Azərbaycan-Qırğızıstan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası və Qırğız Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir, iki ölkə arasında Dövlətlərarası Şura fəaliyyət göstərir. Azərbaycan və Qırğızıstan arasında ali səviyyədə fəal siyasi dialoq qarşılıqlı maraq doğuran əməkdaşlığımızın davamlı şəkildə inkişafına öz töhfəsini verir. Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşa edilən orta məktəb xalqlarımız arasındakı qardaşlıq bağlarının ən bariz təcəssümü kimi dəyərləndirir.

Milli maraqların beynəlxalq səviyyədə müdafiəsi

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq bərabərhüquqlu, ikitərəfli səviyyədə inkişaf etməklə yanaşı, beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də davam etdirilir. Etiraf edilməlidir ki, hazırki şəraitdə bu əməkdaşlıq geniş perspektivlərə malikdir. Belə ki, Azərbaycan-Qırğızıstan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. Hər iki ölkə xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir və beynəlxalq platformalarda bir-birini dəstəkləyir.

İqtisadi əməkdaşlığa açılan yol 

Xüsusilə qeyd edilməlidir ki, hər iki dövlət başçılarının qarşılıqlı səfərləri mövcud əməkdaşlığın inkişafına təkan verməkdədir. Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına səfəri də iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Əvvala qeyd edək ki, sözügedən səfər ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə daha da təkan vermiş olur. Daha dəqiq, bu səfər iki ölkə arasında siyasi dialoqun daha da güclənməsinə, qarşılıqlı etimadın artırılmasına və uzunmüddətli əməkdaşlığın genişlənməsinə xidmət edir. Dövlət başçısının səfəri həmçinin iqtisadi əlaqələrin genişləndirilməsinə tədir göstərmiş olur. Nəzərə alaq ki, səfər zamanı imzalanan sənədlər ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayır. Bu baxımdan, investisiyaların təşviqi, nəqliyyat və logistika layihələrinin inkişafı səfərin əsas istiqamətlərindən hesab olunur. Xüsusilə Orta Dəhliz üzrə əməkdaşlığın genişlənməsi hər iki ölkə üçün yeni imkanlar yaradır. 

Yeni əməkdaşlıq imkanları genişlənir

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan Azərbaycan və Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki dövlət arasında hərtərəfli münasibətlərin inkişafına təkan verəcəyi şübhə qoğurmur. Nəzərə alınmalıdır ki,  müqavilənin əsas mahiyyəti münasibətlərin yeni mərhələyə yüksəlməsinə xidmət edir. Konkret olaraq, müqavilə Azərbaycan-Qırğızıstan əlaqələrini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırır. Belə ki, sənəd ölkələr arasında siyasi əməkdaşlığın daha da dərinləşdirilməsinə səbəb olacaq. Çünki, sənəddə tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərdə sıx məsləhətləşmələr aparmaq və əməkdaşlığı gücləndirmək niyyətini təsdiqlədilər. Müttəfiqlik müqaviləsi həm də Azərbaycanın Türk dünyasının inteqrasiyasına dair geostrateji baxışının mühüm halqasıdır. Türkiyə ilə Şuşa Bəyannaməsi, Qazaxıstan və Özbəkistan ilə analoji müttəfiqlik sənədlərindən sonra Bişkeklə bu formatın tamamlanması Türk Dövlətləri Təşkilatı çərçivəsində ikitərəfli dayaqları daha da möhkəmləndirir. Bu baxımdan, müttəfiqlik müqaviləsi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da güclənməsinə töhfə verən mühüm siyasi addım kimi qiymətləndirilir.
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31