İradə İbrahimova hansı səbəbdən doğum gününü unudulmaz edəcək?
3 Aprel 2015 12:16 MədəniyyətMilli estrada sənətində öz dəsti-xətti olan müğənni İradə İbrahimovanın aprelin 3-ü 35 yaşı tamam olur. Uşaq yaşlarından musiqini sevən və səsi ilə bir çox mahnılara həyat verən İradə xanımı dinləyicisi "Ümid" müsabiqəsindəki qalibiyyətindən sonra səhnəmizin bahar çiçəyi kimi sevməkdə davam edir. Bu sevgiyə dəyər verən İradə xanımın illərdir dinləyisinə təqdim etdiyi mahnıları aktuallığını itirmir.
Hazırda Türkiyədə olan və özəl gününü ailəsi və dostlarən əhatəsində qeyd edəcək sənətçimiz mətbuat üçün bunları dedi: "Doğum günüm bu axşam ailə içində qeyd olunacaq. Növbəti gün yaxın dotlarla bir araya gəlməyi düşünürük. Uşaqkən böyüməyə tələsirik. Yaş artıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır, deyə düşünürük. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası geriyə boylananda peşiman olmadan irəliyə doğru addımlaya bilməyimizdir.
Mən əksər doğum günümdə təmtəraqdan uzaq durmağa çalışmışam. Sakit gün keçirmək istəmişəm. Nə qədər dost, ailə təpkiləri olsa da, inadımdan dönməmişəm. Lakin bu yaşımda bir az fərqli düşünürəm. Ətraqfımda çoxlu insanlar olsun və sevincimi onlarla bölüşmək istəyirəm. 35 yaşımda elə dəyərli bir hədiyyə almışam ki, onu inşallah yaxın zamanlarda açıqlayacam. 35 yaş həyatımda bu səbəbdən unudlmayan rəqəm olacaq".
İradə xanım bu gün doğum gününü qeyd edən xalq artisti Firəngiz Mütəllibova, rəqqasə Fatimə Fətəliyeva və digər sənət dostlarını da təbrik etməyi unutmadı.