Faiz dəhlizini aşağa salmaqla infilyasiyanın qarşısını almaq mümkün olacaqmı?
2 Sentyabr 2022 10:04 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində sentyabrın 1-dən faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bəndi azaldılaraq 6,25%-dən 4%-ə endirilməsini qərara alıb. Buna əsas kimi göstərilir ki, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri edib. Belə ki, qiymətləndirmələr göstərib ki, faiz dəhlizi parametrlərinə dəyişiklik etmədən yeni alətlərin tətbiqi pul bazarındakı faizlərdə kəskin dəyişkənliyə səbəb ola bilər. Bank sektorunda mövcud olan struktur profisiti şəraitində banklararası bazarda qısamüddətli faizlər, eləcə də bəzi müddətlər üzrə notlar və dövlət qiymətli kağızlarının gəlirliyi AMB-nin faiz dəhlizinin aşağı həddindən əhəmiyyətli aşağıdır. Ona görə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində AMB-nin faiz dəhlizinin aşağı həddinin sabahdan 4% səviyyəsində müəyyən edilməsi qərara alınıb. Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılıb. AMB qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq AMB-nin faiz dəhlizinin eni daraldılacaq.Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaq ki, bu da pul bazarında faizlərin uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir.
Maraqlıdır, Azərbaycanda pul siyasətinin dəyişdirilməsilə bağlı belə bir qərarın qəbul edilməsinə nə dərəcədə ehtiyac var idi? Mərkəzi Bankdan bildirilib ki, AMB-nin pul siyasətinin əsas məqsədi ölkədə qiymət sabitliyini, başqa sözlə inflyasiyanın aşağı səviyyədə qorunmasını təmin etməkdən ibarətdir. Çünki, aşağı inflyasiya istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühit deməkdir: "Qiymət sabitliyi sahibkarlara və ev təsərrüfatlarına imkan verir ki, onlar öz planlarını əminliklə və daha uzunmüddətli dövrə tərtib etsinlər. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Stabil aşağı inflyasiya gəlirlərin və yığımların dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır".
AMB-dən o da bildirilib ki, bütün bunlar da iqtisadi artıma və maliyyə sabitliyinə müsbət təsir edir. Pul siyasətinin son hədəfi olan inflyasiyanı ölçmək üçün istehlak qiymətləri indeksindən istifadə olunur: "Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən bütün zəruri tələbat malları və xidmətlərin daxil edildiyi istehlak səbəti əsasında hesablanaraq ictimaiyyətə təqdim olunur. Əhalinin rifah səviyyəsindən və istehlak bazarındakı tendensiyalardan asılı olaraq istehlak səbətinə daxil olan məhsul və xidmətlər dəstinə vaxtaşırı baxılır. Mərkəzi Bankın inflyasiya üzrə hədəfinin kəmiyyət parametrləri növbəti il üçün müəyyənləşdirilərək ictimaiyyətə açıqlanır. İllik hədəf istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi (və ya 12 aylıq inflyasiya) üzrə müəyyən olunur. Son hədəf əsasında pul siyasətinin aralıq və əməliyyat hədəfləri müəyyən olunur. Perspektivdə inflyasiyanın hədəflənməsi rejiminə keçidlə başlıca əməliyyat hədəfi olaraq banklararası pul bazarındakı qısamüddətli faizlərdən istifadə etmək nəzərdə tutulur".
Alim