Əli Mustafa: "İran Ermənistan üzərindən ABŞ ilə anlaşmağa çalışa bilər" – ÖZƏL

"İrəvan hələlik İranla danışır, Avropa istiqamətində gedir və Rusiya ilə də müəyyən formada danışmağa çalışır. Ümumiyyətlə, Ermənistan məsələsində İranın müəyyən qədər güzəştli mövqe tutduğunu da görürük. Baxmayaraq ki, burada "kənar qüvvələr" deyəndə İran daha çox Avropa İttifaqı və ABŞ-ni nəzərdə tutur. Onların da Ermənistanla əməkdaşlığı kifayət qədər ciddidir və bu əməkdaşlıq getdikcə dərinləşir. Üstəlik, TRIPP dəhlizi məsələsi var. Bunlar sanki İran üçün bir qədər arzuolunmazdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, digər tərəfdən də görürük ki, İran Avropa ilə, eyni zamanda, Amerika ilə də uzlaşmağa, anlaşmağa çalışır. Açıq deyim ki, Amerikanın tətbiq etdiyi sanksiyalar İran üçün kifayət qədər ciddi problemlər yaradır. Odur ki, hətta İran Ermənistan üzərindən belə hansısa məsələlərdə Amerika ilə uzlaşmağa çalışa bilər. Yəni, Mirzoyanın səfərində də ola bilsin, bu məqamlar var. Çünki regionda kifayət qədər ziddiyyətlər mövcuddur, amma əməkdaşlıq perspektivləri də var. Başqa tərəfdən də biz bilirik ki, həm İran, həm də Tehran praqmatikdir. Üzdə nə qədər asılı görünsələr də, hansısa bloklara bağlı təsir bağışlasalar da, gerçəklikdə onlar reallığı anlayırlar və lazım olan yerlərdə uzlaşmalı, anlaşmalı, birgə maraqları qorumaq üçün hətta güzəştlərə belə getməyi bacarırlar. Yəni, hesab edirəm ki, burada 3+3 formatı açıq şəkildə işlək deyil. Bu, daha çox Rusiyanın, İranın, Türkiyənin və üç Cənubi Qafqaz ölkəsinin əməkdaşlıq formatıdır. Amma indi bölgədə digər oyunçular - Çin, Avropa, Britaniya, Amerika da var və onların ümumiyyətlə bölgəyə gəlməsi, ola bilsin ki, İranın burada manevr imkanlarını məhdudlaşdırır. Amma açıq şəkildə indi bu proses təbii şəkildə gedir və həmin qüvvələrin də burada tədricən güclənməsi İranın istəyi ilə bağlı deyil. Yəni İran istəsə belə, bu prosesə mane olacaq gücdə deyil. Odur ki, hesab edirəm ki, İran hər zaman Ermənistanı qoruduğu, müdafiə etdiyi kimi, yenə də Ermənistanla əməkdaşlıqda maraqlıdır. Ermənistan da ola bilsin ki, həm Amerika ilə, həm də İranla əməkdaşlığı uzlaşdırmaq üçün müəyyən reallıqlar yaratmağa çalışır. Yəni bu maraqları uzlaşdırmağa çalışır. Çünki bu gün Amerikanın İrandan, İranın da Amerikadan istədiyi məsələlər var. Hətta dediyim kimi, Ermənistan məsələdə əsas tərəf deyil, ola bilər ki, bunların uzlaşmasında vasitəçi rolunda olsun. Amma digər tərəfdən də sanki Ermənistanın xətrinə İranla Amerika, Amerika da İranla müəyyən güzəştlərə getməyə hazır kimi görünür. Hər halda, bugünkü diplomatik səylərin arxasında, yəni regionla bağlı məsələlər müzakirə olunanda, bu güzəşt imkanlarının və fürsətlərin də dəyərləndirilməsi mümkündür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31