Sabah Bakıda beynəlxalq konfrans başlayır
5 Sentyabr 2012 18:52 MədəniyyətSabah Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən \"İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm\" adlı beynəlxalq konfrans başalayacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, iki gün davam edəcək konfransda BMÜTT-nin baş katibi cənab Taleb Rifai, BMÜTT-nin məruzəçiləri, ekspertləri, İran İslam Respublikasnın Vitse-prezidenti, İran Mədəni irs və Turizm Təşkilatının (ICHTO) Sədri, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Litva və Pakistandan nazir və nazir müavinləri səviyyəsində qonaqlar, İspaniya, Koreya, Rusiya, Bolqarıstan, İsveçrə, Belçika, İtaliya, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Tayland, Fransa, Almaniya və Çinin milli turizm və turizm təşkilatlarının, həmçinin dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Konfrans İpək Yolu regionunun qida, kulinariya və mədəni turizm potensialının diqqət mərkəzinə çevrilməsinə imkan yaradacaq. Konfrans iştirakçıları kulinariya turizmi ilə yaxından tanış olaraq, İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar. ("OLAYLAR"İA)