənilən dövlətlə əməkdaşlıq edə bilər. Ancaq bu əməkdaşlıq üçüncü tərəfin əleyhinə istifadə edilməməlidir. Ermənistanla Qərb arasında, istər Amerika Birləşmiş Ştatları, istərsə də Avropa ilə əməkdaşlıq Rusiyanın əleyhinə hesablanıb və Rusiya tərəfi də bunu açıq şəkildə görür. Rusiya dəfələrlə bəyan edir ki, iki masada əyləşmək olmaz. Ya Avropa Birliyini seçməlisən, ya da Avrasiya İqtisadi Birliyini. Ermənistanın apardığı siyasət regionda qarşıdurma yaradır, qlobal güclərin maraqlarını toqquşdurur və nəticədə Cənubi Qafqazda sabitliyi pozur. Bu, Cənubi Qafqaz respublikalarının hamısına bu və ya digər formada təsir göstərir. Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu bölgəyə çevrilib. Daha doğrusu, Amerika ilə Rusiyanın dünya siyasətində maraqları burada toqquşur. Əgər bu maraqların birinci episentri Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdır. Cənubi Qafqazda Amerika Birləşmiş Ştatları bu siyasəti Ermənistan üzərindən həyata keçirir. Artıq Ermənistanın dövlət strukturlarında, istər baş nazir aparatında, istər digər dövlət qurumlarında, istər orduda, istərsə də təhlükəsizlik xidmətində sorosçular yer alıblar və onlar açıq şəkildə Rusiya əleyhinə təbliğat aparırlar. Bu da regionda qarşıdurma ilə nəticələnir. Qlobal güclərin maraqlarının toqquşması, daha doğrusu, Paşinyanın apardığı siyasət qlobal güclərin maraqlarını toqquşdurmaqla Cənubi Qafqaz respublikalarına da bu və ya digər formada təsir edir.

"Paşinyan yaxşı bilir ki, Rusiyanın Ermənistana iqtisadi, siyasi və hərbi təsir vasitələri kifayət qədər genişdir. Rusiyadakı erməni diasporu Ermənistanda çox ciddi fəaliyyət göstərir. İqtisadi baxımdan da Ermənistanın idxal və ixrac əməliyyatları böyük ölçüdə Rusiyadan asılıdır. Bu baxımdan Rusiya istənilən vaxt Ermənistanda iqtisadi vəziyyəti gərginləşdirə bilər. Buna görə də Paşinyan çalışır ki, sürətlə Qərbə inteqrasiya etsin, Qərbin dəstəyini alsın və iqtisadi baxımdan müstəqillik əldə etsin. Ancaq məsələ burasındadır ki, Ermənistanın Qərbə inteqrasiyası mütləq şəkildə qonşularla münasibətlərinin yaxşılaşmasından keçir. Çünki istər Türkiyə, istərsə də Azərbaycanla münasibətlər normallaşmadan Ermənistanın qlobal iqtisadi sistemə inteqrasiyası real deyil. İqtisadiyyatın şah damarı dəmir yoludur. Ermənistanın dəmir yolu infrastrukturunun tam işlək vəziyyətə gəlməsi üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalanmalıdır. Ermənistan dövləti və Ermənistan xalqı qonşularla dinc yanaşı yaşamaq prinsipini qəbul etməlidir. Bu gün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Ermənistan cəmiyyəti referendum keçirərək bu iddialardan əl çəkməlidir. Konstitusiya dəyişdirilməli, qonşularla dinc yanaşı yaşamaq prinsipi qəbul edilməlidir. Bundan sonra həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlər inkişaf etdirilməlidir ki, Ermənistan dünya iqtisadi sisteminə inteqrasiya edə bilsin. Ermənistanın Avropaya inteqrasiyası üçün mütləq şəkildə Türkiyə ilə sərhədlərin açılması vacib məsələdir. Qlobal iqtisadi sistemə daxil olmaq üçün isə Azərbaycanla sülh sazişi imzalanmalıdır", - deyə ekspert qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın apardığı siyasət regionda balanslaşdırıcı siyasət deyil, əksinə, qarşıdurma siyasəti yaradır. Ermənistanın Avropa ilə inteqrasiyası gələcəkdə NATO blokuna üzvlük və təhlükəsizliyini NATO çətiri altında təmin etmək istəyi ilə nəticələnə bilər. Bu isə həm İranın, həm də Rusiyanın strateji maraqlarına ziddir. Paşinyanın apardığı bu geosiyasi siyasət təkcə Cənubi Qafqaz dövlətlərinin deyil, eyni zamanda regionun qonşuları olan İran və Rusiyanın da maraqlarına ziddir. Buna görə də Paşinyanın apardığı siyasət Cənubi Qafqazda sabitliyi pozur. Bu isə Amerikanın strateji maraqlarına uyğundur. Çünki Amerikanın strateji məqsədi Cənubi Qafqazda xaos yaratmaq və Rusiyanın cənub cinahını bağlamaqdır. Şimal-Cənub dəhlizi vasitəsilə Rusiya İran körfəzinə, oradan isə Hind okeanına çıxış əldə edir. Bu isə Amerikanın maraqlarına uyğun deyil. Amerikanın məqsədi Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək və onu zəiflətməkdir. Amerikanın strategiyasına görə üç əsas təhlükə mənbəyi var və bu təhlükələr aradan qaldırılmalıdır. Bunlardan biri hərbi gücünə görə Rusiyadır, ikincisi iqtisadi gücünə görə Çindir, üçüncüsü isə maliyyə gücünə görə Avropanın pul vahidi olan avrodur. Bu baxımdan əsas hədəf Rusiyadır. Çünki Rusiya qlobal güc mərkəzidir. Rusiyanı dünya siyasətindən təcrid etmək üçün onun ətrafında qaynar ocaqlar yaratmaq və Rusiyanı müxtəlif münaqişələrə cəlb etmək siyasəti həyata keçirilir. Ukrayna münaqişəsi buna bariz nümunədir. Hətta Gürcüstandan da bu məqsədlə istifadə etmək istəyirdilər. Amerikanın məqsədi Rusiyanın ətrafındakı dövlətləri alətə çevirərək onlardan Rusiya əleyhinə istifadə etməkdir. Cənubi Qafqazda isə bu siyasət Ermənistan üzərindən həyata keçirilir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31