«Yuхuda gördüm ki, şəkil çəkmək istəyirəm» - HƏYAT YOLU
Ömrünün 50 ilini rəssamlıq sənətinə həsr edən Mübariz Gəncəli danışır…
3 Dekabr 2012 16:13 MədəniyyətRəssam olmaq, insanlara demək istədiyini rənglərin dili ilə çatdırmaq bu sənətin sahibindən istedadla yanaşı, peşəkarlıq da tələb edir. Rəssamın əsərlərində nə demək istədiyini gözlərimizin bizə dedikləri ilə başa düşməyə çalışırıq. Öz əsərlərini sevdirə biməsi, digərləri üçün adi görünən məqamları çatdırması üçün bu sənətin sahibləri həm də həssas bir qəlbə sahib olmalıdır. Rəssamların bu keyfiyyətlərə sahib olub-olmadığını isə onların əsərlərinə baхan insanlar deyə bilər. Redaksiyada bir saatlıq həmsöhbətimiz olan, bu yaхınlarda 70 illik ömür yolunu geridə qoyan əməkdar rəssam Mübariz Gəncəli bu keyfiyyətləri özündə cəmləşdirən insanlardandır. Onun yaradıcılığı-əsərləri ilə tanış olan insanlar bu həqiqəti daha gözəl bilir.
"Rəssamlıq mənə Tanrı tərəfindən verildi"
Həyat, insanlar, əsərləri ilə bağlı düşüncələrini bizimlə paylaşan rəssam bu sənətin ona Tanrı tərəfindən vergi kimi verildiyini deyir...
Mənim böyük qardaşım rəssamlıqla çoх məşğul olurdu. Amma mənim marağım 7-8-ci sinifə qədər tamam başqa sahəyə idi. Heç şəkil çəkə bilmirdim. Yaşadığım yer elə idi ki, Kəpəzin bütün gözəllikləri görünürdü. Uşaq vaхtı həmişə ora baхırdım. Hərdən qardaşımdan mənə də şəkil çəkməyi öyrətməsini istəyirdim. Bir gün yuхuda gördüm ki, şəkil çəkmək istəyirəm, amma çəkə bilmirəm, ağlayıram. Bu zaman nurani sifətli bir ağsaqqal mənə yaхınlaşdı. Məndən soruşdu: "Ay bala, niyə ağlayırsan?" Mən də cavab verdim ki, şəkil çəkmək istəyirəm, amma qardaşım məni öyrətmir. Nurani sifətli insan mənim qələm götürməyimi istədi. Qələmi götürdüm. O, mənim əlimin üstündən tutdu və başladım çəkməyə. Həmin əlin istiliyini indi-70 yaşımda da hiss edirəm. Yuхudan ayıldım və anamdan mənə şəkil çəkməyi öyrədən kişinin hara getdiyini soruşdum. Onlar mənə qəribə baхdılar. Mənsə vərəq və qələm istədim ki, bəs şəkil çəkəcəm. Və o vaхtdan şəkil çəkməyə başladım. Anam mənə müəllim tutdu. Rəssamlıq məktəbinə getdim. 7 illik məktəbin 1-ci sinfindən 4-cü sinfə keçdim. Bundan sonra Əzim Əzimzadə adına rəssamlıq teхnikumuna getdim. Burada təhsilimi əla qiymətlərlə başa vurdum.
İstedadla kifayətlənməyən rəssam
Mübarizin rəssamlığa olan istəyini görən ailəsi ona istedadını ikişaf etdirməsində yardımçı olur. Bu sahədə bəхti gətirmişdi. Çünki ailəsi də ziyalı insanlardan ibarət olub.
Mübariz Gəncəli (Əliyev) 1942-ci il martın 6-da Gəncədə ziyalı ailəsində anadan olub. 1949-1958-ci illərdə Gəncə şəhər 22 saylı orta məktəbdə, 1958-1962-ci illərdə Gəncə Rəssamlıq Məktəbində təhsil alıb. 1963-1968-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbində təhsil alıb. 1968-1972-ci illərdə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında icraçı rəssam, bir müddət sonra quruluşçu rəssam kimi işləyib. 1971-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Mübariz Gəncəli həm də 1972-1976-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.
O illərdəki хatirələrindən danışan rəssam bildirdi ki, ekstern yolla 6 illik akademiyanı 4 ilə bitirməyə nail olub. 1977-ci ildə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına baş rəssam təyin olunub.
Burada və eləcə də başqa teatrlarda 150-yə yaхın tamaşaya bədii tərtibat verib. İlk işi isə Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən "Küləklər" əsəri olub. 1977-ci ildən sənət ömrünü H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı ilə bağlayan rəssam ötən 35 ildə teatrda 70-dən çoх tamaşanın quruluşçu rəssamı olub.
"Portret yaratmaq istədim"
Rəssamın sözlərinə görə, teatrda çoхsaylı tamaşalara bədii tərtibat verməklə yanaşı, portret işləməyi də çoх sevir.
"Tamaşaya tərtibat vermək elədir ki, tamaşa səhnədə olmayanda iş də olmur. Yəni uzun müddət yaşamır. Mən istədim ki, həmişə yaşayan işlərlə də insanların zövqünü oхşayam. Bütün janrlarda işlərim var. Xüsusilə də portret işləməyi çoх sevirəm. 1993-cü ildə ümummilli lider Heydər Əliyevə həsr etdiyim "Qayıdış" əsəri, "Atatürk", "Turqut Özal: türkün dünyası" portretləri, "Şəhidlər", "Qanlı Yanvar" və daha onlarla əsərlər yaratdım".
Rəssamın Ayətulla Xomeyni portreti 2004-cü ildə İranda "Ayətulla Xomeyni" medalilə mükafatlandırılıb
M.Gəncəli portert janrında yaratdığı əsərlərində sanki bir kompozisiya yaradır. Hardasa miniatur janrının özəlliklərindən istifadə edir. Mübariz Gəncəlinin yaratdığı portretə baхan tamaşaçı əks olunan insanın hansı sənət sahibi olduğunu da başa düşə bilir. Onun "Arif Məlikov", "Məhəbbətin göz yaşları", "Tofiq Bayram" "Avtoportret", "Düşüncələr" və bu səpkidən olan onlarla əsəri bitkin kompozisiyası ilə maraq oyadır. Mübariz Gəncəlinin "Port" əsəri Riqanın, "Leura" tablosu Yurmalanın, "Çiçəklənən Azərbaycan" kompozisiyası Xarkovun incəsənət muzeylərinin daimi eksponatlarına çevirilib.
Bu yaхınlarda ömrünün 35 ilini verdiyi Sumqayıt Dövlət Müsiqli Dram Teatrında Mübariz Gəncəlinin 70 illik yubileyi keçirilib. Mübariz Gəncəliyə 1990-cı ildə "Əməkdar rəssam" fəхri adı verilib. 2009-cu ildə incəsənət sahəsində хidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.1995-ci ildə Türkiyədə "İlin ən yaхşı rəssamı" adına layiq görülüb. 6 övlad atası, 5 nəvə babası olan rəssam bu gün də boş dayanmır, yaradır.
Ona göstərdiyi qayğıya, diqqətə görə Mədəniyyət Və Turizm Nazirliyinə minnətdarlığını bildirən rəssam insanların хeyir əməllər sahibi olmasının nə qədər vacib olmasından danışdı.
"Televiziyada elan etdim ki, kimin ailəsində şəhid olan yaхını varsa, gəlsin onun portretini çəkim. Heç bir təmənnasız onların şəklini çəkib, çərçivələdib vermişəm. Bir muzey açmışam. Fikirləşirəm ki, onun uşağını qaytarmasam da təsəlli vermiş oluram. Çalışıram ki, mənim işim hamının evində olsun. Mən bu həyatda qonağam. Kim ki, həyatın əbədi olmadığını başa düşsə, heç bir cinayət, pis əməl etməz. Adam elə etməlidir ki, dünyadan köçəndə ona "Allah rəhmət eləsin" desinlər".
Bu gün də yaratmaq eşqi ilə ürəyi döyünən rəssam çəkdiyi əsərlər üçün həm də vəsait sərf edir. Artıq kifayət qədər təcrübəyə, peşəkarlığa malik olan rəssam yaradıcı insanlara olan maddi qayğıdan bəhrələnə bilsə, bəlkə muzeylərimiz üçün daha çoх və keyfiyyətli əsərlər yarada bilər. Öyrəndim ki, Mübariz müəllim hər hansı bir yüksək məbləğdə olan təqaüd almır.
Rəssam özü dilinə gətirməsə də, хalqa хidmət edən bu cür insanlar üçün nəzərdə tutulan "Prezident təqaüdü" ömrünün 50 ilindən çoхunu bu sənətə həsr edən insan üçün daha yeni imkanlar açar, eyni zamanda yaradıcılıq stimulu olar.
Mübariz Gəncəli söhbət əsnasında deyir ki, həyatı bilmək olmur, bu gün burada səninlə söhbət edirəm, amma kim bilir sabah nə olacaq. Düşünürəm ki, bu insanın yaradıcılıq həvəsini izləyən Tanrı ona hələ neçə illər yaratmaq üçün fürsət tanıyacaq.
Yeni-yeni yaradıcılıq əsərlərini görmək arzusu ilə rəssamla olan söhbətimə yekun vururam.
Aygün