Saxta sənədlə dövlət sərhədini keçmək cəhdinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti əməkdaşları xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısını alıb. DSX  mətbuat xidmətindən "Olaylar" a verilən məlumata görə, mayın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə doğurub, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib. Belə ki, "Dubay-Bakı" reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib.

"Bakı-Milan" reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.

"İstanbul-Bakı" reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib. Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31