Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur
12:04 KriminalBu gün, avqustun 17-də Yasamal Rayon Məhkəməsində iş adamı Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı keçiriləcək. Şikayəti Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə verib.
Musavat.com xəbər verir ki, xüsusi ittiham qaydasında şikayət son aylarda geniş ictimai rezonans doğuran, qızıl alqı-satqısı adı altında yüz minlərlə manat vəsaitin mənimsənilməsi ilə bağlı iddiaların fonunda gündəmə gəlib.
İş adamı Elşən Mahmudbəyli daha əvvəl mediaya açıqlamalarında Rüfət Qasımzadə və digər şəxslər tərəfindən təxminən 700 min manat məbləğində aldadıldığını iddia edib. Onun sözlərinə görə, tərəflər arasında etimada əsaslanan münasibətləri olub. Rüfət Qasımzadənin ailə əlaqələri və tanınmış şəxslərlə münasibətləri də bu etimadın formalaşmasına təsir göstərib.
Elşən Mahmudbəyli bildirib ki, ona və digər şəxslərə Mərkəzi Univermaqda qızıl mağazası açılması, qızıl alqı-satqısı həyata keçirilməsi və yüksək gəlir əldə olunması təklif edilib. Elşən Mahmudbəyli və dostları bu layihəyə ümumilikdə təxminən 715 min manat vəsait qoyublar. Lakin sonradan vəd edilən biznesin reallaşmadığı və pulların qaytarılmadığı bildirilib.
Elşən Mahmudbəyli açıqlamalarında bildirib ki, Rüfət Qasımzadə Türkiyədən qızıl gətirərkən İstanbul hava limanında saxlanıldığını və üzərində olan təxminən 5 kiloqram qızılın müsadirə edildiyini deyib.
Mahmudbəylinin sözlərinə görə, həmin hadisədən sonra vəsaitlərin geri qaytarılmasının mümkün olmadığı bildirilib. Daha sonra isə onun sözlərinə görə, oxşar şəkildə başqa şəxslərin də zərər çəkdiyi barədə məlumatlar ortaya çıxıb.
Məsələ ilə bağlı mediaya danışan digər zərərçəkənlərdən Mirəli də Rüfət Qasımzadənin qızıl alqı-satqısı ilə məşğul olması görüntüsünün onlarda etimad yaratdığını bildirib.
Qalmaqalla bağlı Daxili İşlər Nazirliyinin açıqlamasında da vətəndaşların qızıl-zinət əşyalarının satışı adı ilə aldadılaraq pullarının ələ keçirilməsi barədə polisə müraciətlər daxil olduğu bildirilib.
Nazirliyin məlumatına görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıb, təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Onlar barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
Bununla belə, Yasamal Rayon Məhkəməsində hazırda baxılan iş həmin cinayət işi deyil.
Hazırkı prosesin diqqətçəkən tərəfi bu dəfə şikayətçi tərəfin Rüfət Qasımzadə olmasıdır. Dələduzluq iddiaları ilə bağlı cinayət işi üzrə adı keçən Rüfət Qasımzadə bu dəfə özü Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Yəni bir tərəfdən Rüfət Qasımzadə və digər şəxslərlə bağlı dələduzluq iddialarının araşdırılması davam edir, digər tərəfdən isə həmin qalmaqalda adı çəkilən şəxslərdən biri Elşən Mahmudbəylinin açıqlamalarını hüquqi müstəvidə mübahisələndirir. Bu isə işin artıq yalnız pul münasibətləri və biznes mübahisəsi çərçivəsində deyil, tərəflərin bir-biri barədə səsləndirdiyi ittihamların hüquqi qiymətləndirilməsi müstəvisində də davam etdiyini göstərir.
Qeyd edək ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Yasamal Rayon Məhkəməsində hakim Mirsadıq Seyidovun sədrliyi ilə araşdırılacaq.