İnsanın arxasınca deyilən hər sözün bir məsuliyyəti var- ÖZƏL

Etdiyimiz bütün yaxşı və pis əməllərə görə cavab verəcəyik. Hətta bu əməl zərrə qədər belə olsa". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bəs bu günahları necə düzəldə bilərik? Etdiyimiz səhvlərdən necə dönə, başqasının haqqına girmişiksə, bunu necə aradan qaldıra bilərik? Burada qarşımıza halallaşmaq məsələsi çıxır. Məsələn, siz kiminsə arxasınca danışırsınızsa, qeybət edirsinizsə, bu, insan haqqına toxunan bir əməldir.
Quranda bununla bağlı çox təsirli ayələr var. Hucurat surəsinin 11-ci ayəsində Allah-Təala buyurur: "Ey iman gətirənlər! Bir qövm digər bir qövmü məsxərəyə qoymasın. Ola bilsin ki, onlar bunlardan daha yaxşıdırlar. Qadınlar da digər qadınları məsxərəyə qoymasınlar. Ola bilsin ki, onlar bunlardan daha yaxşıdırlar. Bir-birinizi qınamayın və bir-birinizi pis ləqəblərlə çağırmayın..." (Hucurat, 49:11)

Ardınca Hucurat surəsinin 12-ci ayəsində buyurulur: "...Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz bundan iyrənərsiniz." Bu ayələr bizə çox mühüm bir həqiqəti xatırladır: kimisə məsxərəyə qoymaq, qınamaq, pis ləqəblə çağırmaq və arxasınca danışmaq adi davranışlar deyil. Təəssüf ki, bunlar cəmiyyətimizdə bəzən o qədər adiləşib ki, insanlar sözlərinin və davranışlarının mənəvi məsuliyyətini düşünmürlər.

Halbuki insanın arxasınca deyilən hər sözün bir məsuliyyəti var. Ona görə də insan həm dilinə, həm də əməllərinə diqqət etməli, başqasının haqqına girməməyə çalışmalıdır. Çünki bəzən bizə çox kiçik görünən bir söz belə, Allah qatında böyük bir məsuliyyətə çevrilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31