“Mən ona, o da mənə ağlama deyirdi” – Həbsxana xatirələri
14 Sentyabr 2012 11:49 MədəniyyətBu günlərdə İranda həbsdən azad edilən azərbaycanlı gənc şair Fərid Hüseyn həbsxana xatirələrini "Qafqazinfo"ya göndərib. Fərid Huseynin həbs həyatı ilə bağlı xatirələrini sizə təqdim edirik.
Təcridxanada qalanda bizə xüsusi həbs paltarı vermişdilər, istəməsək də həmin paltarı geyinməliydik. Həbs həyatı boyunca ölkəndən, vətənindən, əzizlərindən, hətta əyninə doğmalaşan palatarlardan da olursan. Bizə xidmət etməkdə məsul olan şəxsdən dəfələrlə xahiş elədik:
- Bizi aparın heç olmasa paltarlarımıza kənardan baxaq, çünki burda bizim paltarlarımızdan başqa doğma heç nəyimiz yoxdu.
Amma, bu da mümkün olmadı. Həyat göstərdi ki, sən bir anın içində hər şeyini - hətta əynindəki paltarlarını da itirə bilərsən və ya hər şeyini əlindən ala bilərlər.
///
Şəhriyar romantik ovqatına xas olaraq hər gün bir şey arzu edirdi. Arzularının da çoxu həbsxana ilə bağlı idi. Məsələn, kaş indi kitablarım yanımda olaydı, kaş indi atamla 10-15 dəqiqə dərdləşə biləydim və sair və ilaxır. Bir sözlə, kaş, kaş, kaş... axırı bir gün "bezib" dilləndim:
- Şəhriyar, bir dəfə də denən ki, ay Allah, burdan çıxıb gedək. Orda - vətəndə hər şey bizimdi, burdasa ancaq nəyisə bizə verə bilərlər uzağı. Maşallah, sənin bütün arzuların elə burayla bağlıdı. Deyəsən, getmək barədə düşünmürsən...
///
Nişanlımla telefonla danışanda ağlayırdı, təbii ki, onun ağlar-göynər səsini eşidəndən sonra məni də ağlamaq tutdu. Amma ağlaya-ağlaya mən ona, o da mənə deyirdi: Ağlama.
///
Uzun müddət ailəmizlə telefonla danışa bilməyəndə, ağrılar və o müdhiş darıxmaq əzabı xirtdəyə yığılmışdı. Ancaq bütün bunlarla yanaşı hər dəfə qapadıldığımız otağın qapısı açılanda dik qalxırdıq, elə bilirdik ki, ailəmizlə danışmağa aparacaqlar. Lakin nəzarətçi tualet vaxtının yetişdiyini bildirirdi. Hər dəqiqə telefonla danışmaq üçün gözü dörd olan bizlər üçün tualetə "dəvət almaq" bədbəxtliyinin nə demək olduğunu isə yəqin Allahla bizdən özgə heç kəs tam təəsəvvür edə bilməz.
///
Həbs olunmamışdan bir gün əvvəl nişanlımla telefonla danışanda soruşmuşdum?
- Sənə nə alım?
- Sağ ol, heç nədən korluğum yoxdu, özün salamat gəl.
- Nəsə istəyirsənsə de.
- Hə, onda konfet al.
Konfeti aldım. Həmin axşam həbs olunduq. Sonra hər gün nəzarətçisi çantamdakı konfetləri gətirib özümə verirdi. Təbii ki, o konfetləri ağı kimi yeyirdik. Hər dəfə o konfeti yeyəndə gedə bilməmək əzabım birə-on artırdı. Şəhriyarsa həmin konfetlərin kağızlarından sevdiyi qızın adını yazırdı.
///
Qaldığımız otaqda xalının kənarında gəzinmək üçün iki boş yer var idi və biz həmin yerləri şərti olaraq, sevdiyimiz qızların yaşadığı küçələrin adını vermişdik: Süleyman Rəhmanov küçəsi və Əhməd Cavad küçəsi. Gəzinəndə də həmin dar "küçələrdə" gəzinirdik. Onu da deyim ki, "küçənin" birini səkkiz, digərini 12 addıma gəzib qurtarmaq olurdu. Yaddımdan çıxmamış deyim, bu romantik ideya Şəhriyara məxsus idi.
///
Hər dəfə həyatdan bezəndə, qəzəblənəndə Şəhriyara şair Salam Sarvanın misraları "kömək olurdu".
Kəndiri rezinmiş dar ağcanının,
Bəxtəvət başıma hələ dartılır.
Mənimsə yadıma: Marina Svetayevanın "mənim əvvəldən axıra it quyruğuna düyünlənmiş ömrüm..." cümləsi düşürdü...