“Özümü rejissor kimi yoxlamaq istəyirəm”
Müdhət Aydın: “Adil İsgəndərov sağ olsaydı, indi teatrda fəaliyyət göstərirdim”
13 Mart 2015 17:14 MədəniyyətMüsahibimiz Lider telekanalında göstərilən 40 seriyalı "Durnalar qayıdanda" bədii televiziya filminin əsas qəhrəmanlarından biri, Hümbət rolunun ifaçısı, tanınmış aktyor Müdhət Aydındır.
-Müdhət müəllim, son zamanlar, tez-tez görünürsüz...
-İşimiz budur. Sənətimiz elə bir sənətdir ki, görünməyən kimi tamaşaçılarımız narahat olurlar.
-"Durnalar qayıdanda" televiziya filmi barədə bir neçə kəlmə deyərdiniz...
-Bu film Lider televiziyasında göstərildi. Filmin rejissoru Sirac Mustafayevdir. Çox maraqlı bir rejissordur.
-Son dövrün səsli-küylü seriallarındandır...
-Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin serialların inkişafı üçün ayırdığı vəsaitin həm bizim sənətin inkişafı, həm də cox rejissorların dolanması üçün bir amil oldu. Bilirsiniz, nə qədər yaradıcı heyət üzvü bu dəstəkdən qaynaqlanır.
-Çəkilişlər harda oldu?
-6 ay ərzində çəkilən bu filmin çəkilişləri Şamaxı, İsmayıllı, Buzovna qəsəbəsində oldu. Bu filmə 102-ə qədər peşəkar aktyor cəlb olundu.
- ANS telekanalında yayımlanan "Göyçək Fatimə" televiziya filmi barədə nə deyə bilərsiz?
-64 seriyası çəkilən "Göyçək Fatimə" televiziya filminin hələ 40 seriyası çəkilməlidir. Bu film də geniş tamaşaçı rəğbəti qazanıb.
-Teatra münasibətiniz necədir?
- Teatrda işləmək hər bir aktyorun arzusudur. Amma təəssüf edirəm ki, bu mənə qismət olmayıb. Mən İncəsənət İnstitutunun aktyorluq fakultəsini bitirmişəm, Adil İsgəndərov, Tofiq Kazımov, Nəsir Sadiqzadə kimi dahilərdən dərs almışam. Onlar sağ olsaydılar, şübhəsiz ki, mən teatrda fəaliyyət göstərirdim. Amma neyləyək, qismət...
-Müdhət müəllim, belə deyək ki, siz şanslı aktyorsunuz. Son zamanlar ekranda tez-tez görünən simalardan birisiz. "Sarı gəlin", "Təlatüm", "Gürzə", "Ünvansız eşq", "Dələduzlar", "Fosfor adam", "Gəl təzədən evlənək", "Üç görüş", "Qismət" adlı filmlərdə demək olar ki, baş rollarda çəkilmisiz.
- Mənimlə işləyən hər bir rejissor və ssenari müəlliflərinə özəlliklə minnətdarlığımı bildirirəm. Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, yazıçı-dramaturq Ənvər Seyidov, Ceyhun Şükrüoğlu, Cavid Təşəkküluna.
-Hansı bədii filmlərdə çəkilmisiniz?
- İlqar Salatın "Sahə", "Bakı, səni sevirəm", "İçəri şəhər" adlı filmində, bununla yanaşı Rövşən Almuradlının "Cavad xan" filmində Hüseynqulu xan rolunda çəkilmişəm.
- Sizi "Həyat çiçəyi" teleserialında da gördük...
-Hə, ATV kanalının sifarişi ilə çəkilən və 10 seriya yayımlanan bu film gürcü rejissor İrakli Anakidze tərəfindən çəkilib. Amma bu film 40 seriyadan ibarət olacağı halda bizə məlum olmayan səbəblərdən 10 seriya ilə bitdi.
-Mənə elə gəlir ki, özünüzün film çəkmək vaxtıdır...
-Hə. Hələlik özümü ssenaridə yoxladım. "Balta" qısametrajlı filminin ssenarisi mənə məxsusdur və bu filmin rejissoru Teyyub Teymuroğludur. Qısametrajlı film olmasına baxmayaraq maraqlı film alındı. Bu filmin baş rolunda Londonda təhsil alan bir tələbə Zamin Cəbrayılzadə çəkildi. Bu, Zaminin ekranda üçüncü işi idi. Çox maraqlı bir obraz yaratdı. Yəqin ki, Zaminlə bizim başqa yeni işlərimiz olacaq. Hal-hazırda "Müharibə" adlı ssenarimi başa çatdırmaq üzrəyəm.
-Son vaxtlar hansı teatr tamaşasına baxmısınız?
-Akademik Milli Dram Teatrında Gümrah Ömərin rejissorluğu ilə hazırlanmış Yunus Oğuzun "Nadir şah", bir də "Yuğ" teatrında "Naməlum Axundzadə" tamaşasına baxmışam. Bu tamaşanın da rejissoru Gümrah Ömərdir.
- Bu "Müharibə" filmini kim çəkəcək?
- Yəqin ki, özüm. Bu dəfə də özümü rejissor kimi də yoxlamaq istəyirəm.
-Son olaraq nə demək istərdiniz?
-Son olaraq mənimlə sıx əməkdaşlıq edən bir quruma- ATXƏM-ə və sədri İlham İsmayılova təşəkkür edirəm.
Zaur