Moskvada Nəriman Nərimanovla bağlı kitabın təqdimatı olub

Moskvada rusiyalı tarixçi-alim, qafqazşünas Rudolf İvanovun "Ölüm mübarizəsi. Məxfilikdən çıxarılmış arxivlər  Nəriman Nərimanovun Azərbaycanda bolşevizmin pozğunluqları ilə gizli mübarizəsinin sirlərini açır" adlı kitabının təqdimat mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), M.İ. Rudomino adına Dövlət Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimini ÜAK prezidentinin müşaviri Manaf Ağayev giriş sözü ilə açaraq N.Nərimanovun siyasi fəaliyyəti və şəxsiyyəti haqqında danışıb. M. Ağayev qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində Nəriman Nərimanovun 100 illiyi ilə bağlı tədbirlər keçirilib və Bakıda ona abidə qoyulub. Mərasimdə çıxış edən Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova tarixçi Rudolf İvanovun Azərbaycanın hərb tarixinin araşdırılmasında xüsusi xidmətləri olduğunu söyləyib və müəllifin çətin, ziddiyyətli, faciəvi, eyni anda zamanının parlaq şəxsiyyəti olan Nəriman Nərimanov haqqında kitabının əhəmiyyətini qeyd edib. E.Axundova N.Nərimanovun ölümü ilə bağlı həqiqətlərin uzun illər gizlədildiyini, yalnız ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində Nəriman Nərimanovun təqiblərə məruz qalması haqqında acı həqiqətlər xalqa çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31