Bakı-Bişkek münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub- ÖZƏL
11:36 Siyasət"Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də Türk dünyası, Mərkəzi Asiya respublikaları ilə əlaqələri inkişaf etdirmək, bu münasibətləri günün tələblərinə uyğun qurmaqdır. Bu gün Bakı region ölkələrinin hər biri, eləcə də Qırğızıstanla qarşılıqlı faydalı əməkdaşlıq qurur, bu əməkdaşlığı yeni bir mərhələyə daşıyır". Bunu Olaylar -a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Bakı ilə Bişkek təkcə ikitərəfli deyil, çoxtərəfli formatda da, Türk Dövlətləri Təşkilatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və s. səviyyələrdə bu əməkdaşlığı davam etdirir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana baş tutan dövlət səfəri Bakı-Bişkek münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə keçidi baxımından əhəmiyyətli hesab edilə bilər. Xüsusilə, səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşün nəticəsi olaraq imzalanan
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə bu münasibətləri hər iki ölkə üçün keyfiyyətcə yeni mərhələyə daşıyacaq.
Sözügedən müqavilənin Azərbaycan üçün faydalarına gəldikdə, deyə bilərəm ki, bu müqavilə Bakı üçün ilk növbədə siyasi, təhlükəsizlik, iqtisadi və geostrateji dividendlər vəd edir.
Bu həm də strateji münasibətlərin göstəricisidir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan və Qırğızıstanın münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsində idi və iki ölkə arasında 100-dən çox ikitərəfli sənəd mövcuddur.
Azərbaycanla Qırğızıstan arasında imzalanmış müttəfiqlik müqaviləsi həm də Azərbaycanın
Türk dövlətləri daxilində mövqenin güclənməsi baxımından əhəmiyyətli hesab edilə bilər. Bu müttəfiqlik Azərbaycanın Mərkəzi Asiyadakı tərəfdaşları ilə əlaqələrini daha da inkişaf etdirir və Türk dövlətləri arasında siyasi koordinasiyanı artırır.
Müttəfiqlik müqaviləsi nəqliyyat və logistika əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan Orta Dəhlizin əsas həlqələrindən biridir. Qırğızıstanla yaxınlaşma Xəzər üzərindən Mərkəzi Asiya-Qafqaz-Avropa marşrutlarının inkişafına və yük dövriyyəsinin artmasına töhfə verə bilər".