Almaniyada şirkət direktoru olan Tomasın Bakıda başına gələnlər: 6,5 milyonu ələ keçirilib
22 May 2018 13:29 KriminalAlmaniya vətəndaşına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Ə.Yusifov özünü təqsirli bilmədiyini deyib. Yusifov deyib ki, Almaniya vətəndaşından alınan pulların bir hissəsini iş üçün Qazaxıstana göndərib. O, özünün də aldadıldığını iddia edib. Növbəti məhkəmə prosesi mayın 29-da davam etdiriləcək.
İttihama görə, Ələddin Yusifov 2005-ci ildə "QKSSS" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.
Məlumata görə, Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş "Airwerk" şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.
O, alman iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, onu biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faizi miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.
Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə "Texnikabank"da "QKSSS" MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb. Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, alman iş adamına qarşı külli miqdarda dələduzluq edib.
Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Ələddin Yusifovun barəsində olan cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.