“Mahmud və Məryəm” Türkiyədədir

Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə layihəsi olan "Mahmud və Məryəm" filminin çəkilişləri davam edir. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova "Azadinform"a açıqlamasında çəkilişlərinə Şəki şəhərində start verilən filmin avqustun 9-dan Türkiyədə Safranboluda lentə alındığını dedi: "Safranbolu İstanbuldan 5-6 saatlıq məsafədə yerləşən tarixi məkandır. Çəkilişlər gözəl gedir. Lakin Azərbaycandan ayrılandan sonra bütün yaradıcı heyət çox darıxdı. Orada 11 günlük gərgin çəkiliş prosesinə baxmayaraq, bütün heyət bir-birinə uyğunlaşdı, mehribanlaşdı. Hələ də yazışırlar, zəngləşirlər. Azərbaycanı çox sevdilər, xüsusən də bizim qonaqpərvərliyimizdən hələ də danışırlar". 
Sentyabrın 15-dən sonra isə ekran əsəri İstanbulda 8000 kvadratmetrlik böyük bir pavilyonda lentə alınacaq. Filmin çəkilişləri oktyabrın əvvəllərində bitəcək.
Məlahət Abbasova Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında tanınmış türk rejissoru Mehmet Ada Öztəkin quruluş verdiyi "Mahmud və Məryəm"i Hollivud filmlərinə bənzətdi. "Türklərin iş sistemi biz az bizimkilərdən fərqlidir. Onlar filmin çəkilişlərinə başlayırlar və bu film bitənədək gec-gündüz sıx iş qrafiki ilə çalışırlar. Plana görə, bu film 8 həftəyə bitməlidir. Bizimkilərin bu sistemə uyğunlaşması bəlkə bir az da çətin oldu. Mehmet bəy bütün səhnələr üzərində çox diqqətlə, incə işləyir. Aktyor oyunu, operator, rejissor işi, işıq sistemi, məkan, dekorasiya - hər şey mənə Hollivud filmlərini xatırladır".
Məlahət Abbasova filmin uğur qazanması üçün prodüser Sevda Kayqısızın əlindən gələni etdiyini də vurğuladı: "Məncə, bu film böyü səs gətirəcək. Sevda xanım onun dünyada uğur qazanmasına çalışır. O, ilk növbədə dastansayağı məhəbbət filmi çəkmək və dünya kino bazarına məhəbbət hekayəsi ilə çıxmaq istədi. Bu məqsədinə çatmaq üçün də düzgün yaradıcı heyət yaratdı. Əsəri oxuyan kimi heyran olan Mehmet bəy isə "Mahmut və Məryəm" ə görə Türkiyədə reytinq gətirən "Kuzey və Güney" filmindən imtina etdi".
Azərbaycan və Türkiyənin məşhur aktyorlarının yer aldığı ekran əsərində əsas rolları - Mahmudu Aras Bulut İynemli, Məryəmi qazaxıstanlı Eva Dedova, Ziyad Xanı Fəxrəddin Manafov, Qəmərbanunu  Məlahət Abbasova, digər rolları isə Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Melikov, Ufuk Şen, Cemal Hünal məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlar ifa edir. Filmin bəstəkarı Aygün Səmədzadədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31