Göylərə qeyb olan SƏNƏTKAR - İTHAF
6 Dekabr 2012 11:00 MədəniyyətOnunla son görüşüm ölümündən 10 gün əvvələ təsadüf etmişdi. Bu görüş əvvəlkilərdən fərqlənirdi. Simasında sanki onu başqa günlərdəkindən fərqləndirən bir solğunluq, bir nuranilik vardı. Özünə heç nə söyləmədim, amma susa da bilmədim. Yaxınlarıma onun çox solğun göründüyünü, hətta bir az irəliyə gedərək "sifətində ölüm gördüm" dedim. 10 gün sonra qəfil bir telefon zəngi bu söylədiyimin doğru çıxdığını təsdiqləyəndə ən yaxın dostu itirməyin acısını günlər əvvəldən yaşamağın nə olduğunu anladım.
***
Müğənni Vidadi Bərdəlinin ölüm xəbərini mətbuat da yazdı. Amma heç kəs onun əslində kim olduğunu, necə insan olduğunu və bizim onun timsalında kimi itirdiyimizin fərqinə varmadı. Saglığında qədrini bilmədik, elə özü kimi. Özü də özünün qədrini bilmədi. Kimlərə lazım olduğunu, onun kimi insanlara həmişə ehtiyac duyulduğunun fərqində belə olmadan yaşadı. Yaşamı ilə onu tanıyanları təəccübləndirdiyi kimi, ölümü ilə də kədərə boğdu. Vidadini tanıyanlar yaxşı bilir ki, onu başqalarından, xüsusilə də təmsil olunduğu cameədən fərqləndirən çox şey vardı. O cadəcə başqaları kimi deyildi, ola bilmirdi, bunu özünə, mənliyinə sığışdırmırdı. Özünü "ən yaxşılardan" hesab edib buna uyğun davranış sərgiləməməsinə baxmayaraq "buna uyğun rəftar tələb edən" çoxlarından seçilirdi. Ömründə bir dəfə də olsun hansısa xahişlə kimlərinsə qapısını döymədi, "o görüşlərdə" nələrin söyləndiyindən xəbərsiz idi. Özünə sitəm edirdi, yanğılı səsini qulaq verib bu yanğını ürəyində hiss edənlərin alqışı ilə kifayətlənirdi. Bəlkə də intihara doğru yol getdiyinin fərqində idi, amma başqa cür ola bilməyənlərin qədəri budur - susmaq və kədərləndirmək!
Kədəri də başqa cür yaşatdı sevənlərinə. Deyirlər kişilər göz yaşlarını ürəklərinə axıdır. Onun ölüm xəbərini eşidən kişilərin çoxu qanlarına işləmiş, sanki qurur mənbəyinə çevirdikləri adətlərindən əl çəkdilər. Yas məclisində çoxlarının ürəyinə axan yaş yanaqlardan da süzüldü, təkcə Vidadi Bərdəliyə ağlamadılar, onu itirdiyimiz, qoruya bilmədiyimiz üçün bizlərə də, özümüzə da ağladıq.
***
Vidadi Bərdəli riyakarlıqdan, saxtalıqdan, yalandan uzaq idi. Əsl dost, əsl qardaş, əsl ata, əsl sənətkar idi!
Vidadi Bərdəli güc aldığı Azərbaycan torpağından özündə yaşatdığı əyilməzliyi, kişiliyi, mərdliyi də, nisgili də özü ilə bərabər apardı. Ölümünə aparan yolda doğulduğu Laçın torpağının nisgili də vardı, itirilənlərin xiffəti də. Yəqin elə buna görədir ki, əsl dağ adamının mərdliyini yaşadırdı özündə. Çətin idi, təmsil olunduğu cameədə onun kimi olub nələrəsə ümid edənlər olsun. Bilirdi ki, kimlərinsə qapısını döyüb üzünə gülümsəmək, kimlərdənsə rica etmək üçün saatlarla gözləmək onun xarakterinə ziddir. Ona görə də cəhd belə göstərmirdi. Bu ona hörmət qazandırırdı. Fəxri ad, titul... qazancdan isə uzaq salırdı. Bu gün qazandıqları ilə xatırlanır Vidadi Bərdəli. İtirdikləri isə zatən ona lazım deyildi...
Vidadi Bərdəlini çox yaxşı tanıyan bir insan kimi deyə bilərəm ki, o indi axirət dünyasının cənnətməkan sakinidir. Çünki onun bircə günahı vardı: özünün qədrini bilməmək. Bu günahı isə tanrı bağışlayar!
Tanrı səni çox sevirmiş... Bilməmişik... Elə səni sevdiyindən də bu gözəl səsi məhz sənə verdi. Bu gözəl xarakteri məhz sənə bağışladı.
Tanrı səni çox sevirmiş. Ona görə məclislər, toy-büsat yaraşığına çevirdi. Elə 53 yaşında - ömrünün, yaradıcılığının ən qaynar çağında da səni öz yanına ona görə apardı... İndi sən orda - səni çox sevən Tanrının yanında, biz isə burda - bu günahkar dünyadayıq. Sənsiz və sənin yoxluğuna inanmaya-inanmaya, yana-yana yaşamaqdayıq...
Bu gün sənin cümə axşamındır. Yenə hamı sənin evinə yığışacaq... yenə hamı səndən danışacaq... Amma bu danışılanların heç biri Vidadi Bərdəli böyüklüyünü ehtiva edə bilməyəcək.
Biz hamımız bu dünyanın qonağıyıq, amma sənin ölümün bizi yandırdı, Vidadi!
Dostum Vidadi Bərdəlinin əziz xatirəsinə
Rüfət Şahbazoğlu