Həyatını səhnədə “əridən” aşiq aktrisa - “Aşiq olmağımın səbəbkarı Şəfiqə Məmmədovadı”...
İlk baxışda tanımadım, çox dəyişib. Təəccübümü gizlədə bilmədim: “Siz o xanımsınız, yoxsa...”? Gülümsünərək cavab verdi ki, həmin adamdı, sadəcə xəstəlikdən dolayi mədəsində əməliyyat olunub. Ona görə də arıqlayib, çəkisi azalıb.Amma belə rahatdı, sağlamdı, özünü çox yüngül və gümrah hiss edir.
20 Noyabr 2017 13:44 Mədəniyyətİlk baxışda tanımadım, çox dəyişib. Təəccübümü gizlədə bilmədim: "Siz o xanımsınız, yoxsa..."? Gülümsünərək cavab verdi ki, həmin adamdı, sadəcə xəstəlikdən dolayi mədəsində əməliyyat olunub. Ona görə də arıqlayib, çəkisi azalıb.Amma belə rahatdı, sağlamdı, özünü çox yüngül və gümrah hiss edir.
- Yaxınlarınız, çevrəniz bu dəyişkənliyi necə qəbul edirlər?
- Çox yaxşı. Mən xoşbəxtəmsə, halımdan məmnunamsa, onlar da eyni hissi keçirirlər. Bilirlər ki, kefimdən əməliyyat olunmadım.
Azərbaycan Dövlət Musiqili Teartın aktyoru, əməkdar artist Nahidə Orucovanın görüşünə birlikdə getdiyimiz gənc aktyor Ənvər Məmmədov söhbətə müdaxilə edir:
-Nahidə xanım gözəl sənətkardı. Geyimi-kecimi, ya da ki, arıqlığı, köklüyü onun istedadına və peşəkarlığına kölgə salmır.
- Doğrudu, Ənvər, amma zaman o zamandı ki, insanların çoxu başqasının eyiblərini tapmağa, hansısa davranışına məqsədli don geyindirməyə, az qala atdığı hər addıma irad tutmağa fürsət axtarır" düşünsəmi dilə gətirmədən mövzunu dəyişirəm. Aktrisa ilə ilə yaradıcılıq söhbətinə başlayıram.
***
- Nahidə xanım, illərdi sizi Musiqili Teatrın səhnəsində görürük.
- İncəsənət İnstitutunu bitirəndən sonra təyinatla getdiyim Sumqayıt Dövlət Dram Teatrında doqquz il çalışmışam. Bu gün isə 24 ildi Musiqili Teatrın səhnəsindəyəm. İfa etdiyim rollar rəngarəngdi. Hər obrazın öz dünyası var. Mən bu dünyanı canlandırmaq üçün can qoyuram.
- "Can qoyuram" deyərkən?..
- Demək istəyirəm ki, heç vaxt məsuliyyətimi itirmirəm. Oynadığım rolların üzərində çox çalışıram, səhnəyə başdansovdu çıxıb tamaşaçını yola vermirəm. Obrazın xarakterini öyrənmək, tamaşaçıya olduğu kimi çatdırmaq üçün var gücümü sərf edirəm. Əvvəllər rejissor tamaşanın mətni ilə tanış olmaq üçün mənə verəndə, oynayacağım obrazın sözlərini yenidən özüm başqa kağızda yazırdım. Nöqtə - vergülünə, eləcə də pauzasına qədər işarələyirdim. İndi bəlkə də heç bir aktyor bu üsuldan istifadə etmir. Üzünü köçürdüyüm mətni oxuyurdum, əzbərləyirdim. Özü də elə-belə əzbərləmirdim, obrazı yaşaya-yaşaya sözləri beynimə həkk edirdim.
-Peşmansınızmı?
-Qətiyyən.
-Sizi televiziya tamaşalarında da izləyirik.
-Rejissor Məhərrəm Bədirzadə sağ olsun. Televiziya tamaşalarına və ədəbi-bədii verilişlərə dəvət edir.
-Sumqayıt Teatrından niyə çıxdınız?
-Qızımın dünyaya gəlişi məni Sumqayit Teatrından uzaqlaşdırdı. Yol uzaq idi. Qəribədir ki, yolun uzunluğunu qızım doğulana qədər hiss etməmişdim. Amma o doğulandan sonra hər gün Bakıdan Sumqayıta gedib - gəlməkdə çətinlik çəkdim. Çıxış yolunu Musiqili Teatrda tapdım.
-Aktyor olmaq uşaqlıq arzunuzdu?
-Əslində mən diktor olmaq istəyirdim. Bakıdaki 167 saylı orta məktəbdə rusca təhsil aldığım üçün Azərbaycan dilində mükəmməl danişa bilmirdim. Ona görə də diktor müsabiqəsindən keçə bilmədim. Hələ də bu arzu ürəyimdən silinməyib.
-Ali məktəbi də rus dilində oxumusunuz?
-Yox. 1980-ci ildə İncəsənət İnstitutunun rus bölməsi bağlandı. Məcbur oldum ana dilində öyrənməyə. Mikayıl Mirzə və Fuad Hacıyevin kursunda oxuyurdum. Mikayıl Mirzə mənə Azərbaycan dilini öyrədirdi. Dilin incəliklərini qavramağım üçünböyük zəhmət çəkib. Ona çox borcluyam, ruhu qarşısında baş əyirəm.
-Bu gün sizi televiziyada veriliş aparmaq üçün dəvət etsələr qəbul edərsinizmi?
-Etiraz etmərəm. Teatrla, aktyor sənəti ilə bağlı veriliş hazırlayardım.
-Sizcə, verilişiniz reytinq qazanardımı?
-Mən buna çox əminəm. Bu gün tamaşaçı şou verilişlərdən doyub, onu daha çox ciddi proqramlar maraqlandırır.
-Bunun üçün lazım olarsa, teatrdan uzaqlaşarsınızmı?
-Teatrın cazibəsinə düşən adamı ordan çıxarmaq mümkün deyil. Səhnə, onun işıqları sirli-sehrli dünyadır, bir möcüzədir. Bu aləmə düşənlər ətraf dünyanı unudurlar. Şəxsi həyatları, sevgiləri teatr sevgisini üstələyə bilmir. Efir heç vaxt teatr səhnəsini əvəz edə bilməz. Televiziyanın tələbləri teatrdan gələn aktyor üçün bəzən keçərli olmur. Ona görə də teatrı televiziyaya qurban vermərəm.
-Belə başa düşdüm ki, sizin teatr sevginiz digər sevgilərlə müqayisədə daha ucadadı.
-Bəli. Mənim həyatım teatrın səhnəsində "əriyib", taleyim tamaşaçı alqışları ilə "yazılıb". Teatra aşiq olmağımın, səhnəyə vurğunluğumun kökündə onun nağıl dünyası, ecazkar aləmi durur.
-Bu aşiqlik və vurğunluq nə zamandan başlayıb?
-Səhnəyə vurğunluğumu bacım yaradıb. Konservatoriya təhsili almışdı, İslam Rzayevin ansamblında kamança ifaçısı idi. Bir dəfə filarmoniyada konsertləri var idi. Necə olmuşdusa konsertin aparıcısı Eldost Bayramov gəlməmişdi. Mənə təklif etdilər ki, səhnəyə çıxıb konserti elan edim. O zamanlar indiki kimi müğənni konsertinəözü aparıcılıq etmirdi. Hər mahnıdan sonra aparıcı növbəti musiqi nömrəsini elan edirdi. Mən də ilk musiqi nömrəsini elan etdim. Çox həyəcanlı idim. Söylədiyim 3-5 kəlmə söz həyatımın istiqamətini müəyyənləşdirdi. Hiss etdim ki, səhnə məni özünə ahənrüba kimi çəkdi. Onda orta məktəbin yuxarı siniflərində oxuyurdum. Teatra aşiq olmağımın səbəbkarı isə xalq artisti Şəfiqə Məmmədovadı. Mirzə Cəlilin "Dəli yiğincağı"ndakı Pırpız Sonaya baxan gündən Şəfiqə xanim kumirimdi. Pırpız Sonanın səhnədəki hərəkətləri - yerişi, duruşu, tamaşaçı ilə davranışı, baxışları... illər keçib, amma hələ də gözlərimin önündədi. Şəfiqə xanım sanki, uçurdu, yerimirdi, balerina kimi ayaqlarının ucunda hərəkət edirdi.
-Teatrda istədiyiniz rolların hamısını ifa etmisinizmi?
-Vaxtilə Dezdemonani istəmişəm, amma qismət olmayib. İndi də Gertrudanı canlandırmaq arzusundayam.
- Aktyorun keçdiyi həyat yolu, teatr və kino yaradıcılığı cəmiyyətdəki mövqeyinə təsir edirmi?
-Şübhəsiz. Aktyorluq elə bir sənətdir ki, cəmiyyətin hər pilləsində bir iz qoyur.İfa etdiyi rollar, yaratdığı obrazlar bütün təbəqələri əhatə etdiyi üçün o, cəmiyyətdə də, ictimaiyyətdə də yaradıcı adam kimi tanınır. Yaratdığını tam olaraq ortaya qoyub tamaşaçıya sevdirəndə isə onun şəxsiyyəti ilə keçdiyi həyat yolu müəyyən bir nöqtədə üst-üstə düşür. Tamaşaçı ona pərəstiş edir, fanat ordusu qazanır.
-Sizin fanatınız varmı?
-Var...
Bayaqdan söhbətimizə sakitcə qulaq asan Ənvər Nahidə xanımın sözünü kəsir:
-Mən onun fanatıyam. Həm də təkcə aktyor kimi deyil, gözəl bir insan kimi sevirəm. O, mənim üçün doğmalarım, əzizlərim qədər qiymətlidir. Mənə "balam" deyir, xətrimi çox istəyir, övladı qədər hörmət edir. Nahidə xanim çox gözəl anadır. Mənə də ana kimi faydalı məsləhətlər verir, həyat yolunda düzgün addımlamağım üçün hər zaman qolumdan tutur. Aktyorluğun bəzi incəliklərini də ondan öyrənirəm.
- Teatrda və kinoda oynadığınız rollardan hansıların adını çəkmək istəyərdiniz?
-Teatrda Cavanşir Quliyev, Əli Əmirli "İtkin ər" tamaşasında İzabella, Emin Sabitoğlu, Tamara Vəliyeva "Bankir adaxlı"da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq "Bir saatlıq xəlifəlik"də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev "Əlin cibində olsun"da Gülşad xanım, Ramiz Mustafayev, Cahangir Məmmədov "Məsmə xala dayımdır"da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik"də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova "Nəğməli Könül"də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər "Qızıl toy"da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik"də Nailə xanım, Üzeyir Hacıbəyli "Ər və arvad"da Minnət xanım, Vasif Adıgözəlov, Anar "Aldın payını, çağır dayını"da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlun"da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın bu olsun"da Sənəm, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana"da Sevda, Üzeyir Hacıbəyli "Arşın mal alan"da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma"da Tekle. Kinoda "Asif, Vasif, Ağasif" (musiqi müəlliməsi) "Ayrılıq imiş" (xidmətçi), " Biz qayıdacağıq" (həkim), "Xüsusi vəziyyət" (şikayətçi), "Kişiləri qoruyun" (Rübabə), "Qızlar" (Sədaqət), "Moskva-Bakı qatarı" (satıcı), "Nə gözəldir bu dünya" (Asim Əliyeviçin arvadı), "Spasibo" (yengə), "Tam məxfi" (Səbinənin anası), "Yanmış körpülər" (Qreta), "Yük" (qulluqçu Kübra) "Yurd yeri" (Hüsniyyə)...
***
... Zahirən dəyişən aktrisanin daxilən dəyişmədiyini, sənətini ucada tutmağın yollarını hər gün öyrənən, 33 ildə 33, bəlkə də daha çox obrazın həyatını yaşayan Nahidə xanımla həmsöhbət olduğum müddətdə gözüm onun yeni görünüşünə alışdı. Doğrudan da belə qəşəng görünür. İndiki zərif, incə, gənc görünüşlü xanim hara, əvvəlki iri bədənli, kök qadın hara?
Allah sağlam ömür versin, Nahidə xanım.
Züleyxa NADİR