Dövlət büdcəsi: iqtisadiyyatın güzgüsü (nəticə) yoxsa iqtisadiyyatı formalaşdıran siyasət (səbəb)?- ÖZƏL
15:33 İqtisadiyyatBaşlıqda qoyulmuş suala bu yazının son cümləsində cavab tapmağımız üçün 2026-cı ilin dövlət büdcəsi layihəsinə bir neçə müxtəlif prizmadan (fiskal siyasət dərya kimi geniş və dərin olduğu üçün bir məqalədə çoxsaylı müxtəlif prizmalardan baxış mümkün deyil), o cümlədən makroiqtisadi prizmadan baxaq.
Əvvəla, dövlət büdcəsi iqtisadiyyatın güzgüsüdür. Kifayətdir ki, bu güzgünü bütün təhlil komponentlərini düzgün tətbiq edərək oxuya bilək. Rəsmi olaraq bildirilir ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2 faiz çoxdur. Birinci sual budur ki, bu artım çoxdur, yoxsa azdır? Ölkədə inflyasiyanın 2025-ci ilin sonuna rəsmi olaraq, vurğulayıram ki, rəsmi olaraq 5% ətrafında gözlənildiyini (2026-cı ildə də rəsmi olaraq həmin göstərici ətrafında olacağını nəzərə alsaq iki ilin kumulyativ təsirinin daha çox olacağını da görürük) nəzərə alsaq növbəti 2026-cı ilin dövlət büdcəsinin gəlirlərinin cəmi 67 milyon manat (0.2%) artımı şübhəsiz ki, azdır. Səbəblər aydındır. Neftin büdcədə 2025-ci ilin 70 dollar səviyyəsindən 5 dollar az, yəni 65 dollar həddində proqnozlaşdırılması büdcənin gəlirlərinə öz təsirini təəssüf ki, göstərir. (Arayış: Əslində, neft fondu amilini və digər önəmli nüansları nəzərə alsaq bu təsir bu qədər güclü olmamalı idi.). Lakin, artımın tərkib hissələrinə baxdıqda ən çox diqqət çəkən məqamın fiziki şəxslərin gəlir vergisi üzrə proqnozun 2025-ci ilə nisbətən 29.05%, yəni 577.8 milyon manat artıq olduğunu görürük. Əgər biz 2026-cı ilin büdcəsinə də 2025-ci ilin büdcəsində olan yanaşmanı (özəl sektorda 8000 manata qədər maaşlar üçün tətbiq olunan vergi güzəştlərinin davam etməsi) tətbiq etsək o halda 2026-cı il dövlət büdcəsinin gəlirləri 577.8 milyon manat - 67 milyon manat (gəlirlərin artım məbləği) = 518.8 milyon manat (1.35%) azalmış olardı. Yuxarıda qeyd etdiyim hərtərəfli təhlil komponentlərindən biri də vahid yanaşmanın tətbiqinin pozulması, səbəbləri və nəticələrinə obyektiv yanaşmanın təmin olunmasıdır.
(Arayış: diqqətçəkən məqamlardan biri də budur ki, İqtisadiyyat Nazirliyi özəl sektorda 7 il müddətinə fiziki şəxslərin gəlir vergilərinə tətbiq olunan vergi güzəştlərinin yeni əmək müqavilələrinin imzalanması, şəffaflaşma və nəticədə maaşlarda yaranan əlavənin makroiqtisadiyyata multiplikativ effektini ölçüb təqdim edə bilmədi. Müəyyən rəqəmlər səsləndirilsə də, əhatəli təhlil nəticələri deyildi. Mən dataların çatışmazlığı, kirliliyi kimi məsələləri bilirəm. Amma fərqli yanaşma və təhlil metodları ilə daha dəqiq nəticələr ortaya qoyula bilərdi).
Deməli, vəziyyətin eyni templə davam etdiyi ehtimalı ilə senari testi aparsaq, 2027-ci ilin büdcə gəlirlərinin azalma meylli olduğunu görürük. Vurğulayaraq söyləyirəm ki, eyni templə davam etsək və nəzərə alaq ki, neftin də qiyməti 65 dollar olaraq müəyyən olunub, o halda eyni templə davam etmə ehtimalının özü də azalır və zəifləmə (daralma) ehtimalı yüksəlir.
Bir məqalədə geniş və hərtərəfli təhlilə yol vermək mümkün olmadığı üçün sadəcə bir-iki istiqamət üzrə davam edək. Təhlillər göstərir ki, 2025-ci ilin ilk 8 ayında cəmi 1%-lik iqtisadi artım göstəricisi il sonunda 2025-ci il üçün nəinki artacaq, hətta mənfi, azalma (daralma) göstəriciləri ilə əvəz olunması ehtimalı yüksəkdir. Bu bizi əlbəttə narahat edir. Amma ən çox narahat etməli olan məsələ bu daralmanın özündən sonra, yəni 2026-cı ildə genişlənmə ilə əvəz olunacağı, yoxsa 2026-cı ildə daha sürətli, dərin və geniş daralmaya səbəb olub olmayacağıdır. Qeyd edim ki, daralma da genişlənmə kimi öz-özünü sürətləndirən prosesdir. Bunun səbəbləri və hansı ehtimalın yüksək olmasına bir neçə senaridə baxaq:
1) Vergi güzəştlərinin ləğvi müzdlu müqavilə ilə işləyən əhalinin (maaşlar artmadığı və qeyd etdiyim kimi mövcud vəziyyətin davam etdiyi təqdirdə) nominal gəlirlərini 2026-cı ildə azaldacaq. Bu isə pulun multiplikativ effektini də nəzərə alsaq biznes mühitində, dövriyyədə azalmalara səbəb olacaq.
2) Vergi güzəştlərinin ləğvinin pensiya fonduna ödənişlərin azalması isə daha uzun perspektivdə DSMF-nin gəlirlərinə, əhalinin isə pensiyasına mənfi təsir göstərəcək;
3) Vergi güzəştlərinin ləğvinin biznes mühitinə mənfi təsirini və formalaşacaq riskləri yumşaltmaq üçün indidən müvafiq tədbirlərin düşünülüb elan edilməsinə ehtiyac var;
4) Büdcə xərcləmələrinin iqtisadiyyatın böyüməsi və ya kiçilməsinə təsirləri bir neçə amildən asılıdır. Burada şəffaflıq, səmərəlilik (bəzən eyniləşdirilsə də şəffaflıq və səmərəlilik çox fərqli anlayışlardır. Siz pulu rəsmi və şəffaf xərcləyərsiniz, lakin səmərəli xərcləməzsiniz), büdcə geridönüşlərinə nəzarət, hesablanması, təmini və digər amillər əsas rol oynayır;
5) 2-ci bənddə qeyd olunan amillərin təmini büdcə xərcləmələrinin səmərəliliyini artırar, lakin iqtisadiyyatın böyüməsi üçün kifayət etməz. Bunun üçün isə genişləndirici fiskal siyasət yürüdülməlidir. Məsələn, daha çox yubanma (lag) effekti ilə iqtisadi artıma (yəni nəticəni həmin il deyil, növbəti illərdə hiss edərsiniz) yönələn investisiya xərcləri, yoxsa cari və növbəti illərdə büdcəyə yük yaradan xərclərin olması (öncəki yazımda bu mövzuya qısa toxunmuşdum), büdcədə investisiya üçün nəzərdə tutulan vəsaitə əlavə olaraq büdcə kəsirinin bağlanması üçün borclanmaların və qənaət olunan vəsaitlərin müxtəlif konkret və şəffaf özəl biznes layihələrinə transferi (müəyyən müddətdən sonra dövlətin geri çəkilməsi şərti ilə ilkin mərhələdə dövlətin birbaşa nəzarətedici funksiyasını təmin etmək məqsədilə iştirakı şərti də ola bilər). Əks halda daralma daha da arta bilər;
6) Təbii inhisar subyektlərinin öz büdcələrindəki kəsirləri azaltmaq (bir çox hallarda bu kəsirlər səmərəsiz fəaliyyətin nəticəsində meydana çıxır) və ya daha çox gəlir əldə etmək məqsədilə qiymət artımlarına yol vermələri. Bunlar da digər sektorlara təzyiqi artıra, iqtisadi dəyər itkisi formalaşdıraraq iqtisadi daralmanı artıra bilər;
7) Büdcə gəlirləri azalmağa başladıqda bu gəlirlərin artması üçün düşünülən tədbirlər, əlavə qaynaqların formalaşdırılması, vergi, rüsum və cərimələrin artırılması iqtisadi dəyər itkiləri kimi növbəti dövr(lər)də iqtisadi daralmaları şərtləndirir. Fiskal siyasətdə təkcə xərc istiqamətləri deyil, gəlir mənbələrinin də formalaşdırılması üsulları makroiqtisadi göstəricilərə birbaşa mənfi və ya müsbət təsirlərini göstərir;
Fiskal və monetar siyasətlər bir-birlərini tamamlayacaq, yoxsa indiyə qədər bir çox illərdə olduğu kimi əks istiqamətdə olmaqla bir-birlərinin müsbət təsirlərini zəiflədəcək? Növbəti ildə iqtisadiyyatda daralma və ya genişlənmə olub olmayacağı bu suala veriləcək cavabdan da asılıdır;
9) Və sair, və sair, və sair...
Deməli, məsələ keçən ilə nisbətən büdcənin hansı xərc və ya gəlirlər maddəsinin neçə faiz artıb neçə faiz azalmasından daha çox həmin maddələrə olan yanaşmaların nə dərəcədə dəyişib dəyişməyəcəyidir.
Hazırda həm fiskal, həm monetar, həm gömrük siyasətlərini diqqətlə izləyən bir iqtisadçı kimi səmimi olaraq qeyd edim ki, Maliyyə Nazirliyinin büdcə xərcləmələrinə yanaşması təqdirəlayiqdir, gələcəyə yönümlü ciddi ümidlər formalaşdırır. Maliyyə Nazirliyi yeni yanaşmaları tətbiq etməyə başladığı 2025-ci ildən istifadə edərək xərcləmələrə nəzarəti artırır, yeni sistem formalaşdırmağa (qısaca olaraq öncəki yazıda qeyd etmişdim) və səmərəliliyi artırmağa çalışır. Bütün bunları həyata keçirərkən müəyyən qənaət rejimini tətbiq etməyə məcbur oldu. Müəyyən istiqamətlərdə qənaətlərin artacağı, nəzarətin güclənəcəyi qaçılmazdır və davam edəcəyi əlbəttə gözləniləndir. Lakin, fiskal siyasətin incəliklərindən biri də budur ki, bəzi istiqamətlərdə tətbiq olunan qənaət rejimi dövlətə və iqtisadiyyata töhfə versə də, bəzi istiqamətlərdə tətbiq olunan qənaət rejimi isə uzunmüddətli və davamlı olması iqtisadiyyatın müəyyən sahələrində, biznes mühitində və pul dövriyyəsində kiçilmə və müəyyən qayğıların formalaşmasına səbəb ola bilər. 2025-ci ildə büdcə xərcləmələri və siyasətinə müəyyən yeniliklər, yeni sistem, şəffaflaşdırma, nəzarət və qənaət kimi təqdirəlayiq prinsiplərin tətbiqinə çalışan Maliyyə Nazirliyinin qarşısında duran ən çətin vəzifə də məhz budur: həm bu prinsipləri davam etdirmək, həm növbəti illərin büdcə gəlirlərini təmin edəcək fiskal addımlar atmaq, o cümlədən iqtisadiyyatın böyüməsinə xidmət edən genişləndirici siyasət yürütmək, həm də bu genişləndirici siyasətin inflyasiya və məzənnə təzyiqi formalaşdırmaması üçün monetar siyasət daxil olmaqla iqtisadi siyasət yürüdən qurumlarla koordinasiyalı fəaliyyət göstərmək, bir çox hallarda isə bu koordinasiyanın təşəbbüskarı və nəzarətçisi funksiyasını üzərinə götürmək. Bu 3 önəmli strateji xəttin müvəffəqiyyətli icrası fiskal siyasətimizin sadəcə olaraq iqtisadiyyatın güzgüsü rolunu oynamaqdan çıxaraq həm də iqtisadiyyatı formalaşdıran amillərdən birinə çevrilməkdə öz önəmli rolunu oynayacaq!
Elman Sadıqov
İqtisadçı ekspert