Azərbaycanın əməkdar artisti: "Aktrisa şou-biznesə getməməlidir" -
"Sevinirəm ki, mən heç bir zaman belə olmamışam".
7 Sentyabr 2012 08:04 MədəniyyətƏməkdar artist Kübra Əliyevanın Milli.Az-a müsahibəsi.
- Kübra xanım, özünüzü necə hiss edirsiniz?
- Şükürlər olsun ki, yaxşıyam. Sonuncu müalicəmi etdim, inşallah, iki aydan sonra yenidən müayinədən keçəcəyəm.
- Bugünkü tamaşaçılar yeni çəkilən seriallardan razı deyillər. Siz necə, yeni seriallara baxırsınız?
- İnanırsınız, bu gün çəkilən heç bir seriala baxmıram. Altı aydır, efirdə seriallar gedir, altı aydır ki, mən xəstəyəm. Amma baxanlar deyirlər ki, Kübra xanım, cəlbedici nələrsə var. Tahir İmanov da, bildiyiniz kimi, serial çəkir, xəstəliyimlə əlaqədar olaraq dəvəti qəbul edə bilmədim. Səhhətim axı imkan vermir kənddə bir ay çəkilişdə olum. Mən özüm də buna görə üzüldüm. İnanıram ki, Tahir bu gün çəkilən serialların qarşısına bir tuz qoyacaq (gülür).
- "Məhəllə" filmində yaratdığınız Südabə rolu həyatda sizə yaxın obraz idi?
- Aktyor həyatda gördüyü hər şeydən nəsə götürür. İnsan özü də həyatda bir obrazdır. Bu da həyatdan götürülmüş obraz idi. İndi məgər oğlunu şəkil ilə qız tapıb evləndirən, yaxud oğlunu görmədiyi bir qız ilə ailə həyatı qurmağa məcbur edən analar yoxdur? Mən də onlardan biri Südabə xalayam (gülür).
- Televiziya filmlərinə çox çəkilmisiniz, amma bunu bədii filmlərə aid etmək olmaz...
- Mən Adil İskəndərovun kursunda oxumuşam. İlk dəfə filmlə tanışlığım "Axırıncı aşırım"da oldu. Yadımdadır, bəy və Qəmlonun səhnəsini səhərə yaxın çəkirdilər, biz də kursumuzun uşaqları ilə çox həvəslə baxırdıq."Güllələnmə təxirə salınır" filmində də çəkildim, bu, ən çox sevdiyim flmlərdən biri idi. Sumqayıt Dram Teatrında dörd il çalışdım. Ondan sonra isə Musiqili Komediya Teatrına gəldim.
- Bədii filmlərə daha dəvət etmədilər, yoxsa siz gələn dəvətləri qəbul etmirdiniz?
- Hər şeyi açıq danışmağı xoşlayıram. Bir-iki dəfə sınaqda oldum, amma dəvət olunmadım. Sonralar isə dəvət edəndə mənim vaxtım olmurdu. Teatrda tamaşalarım çox olurdu. Bax beləcə filmdən uzaqlaşdım. Amma televiziya tamaşalarına çox çəkilmişəm.
- Bu gün telekanallarda belə tamaşaların çəkilməməsi sizə necə təsir edir?
- Bu gün telekanallar nədənsə müğənnilərə üstünlük verir. Teatra yanaşma məni qane etmir. Mən 16 il Musiqili Komediya Teatrında çalışdım, hər premyera vaxtı zal ağzına kimi dolu olurdu. İlyas Əfəndiyev məni Akademik Milli Dram Teatrına dəvət etdi, yadımdadır, "Tənha iydə ağacı" tamaşasını Heydər Əliyev adına Sarayda oynadıq, o qədər tamaşaçı gəlmişdi ki... Əvvəllər televiziyada teatra aid verilişlər üstünlük təşkil edirdi. Bu gün aktrisaları yalnız "itirdim səni, axtarma məni" kimi verilişlərə çağırırlar. Demirəm, çağırmasınlar, onlar da yaxşıdır, fikrimizi bildiririk. Amma istərdim ki, teatr haqqında da redaktorlar bir veriliş hazırlasınlar. Vallah, inanıram ki, tamaşaçılar oturub çox maraqla baxarlar.
- "Şirbalanın məhəbbəti" filmindəki rolunuz çox hökmlüdür...
- Bəli, bu filmdəki rolum çox hökmlü qadın, ana roludur. Ümbülnisə uşaqlarını çox sevir, onların gələcəyini fikirləşir. Mən Əzizə Cəfərzadənin "Analar" televiziya tamaşasında qəddar ananı oynamışam. Rəhmətlik Tofiq Zeynalov çəkmişdi. Bu tamaşada Ələkbər Hüseynov, Ətayə Əliyeva, Bəsti Cəfərova kimi sənətkarlarla tərəf-müqabil idim. Yaxınlarım bu tamaşaya baxandan sonra mənə deyirdilər ki, sən daha qəddar ana obrazını oynama (gülür). Əzizə Cəfərzadə bir qadın kimi həyatda sevdiyim insanlardan idi. Bundan sonra mən Vaqif İbrahimoğlunun "O olmasın, bu olsun" tamaşasında Sənəmi oynamışam. Yenə də Vaqif İbrahimoğlunun quruluşunda "Danabaş kəndinin əhvalatları" tamaşasında Zeynəb, Şərəf və Fatma kimi qadın surətlərini oynamışam.
- Həyatda necə, hökmlü qadınsınız?
- Nə deyim, həyatdır da. Çoxusu mənə yaxınlaşmağa belə qorxur. Amma sonra məndən ayrıla bilmirlər (gülür). Göz yaşım kirpiyimin ucundadır. İnsanda hökm də olmalıdır.
- Bildiyimə görə, teatrdan öz xoşunuzla ayrılmısınız. Bu, yaş həddi ilə bağlı olmayıb...
- Yaş məsələsi haqqında söhbət hələ getməmişdən əvvəl mən telekanalların birində demişdim ki, 60 yaşım olanda teatrdan ayrılacağam. Öz-özümə fikirləşdim ki, həkimlərə yaxınlaşmaq lazımdır. Nə yaxşı ki, çıxmışam. Yoxsa bir anda sönə bilərdim. Bizim nəsil teatrda pul üçün işləməyib, səhnəyə pula görə çıxmayıb. Mən o vaxt "Şirbalanın məhəbbəti" filminə çəkiləndə 120 rubl pul almışdım, evə gəlib o pulları elə sevinclə başımdan tökmüşdüm ki...
- Sənətdə olan aktrisalar haqqında bəzən şayiələr gəzir. Bu nə ilə əlaqədardır?
- Oğlum, bilirsiniz, aktrisa şou-biznesə getməməlidir. Əgər şouya gedəcəksə, istər-istəməz onun haqqında şayiələr yayılacaq. Ad çəkmək istəmirəm, bir-iki nəfər var. Amma aktyora, aktrisaya şou yaraşmır. Düzdür, əvvəllər də teatr daxilində olurdu ki, bir aktrisa digərinin yoldaşına ərə gedirdi, amma onlar bunu şou üçün etmirdilər. Müğənnilərə şou yaraşırsa, qoy etsinlər.
- Kübra xanım, xəyallara çox dalırsınız?
- Xəyallara dalıb bundan sonra nə edəcəyəm ki? (gülür) Gəncliyimdə də xəyallara dalmağa vaxtım olmadı. Xəyallar insana heç nə vermir.
- Nəvədən, nəticədən nə var?
- Beş nəvəm var, iki nəticəm. Nəticələrimdən birinin adı Can, o birisinin adı isə Ayladır. Uşaqlar məni çox sevirlər. Elə bir uşaq olmayıb ki, indiyə kimi mənim yanıma gəlməsin.
- Kübra xanım, nəyi etiraf etmək istəyirsiniz?
- Mən bu dəqiqə yalnız yaxşı istirahət etmək istəyirəm. Öz həkimlərimə dərin minnətdarlığımı bildirirəm. Mən əməliyyata girən zaman belə bir söz işlətdim ki, Kübra xanımın sığortası xalqının sevgisidir. Mən o xəstəxanada özümə qarşı çox hörmət görürəm.
- Son olaraq sənətinizdəki yeniliklərdən danışmağınızı istərdim...
- Sənətimdə hələ ki, bir yenilik yoxdur. Bir il yalnız istirahət edəcəyəm. Ölüm haqdır, Allah verən xəstəlik bir sınaqdır. Bir obraz üçün bir-biri ilə düşmən olmağa dəyməz. Sevinirəm ki, mən heç bir zaman belə olmamışam. Bütün kollektiv ilə çox mehriban olmuşam