Gözdə Kurtun müsahibəsi Orxan Əlibəyovun tərcüməsində
1 İyul 2017 22:33 MədəniyyətGözdə Kurt : "Obraz mənə adını demək istəmədi"
Sonuncu romanı "Körpüdə dayanıb məni öpməsini gözləyəcəm" olan Gözde Kurt son vaxtların ən uğurlu qadın yazarlarındandır. Psixoloji təhlillərinə və axıcı dilinə heyran olduğumuz yazarla sonuncu romanı daxil olmaqla bir çox gələcək ədəbiyyat planları haqqında danışmışıq.
- Yazmağa necə başlamısınız? Sizi istiqamətləndirən kimsə var idi?
-Mənə heç kim "ədəbiyyat yarat" deməyib. Amma orta məktəb vaxtında yazdığım hekayələri oxuyan direktorumuzun atama zəng etdiyini xatırlayıram. "Qızınız yazar olacaq" demişdi. Bilmirəm, bəlkə də bu məni cəsarətləndirmişdi. Bunu eşidəndə təsirlənməmişdim. Uşaq ağlı belə şeyləri mənalandıra bilmir. Amma şüurumun alt qatında yatan bircə şey var idi: hekayə danışmaq, özümü inandıra bilmək. Keçmişə dönüb baxanda bunları görə bilirəm. Danışdığım hekayələr vasitəsiylə təəccübləndirmək, sevindirmək, kədərləndirmək istəyirdim.
Anam mənə çox kitablar alırdı. On beş gündən bir görüşürdük. Hər dəfəsində yeni kitablar gətirirdi. O kitabları acgözlüklə oxuyurdum. Universitet illərinə qədər bu belə davam elədi. Roman yazmağa başlayanda hər şeyin yerli-yerinə oturduğunu hiss elədim. Sən demə yazmaq lazım olduğunu dərk eləyirdim. Yazmaq bir dünyadır, artıq ora daxil olanda içində yaşadığın fiziki dünyadan fərqli bir məkanın sakininə çevrilirsən və buna harada, nə vaxt başladığını elə də xatırlamırsan, elə bil ki, sən elə həmişə yazmısan, həmişə bu məkanda olmusan.
- Kitablarınızda psixoloji təhlillərə daha çox yer verirsiniz və bu əsas obrazın baxışlarında əks olunur. Buna belə önəm verməyinizin xüsusi bir səbəbi varmı?
-Yazaraq özümün, insanların, həyatın, dünyanın-məna yüklədiyimiz hər şeyin daxili qatlarına enməyə çalışıram. Dolayısıyla hadisəni personajın öz baxış bucağından, daha dəqiq desək psixologiyasından izah etməyə çalışıram. Başqa cür eləsəm müşahidə aparmış kimi olmaram?
Təhkiyənin təməl prinsiplərindən biri də oxucuya hekayəsini danışdığın personajın beyninin içindən səslənə bilməkdir. Təbii ki, hadisələrə təkcə təhkiyəçinin gözündən də baxa bilərik, kontekstə görə dəyişə bilər. Bir adamın su içdiyini yaza bilərsiniz amma adamın suyu necə içdiyi-həyacansız ya həyacanlı içməsi bizə bu mənada çox şey deyə bilər. Xarakterlərin psixologiyasını hekayəyə qatmaq da bunun kimidir. Bu onların nəyi nə üçün elədiyini ortaya çıxarır.
- Yenicə çap olunan "Körpüdə dayanıb məni öpməyini gözləyəcəm" romanınızdan qısaca olaraq danışa bilərsiniz? Bir də romandakı əsas obrazın adını niyə gizli saxlamısınız?
-Gizli olmağının xüsusi bir səbəbi yoxdur, obraz mənə adını demək istəmədi. Mən də üstünə getmədim. Yəni, beynimdə onunla dialoqların heç birində adını bilmirdim, bildirmirdi. Demək ki, elə belə də qalmalı idi.
Gənc bir qadının həyatının bir günün içində dağılması və təkrar inşa olunması, üstəlik də əvvəlkindən daha yaxşı, daha mənalı, daha əyləncəli və təminatlı bir vəziyyətə gəlib çıxmasından bəhs edir mənim romanım. Sonra olacaqlardan qorxmamaq lazım olduğunu başa salır. Adını deməyən obrazımız əsl qəhrəmanın arxasıyca gedir və həyatı yenidən inşa olunur. O, sadəcə ağrı çəkdiyini və axmaqlıq elədiyini zənn edir. Əslində isə kərpicləri bir-bir yerinə qoyur. Güldən əsas xarakterdir. Onun ardınca gedirik. Heç danışmasa da bu onun əhvalatıdır. Özünəməxsus bir qadındır. Fərqli tərəflərindən əziyyət çəkir. Əslində hər şeyin fərqindəndir, onu ağrıdan budur. Bu cür yaşamaq ona çətin gəlir. Arada bir heç kimə heç nə demədən yoxa çıxır. Hamı onun bu halına öyrəşib artıq. Amma sonuncu dəfə yoxa çıxanda işlər biraz fərqli məcrada davam edir. Bir də təsadüfləri sorğulayırıq. Həyat dediyimiz bir şey təsadüflər toplusudurmu? Bunu analiz edirik.
- Hekayə və ya roman yazanda sizi nələr təsirləndirir? Nə ilhamlandırır?
-Həyat və canlılar, hətta cansızlar-hamısı ilham mənbəyimdir. Bir qəhvə fincanı, bir küçə heyvanı, bir parkda oturan adam və ya küçədəki səkilər.
Bəzən tək bir söz, bir baxış. Gözlərim, qulaqlarım, barmaqlarım və yaddaşım bu mənada xəzinələrimdir. Yaddaş dediyim yaddaşımda qalanlar, onların yaddaşımdakı vəziyyətidir. Yəni siz yaddaşınızda olan bir şeyi realdakı kimi xatırladığınızı düşünürsünüz. Amma elə deyil. Mən onları yaxşıca silkələyib hekayəmdə istifadə edə biləcəyim bir vəziyyətə gətirirəm. Fantaziyamın tələb etdiyi, dərdimi deyə biləcəyim formaya salıram. Yaddaş dediyim elə həyatın özüdür. Özümün, ətrafdakıların ya da xəyalımda yaşatdıqlarımın məndə buraxdıqları izlərdir.
- "Ölü çiçəklər muzeyi" adlı bir hekayə kitabınız və son romanınız xaricində bir də "Kozanın tərəddüdü" adlı bir kitabınız var. Roman və ya hekayə yazmaq desəm hansını daha çox sevirsiniz?
-Roman. Roman yazmaq mənə yaşadığımı hiss etdirir. Ancaq o vaxt özümə bir bütün kimi baxa bilirəm. Başqa cür özümü parçalanmış hiss edirəm və toparlanmaq istəyirəm. Hər canlı kimi varlığımın mənasını dərk eləmək istəyirəm. Həyatı, dünyanı, insanları izah edəndə özümü tapıram və haqqında danışdığım o bütünlüyü ancaq roman yazanda hiss edə bilirəm. "Ölü çiçəklər muzeyi" yazarlığa ilk başladığım vaxtlardan yazdığım və 10 il ərzində topladığım hekayələrdən ibarət kitabdır. Bir də hekayələr kitabı yazaram, ya yazmaram bilmirəm. Roman yazarı kimi xatırlanmaq istəyirəm.
"Kozanın tərəddüdü"ndən danışdız. Bəli, o, mənim üçün qiymətli kitabdır. İnsanın özünə inanmağa ehtiyacı vardır. "Kozanın tərəddüdü" romançı olmağımı təsdiqlədi mənim üçün.
- Yeni kitabınız çıxdı. Beyninizdə başqa bir roman və ya hansısa ədəbiyyat nümunəsi yaratmaq fikri var?
-Var, üzərində işləyirəm. Amma "Körpüdə dayanıb məni öpməyini gözləyəcəm" - i içimdən çıxara bilmirəm. Hələ ki, xarakterlərlə danışmaqdan əl çəkməmişəm. Bir-birimizlə həqiqətən vidalaşanda yeni romana köklənə biləcəyimə ümid edirəm. Bir yol qurtarmadan başqasına keçmək olmur. Evə gələndə ayaqlarınızı uzadıb yolda olub keçənləri yadınıza salır, növbəti günə hazırlaşmağa çalışırsınız. Amma edəcəyiniz çox iş var. Çantanızı boşaltmaqdan tutmuş evinizin təmizliyinə qədər.
Bu dediklərimi təsəvvür edin. Bax, mən indi özümü bu cür hiss edirəm. Əvvəlki romanımın qəhrəmanları ilə vidalaşmaq da işin duyğusal tərəfidir. Bu bir təmizlənmə prosesidir və bu başa çatanda artıq növbəti romanıma başlaya biləcəm.
Sanatonline